Məhkəmə qərarları › İş №2(006)-1887/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1887/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1887/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunxx xxxxxxxx 1947-ci ildə Ağdam şəhərində doğulmağı və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadının “Qasımova”, adının “Elmira”, ata adının “Behbud”, doğum tarixinin “xx xxxxxxxx 1947-ci il”, doğum yerinin “Ağdam şəhəri”, ata qrafasında “atası X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X2, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1947-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, şəxsi işlərini həll etmək üçün ona məxsus sənədləri də özü ilə götürmüş və getmək istədiyi yerə getmək üçün avtobus dayanacağına gələn zaman orada halı pisləşmişdir. O, bundan sonra olduğu yeri tərk edib oradan uzaqlaşmış və bir müddət sonra üzərində olan sənədlərin yerində olmadığını anlayıb geri qayıdanda sənədlərinin orada olmadığını görmüşdür. Həmin sənədlərin itirilməsi barədə X5 məlumat vermişdir.Həmin sənədlərin içində o, doğum haqqında şəhadətnaməni də itirmişdir. Hazırda həmin şəhadətnamənin surəti ondadır. O, doğum haqqında şəhadətnamənin surətini Maraqlı şəxsnə təqdim edərək, ona təkrar doğum haqqında şəhadətnamənin təqdim edilməsini xahiş etmişdir. Lakin ordan ona bunun mümkün olmayacağını bildirilərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, ailə qurarkən soyadı “Qasımova” olmuş, nikahdan sonra soyadı dəyişilərək “Nəbiyeva” olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə ondan asılı olmayan səbəblərdən itirilmişdir və buna görə də onun doğumu haqqında akt qeydi məhkəmə qaydasında bərpa edilməlidir.Həmin sənədin olmaması ona lazım olan sənədləri almaqda çətinlik törədir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir; Məhkəmə ərizəçininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir; İş materiallarında olan Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. İş materiallarında olan xx xxxx 1963-ci il tarixdə Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, QasımovaElmira Behbud qızı xx xxxxxxxx 1947-ci il tarixdə Ağdam şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 1947-ci il tarixdə 274 № ilə qeyd edilmişdir. Atası X4, anası X1r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 05/Q-362/75 saylı məktubdan görünür ki, Ərizəçi doğumu Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1947-ci il tarixdə tərtib edilmiş 274 saylı doğum haqqında akt qeydi ilə qeydiyyata alınmışdır. Müvafiq akt qeydində uşaq haqqında məlumat qrafasında vətəndaşın soyadının “Abdullayevə” göstərildiyi, ata haqqında məlumatların yazılmadığı halda, xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətində soyadı “Qasımova”, ata haqqında məlumat qrafasında “X4” yazılmışdır.Belə ki, vətəndaşın iddia tələbi doğum haqqında akt qeydinin bərpa edilməsi deyil, doğum haqqında akt qeydinə dəyişiklik edilməsi və ata haqqında məlumatların əlavə edilməsi barədə olmalı idi. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilmə faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə müraciət edilməsinə yalnız o hallarda yol verilir ki, həmin qeydlər ərizəçi tərəfindən əldə edilə bilməsin (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən qeydin verilməsindən hər hansı səbəbdən imtina olunduqda) və ya onlar bərpa etmək mümkün olmasın (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və s. nəticəsində arxivin məhv olması və s. səbəbdən). Ona görə də məhkəməyə müvafiq xahişlə müraciət edən şəxs doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeydini əldə etməyin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədi (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməyin mümkün olmamasına dair arayışını) təqdim etməlidir. Hazırkı halda isə iş materiallarına vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın belə məzmunda arayışı əlavə edilməmiş, eyni zamanda Maraqlı şəxs tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 05/Q-362/75 saylı məktubda, ərizəçinin doğumunun Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1947-ci il tarixdə tərtib edilmiş 274 saylı doğum haqqında akt qeydi ilə qeydiyyata alındığı bildirilmişdir. Göründüyü kimi ərizəçinin doğum haqqında akt qeydi mövcud olduğuna görə onun "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsinə məhkəmədə baxıla bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar