Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1890/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 1500 manat məbləğində maddi və 1500 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları 11.06.2020-ci il tarixdə İddiaçı oğlunun müvəqqəti yaşadığı ünvan 1 ünvanına gələrək elektrik plombunu sonuncunun gözü qarşısında qırmış, etiraz etdikdə problemin aradan qaldırılacağı bildirilmişdir. Sonradan isə cavabdeh qurumun əməkdaşları rüşvət almaq məqsədilə (əlli manat) iddiaçının ünvanına gələrək qanunsuz olaraq 111 manat 88 qəpik cərimə yazmış, aralarında mübahisə yaranmış və iddiaçını təhqir etmişlər, bununla əlaqədar olaraq iddiaçı polisə və prokurorluğa müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşları iddiaçıdan yazılan cərimənin ödənilməsini hər gün tələb etmiş, əsassız olan cərimə ödənilmədiyindən elektrik verilişini kəsmək üçün yaşadığı ünvana gəlib darvazanı təpikləmiş, iddiaçı evdə olmadıqda həyətdə olan azyaşlı nəvələrini qorxutmuşlar. O cərimə borcunun silinməsi tələbi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 28.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilməmişdir. İddiaçı adına yazılmış 111 manat 88 qəpik cərimənin silinməsi barədə müvafiq məhkəmə qətnamələri mövcud olsa da "xxxx" ASC-nin əməkdaşları yenidən heç bir əsas olmadan dəfələrlə İddiaçı 111 manat 88 qəpik cərimənin ödənilməsini tələb etmiş və rəsmi qaydada iddiaçıya müraciət göndərmiş, hətta elektrik enerjisinin kəsiləcəyi ilə hədələmişlər. Cavabdeh qurumun əməkdaşları iddiaçını əsassız işindən ayırmış, sərbəstliyini məhdudlaşdırmış, əsəb və stress keçirməsinə, ailə üzvlərinin narahatlığına səbəb olmuş, işgüzar nüfuzuna zərər vuraraq, onu oğru olmaqda ittiham etmişlər. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edib, izahatında bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən haqsız olaraq yaşadığı evə gələn elektrik verilişinin kəsilməsi səbəbindən dəfələrlə poçta, polisə və məhkəməyə getmək üçün yol xərci çəkməsi və işindən ayrılması ilə əlaqədar 1500 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda cavabdeh qurumun əməkdaşları tərəfindən dəfələrlə təhqir edildiyindən, bir istehlakçı kimi fasiləsiz elektrik enerjisindən istifadə hüquqları kobud şəkildə pozulduğundan özünün və ailə üzvlərinin narahatlığına səbəb olmuş, mənəvi sarsıntı keçirməsi, işgüzar nüfuzuna zərər vurulması, hətta oğru olmaqda ittiham edilməsi ilə əlaqədar 1500 manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, bildirdi ki, iddiaçının təmsil etdiyi qurumun əməkdaşları tərəfindən dəfələrlə təhqir edilməsi barədə mülahizələri əsassızdır, iddiaçının qeyd etdikləri ilə bağlı hər hansı bir hal mövcud olsaydı polis orqanları tərəfindən aparılan araşdırmadan sonra zəruri tədbirlər görülərdi. İddiaçı məhkəməyə etdiyi müraciətlərin nəticəsiz qaldığını görüb yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə araşdırmaları zamanı yaşadığı evinə gələn elektrik verilişinin kəsildiyini bildirsə də, bununla bağlı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının tələblərinin əsassız olmasını nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. . Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC-nin 19.10.2020-ci il tarixli xəbərdarlıq sənədindən görünür ki, ünvan 1 ünvanı üzrə abonentə (abonent kodu: **********10002) istifadə edilən elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi, əks halda elektrik enerjisi verilişinin dayandırılması barədə bildirilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Qaradağ rayon Enerji təchizatı və Satış İdarəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanladığı 22.08.2020-ci il tarixli məktubdan görünür ki, 11.06.2020-ci il tarixdə sayğaca baxış keçirilən zaman sayğacın alt qapaq möhürünün siminin kəsik olması müəyyən edilmiş, Məhməmədiyə Əliyevin iştirakı ilə akt tərtib edilələrək həmin akt imzalanmış və surəti təqdim edilmişdir. İddiaçı qeyd etdikləri araşdırma zamanı təsdiqini tapmamış və borcun ödənilməsi təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 03.08.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmə qərarının icrası gecikdirilmədiyi halda mənəvi ziyanın dəyməsi barədə ərizədə göstərilənlər öz təsdiqini tapmamışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1660/2020 saylı, 28.09.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2021 saylı 31.03.2021ci il tarixli qətnamələrindən görünür ki, "xxxx" ASC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2 massiv, ev (bina 0001), mənzil 0002, **********10002 abonent koduna dair sayğac üzrə hesablanmış 111,88 (yüz on bir manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi qət edilmiş və yuxarı instansiya məhkəməsi bu nəticə ilə 31.03.2021-ci il tarixində razılaşmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin abunə haqqında sənədindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2 massiv, ev (bina 0001), mənzil 0002, **********10002 abonent koduna dair sayğac üzrə 111,88 (yüz on bir manat səksən səkkiz qəpik) manat məbləğində borc məhkəmə qətnaməsinə əsasən 04.05.2021-ci il tarixində silinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 11.06.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının müvəqqəti yaşadığı ünvanda ünvan 2bonent kodu: **********10002) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bununla əlaqədar olaraq 11.06.2020-ci il tarixli 163229 saylı akt tərtib edilərək həmin akt əsasında 111,88 manat cərimə hesablanmışdır. İddiaçı hesablanmış borcun silinməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28.09.2020-ci il tarixli qətnaməsi ilə 11.06.2020-ci il tarixli 163229 saylı akt əsasında hesablanmış 111,88 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qeyd edilən borc 04.05.2021-ci il tarixində silinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı oğlu isə ona cavabdeh tərəfindən 1500 (min beş yüz) manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı oğlu cavabdehin ona 1500 (min beş yüz) manat məbləğində maddi ziyanın vurulması barədə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı oğlu isə ona 1500 (min beş yüz) manat həcmində mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1890/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1890/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver