Məhkəmə qərarları › İş №2(006)-1886/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1886/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1886/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh gəlinidir. İddiaçı Cavabdeh oğlu X4 ilə xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurublar. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlarında övladları dünyaya gəlmişdir. İddiaçı ilə Cavabdeh arasındakı məhkəmə mübahisəsi Bakı şəh., Xəzər ray., Şüvəlan qəs., Yeni yaşayış massivində yerləşən yaşayış sahəsidir. İddiaçı 2013-cü ildə ailə həyatı qurarkən məhz Bakı şəh., Xəzər ray., Şüvəlan qəs., Yeni yaşayış massivində Cavabdeh adına olan torpaq sahəsində inşa olunmuş yarımtikiliyə gəlin köçmüşdür. Daha sonra, yəni İddiaçı həmin yaşayış sahəsinə gəlin köçdükdən sonra sözügedən yaşayış sahəsinin ikinci mərtəbəsinin də tikintisi başa çatdırılmış, təmir etdirilmiş və həyətyanı sahə abadlaşdırılmışdır. Hazırda 7 ildən çoxdur ki, İddiaçı həmin yaşayış sahəsində yaşayır. Sözügedən yaşayış sahəsinin tikilib, qurulub başa çatdırılmasında İddiaçı böyük səyi və əməyi vardır. İddiaçı övladları da anadan olandan anası ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. Cavabdeh 2004-cü ildə ərindən boşanıb. O, 2009-cu ildə Almaniya Federativ Respublikasına köçüb getmişdir. Cavabdeh sonuncu dəfə Azərbaycana 2018-ci ildə gəlmiş, elə həmin ildə də Almaniyaya qayıtmışdır. Cavabdehin oğlu X4 2014-cü ildən Rusiya Federasiyasına gedib-gəlir. O, Azərbaycandan sonuncu dəfə 2019-cu ildən getmişdir. Son günlərdə Cavabdeh İddiaçı sözügedən yaşayış sahəsindən çıxarmaqla hədələyir. Cavabdeh Mütəllimova X1 şikayət ərizəsi göndərməklə polisin vasitəsilə İddiaçı yaşadığı evdən çıxarmağa çalışır. Halbuki, cavabdehin bu şikayəti əsassızdır. Əvvəla, sözügedən yaşayış sahəsi özbaşına tikilidir. İkinci bir tərəfdən, sözügedən yaşayış sahəsinin tikintisi Cavabdeh 2009- cu ildə Azərbaycandan çıxıb getdikdən sonra başlamışdır. İddiaçı həmin yaşayış sahəsinin tikilibqurulmasında, abadlaşmasında, əsaslı təmir olunmasında böyük əməyi vardır. Digər tərəfdən, İddiaçı himayəsində iki azyaşlı, körpə uşağı var. Belə bir zamanda onun övladları ilə birlikdə gedəcəyi bir yeri yoxdur. Bu səbəbdən də iddiaçının yaşayış sahəsindən istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edimişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Eyni Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. İddiaçı da bu halı təsdiq edir. Məhkəmə iş materiallarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi tikili- Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yaşayış sahəsi özbaşına tikili olduğuna görə həmin tikilinin hüquqi statusu yoxdur. Göründüyü kimi tikili özbaşına (qanunsuz) olduğundan cavabdehin də həmin tikiliyə dair istifadə hüququ tanına bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar