Məhkəmə qərarları › İş №2(125)-2248/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2248/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2248/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçılar barəsində işlədilmiş və yayılmış məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək, iddiaçılara vurduğu mənəvi zərərə görə cavabdehdən hər birinə 5.000 manat, maddi zərərə görə 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat olmaqla, cəmi 18145 manatın tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdehin iddiaçılar barəsində yaydığı məlumatı təkzib edilməklə iddiaçılardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının çıxarılacaq qətnamədə öz əksini tapmasını və iddiaçılara qarşı söylənilən təhqiredici və alçaldıcı ifadələr əsasən məhkəmənin inzibati binasında xüsusilə də hakim T.Qocayevin sədrlik etdiyi iclaslarda işlədildiyi nəzərə alınaraq cavabdehin məhkəmə zalında hakim T.Qocayevin iştirakı ilə iddiaçılardan üzr istəməsinin təmin edilməsini xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2248/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia tələbinin “cavabdehdən iddiaçıların hər birinə 1000 manat olmaqla cəmi 3000 manat miqdarında maddi ziyanın - məhkəmə xərcinin tutulması” hissəsində xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və onun əri vəkil X1 Nizami Həsən oğlu ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra - iddiaçılar) arasında olmuş çoxsaylı məhkəmə proseslərində iddiaçıların şərəf və ləyaqətinə toxunan təhqiramiz ifadələr işlətmişdir. Onlar həm iddiaçılara həm də məhkəmə iclaslarına sədrlik edən hakimlərə qarşı hörmətsizlik və sayğısızlıq nümayiş etdirmişlər. Bütün bu pozuntuları qəsdən və bilərəkdən törətmişlər. Çünki 30 ildən çox müddət ərzində vəkil kimi fəaliyyət göstərən Hüseynov Yusif və onun arvadı Cavabdeh məhkəmədə mövcud olan qaydalar haqqında yaxşı məlumatlı olmalı idilər. Buna baxmayaraq iddiaçıları, onların şərəf və ləyaqətini alçaldan ifadələri işlətməkdən çəkinməmişlər. Belə ki, cavabdeh tərəfindən: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: aliment tələbi). - Cavabdeh: “Gedib qonşulardan soruşmuşam. Deyir mənim atam... Vijdarsız.....” - A.Sevil: “Gedib qonşulardan soruşmuşam. Hamsınasa deyiblər ki, ... Kəs səsini.... Birinə deyib Rusiyadadır. Birinə də deyib ölüb ta.” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi). - A.Sevil: “Ölür o adam, şikəst olub. Bunların ujbatından, əsəblərindən, saymamazdığdan" - A.Sevil: “Saymamazdığdan. Nankorlar!” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Zavodlar bağlandı, getdi orada çörək pulu qazanmağa, bunları oxutmağa, bunları böyütməyə, bunlar nankorları.... Nəsə...” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi). - A.Sevil: “Yazdığların sataşmaq döyül? Yusif müəllimin işyerinə yaza bilərsiz?” - A.Sevil: “Ə kəs səsini!” - A.Sevil: “Axmağın biri, axmaq!” - A.Sevil: “Nankor....., nankor otur yerində. Nankorun biri, nankor!.....” - A.Sevil: “Ə bəsdirin dana. Niyə vijdanınız yoxdur?! Qorxmursuz?” -A.Sevil: “Hərbidə işləyir kişinin oğlu. Geyindiyin o hərbi paltardansada utan! Xəcalət çək! Xəcalət çək ey! Onu qəhrəman oğlanlar torpaq uğrunda çalışıb geynirlər. Sənin kimi dədəni təhqir edib geyinmir. Qaniçən! Ata qanı içən! Zəhmətini yeyib boşqaba tüpürən! Burnundan gələcək hamısı dayan. İkinizin də..... üçünüzün də hələ..... Allah elə cavabınızı verəcək ki,.... Məhkəmə, məhkəmə nədi ki,...? Məhkəmə çox elə-belə şeydir! ......Görəşsən. Günahınız göz qabağındadır. Dədənin qanını içibsən, atıbsan küçəyə. - “A.Sevil: “Deməli bu hərbiçi, hərbiçidir bu, bu özündə bir dənə nətər deyim ey cəsarət tapıb anasına, bacısına, bax bu qardaşına deyə bilmir ki, ay bala biz atamızın əməyi ilə böyümüşük, oxumuşuq, boya-başa çatmışıq. Bundan hərbiçi olar? - A.Sevil: “Cəsarətin yoxdur sənin! Bax budu!”. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Naşükür, naşükürün biri naşükür! Özün polissən dana polisi neyniyirsən? Öl, boynunu yerə soxum! Polis polisi çağırır? Özün polis döyülsən? Bir ananın öhdəsindən də gələnmirsən? Kişinin oğlu polis çağırır. Özün polissən dana! Yalan danışan polis. Məhkəmənin qabağında gəlib yalan-yalan ifadə verən polis. Dədəsini nə günə qoyan, qanını içən, sümüyünü dartan, yaxşı görərsən indi. Qaniçən! Dədənin qanını içən! Polisə bax. Kişinin oğlu polisdir. Qorxaq! Qaçıb gizdənən. Deşiyə girən siçovul! Axmağın biri, axmaq! Hələm səni Respublikada tanıtdırajam! Dayan gedəjəm o Televiziyaya çıxajam. Gör səni nə..... bütün Respublikada tanıtdırajam. İş yerimə yazıb. İş yeri sayansan sən?! İş yeri sayan dədəsini o günə qoymaz! Dədənizin gününə düşəsiz! Dədənizdən betər olasız! Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Nankorlar qeyrətə gəlib qapını açmadılar, içəri girmədilər. Bir dəfə demədilər ki, sağol ata bizə ev aldın. Gəlmədilər. Yoxlamadılar. Qardaşım da ki, inanırsız ki, nətər orda getdi nətər pullar qazandı. Nələr tökdü. Nələr tökdü bunlara. Bunları elə xan, bəy balası kimi böyütdü. Utanmadan, qızarmadan gəlib məhkəmə qarşısında çıxıb deyirlər ki, mənim uşağımı aj qoyub getdi. Bizi tək atdı getdi.” -A.Sevil: “Bunlar hesaba vursaq bunlar hələm ma pul verməlidir. Mən şərait yaratdım bunun əri, bunun da atası nankorlara getdi pul qazandı verdi. Əclaflar....” -A.Sevil: “Nankorlar..... nankorlar. Nankorlar!?” Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). – A.Sevil: “Vijdansız! Babanla ev almısan? Baban mən duran yerdə sa verəjəydi?! Gəlib bir dəfə soruçmusan nağarırsan, nətərsən? Nankorlar!” - A.Sevil: “Nankor........ nankor.......... Nankor övlad. Atanın əməyini yeyib sonra da deyir ki,” - A.Sevil: “Qardaşım da məcbur olub bu nankor övladlarının ujbatından gedə bunları böyüdə orda pul qazana bunlara yollaya.” - A.Sevil: “Qardaşımla mənim sövdələşməm olubdu. Sövdələşməmiz olubdu. Mən ona şərait yaratmışam ki, o Rusetdə işləsin sizi kimi nankorlara pul yollasın ayağa qaldırsın..” kimi ifadələr işlədilmişdir. İddia ərizəsində daha sonra göstərilmişdir ki, bu təhqiramiz, şər-böhtan xarakterli sözlərdən başqa, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər, o cümlədən “ataları yataq xəstəsidir, bu vicdansiz alçaqlar gəlib ona baxmırlar ” - kimi şəxsiyyətə toxunan kəlmələr işlətmişdir. Bunu təsdiq edəcək sübut kimi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında cavabdehin söylədiyi ifadələrdir. Həmin məhkəmə iclasında cavabdeh təsdiq edir ki, həqiqətən iddiaçılarla qonşuluqda yaşayan şəxslərin qapısına gedərək iddiaçıların barəsində heç də xoş olmayan məlumatlar yaymışdır. İddia tələbinə görə cavabdehin hüquqlarından iddiaçıların mənafeyinə zidd şəkildə, o cümlədən iddiaçıları cəmiyyət arasında (işlədikləri və ya yaşadıqları yerdə) nüfuzdan sala biləcək, iddiaçıların şəxsiyyəti haqqında mənfi rəy yarada biləcək şəkildə həyata keçirməsi qanuna zidd olmaqla özbaşınalıq və hüquqdan sui-istifadəni əks etdirir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi (qardaşı) İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi, bildirdi ki, o heç vaxt iddiaçıları təhqir etməmiş, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməmiş, ifadələr işlətməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Belə ki, həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə müvafiq olaraq hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Məcəllənin 23.4-cü maddəsinin tələbinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999-cu il tarixli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəу yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Qərarının 6-cı bəndinə əsasən, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə mülki-hüquqi məsuliyyətin yaranması üçün hər şeydən əvvəl məlumatların şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi, bu məlumatların həqiqətə uyğun olmaması və onların yayılması mövcud olmalıdır. Hazırki iş üzrə iddiaçılar aralarında olan ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisələrinə baxılan zaman məhkəmə iclaslarında cavabdehin onlar barəsində təhqiredici və alçaldıcı ifadələr işlətdiyini və yaydığını bildirirlər. Həmçinin iddiaçılar qeyd edirlər ki, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözəlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər işlətmişdir. İddiaçılar həmin məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini və məlumatların təkzib edilməklə iddiaçılardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, cavabdehin onlardan məhkəmə iclasında hakimin iştirakı ilə üzr istəməsinin təmin edilməsini, mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edirlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 23-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) ümumi sübutetmə yükünü müəyyən edən 77.1-ci maddəsinə əsasən məhz şərəf və ləyaqəti ləkələyən ifadələrin cavabdeh tərəfindən iddiaçılara söylənildiyini (göndərildiyini) və ya məlumatların yayıldığını sübut etmək yükü iddiaçının, qeyd olunanlar sübut edildiyi halda isə yayılmış məlumatların həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçılar tələblərini təsdiq edən sübut qismində məhkəmə iclaslarında qeydə alındığı iddia edilən səs yazılarını əks etdirən elektron daşıyıcı (disk) təqdim etmişlər. İddiaçıların qeyd etdiyi mülki işlər üzrə məhkəmə iclas protokollarına baxış zamanı yalnız iddiaçı X2 cavabdehlər X3, X6 və Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair 2(125)-314/2022 nömrəli mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı səs yazısının aparılması ilə bağlı həmin iş üzrə iddiaçının nümayəndəsi İddiaçı1 şifahi vəsatəti təmin olunmuşdur. Həmin iclas zamanı Cavabdeh sözügedən iş üzrə iddiaçı X2 nümayəndələri İddiaçı1 və İddiaçı2 barəsində “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələr işlətmişdir. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Bu baxımdan hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini və həmin normalarla bağlı Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərini cəmiyyətdə bərqərar olmuş əxlaq və mənəviyyat prinsiplərini, mental dəyərləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində cavabdehin söylədiyi və yayılmış ifadələr həmin iddiaçıların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, cəmiyyət arasında onlar barəsində mənfi rəу yaratmış, cavabdehin işlətdiyi, yayılmış sözügedən ifadələr həmin iddiaçıların şərəf və ləyaqətinə toxunmaqla onlara mənəvi sarsıntı, iztirab vermişdir. Həmçinin, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən həmin ifadələrin həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Buna baxmayaraq cavabdeh məhkəmə baxışı zamanı həmin ifadələrin həqiqətə uyğun olduğunu təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində söylənilmiş və yayılmış ifadələr həmin iddiaçıların şərəf və layəqətini ləkələyən ifadələr hesab edilməli və vurulmuş mənəvi ziyanın xarakteri, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmiyyət içində müvafiq mövqeyə malik olmaları, habelə cavabdehin yaşı, əmlak və ailə vəziyyəti və işin digər halları nəzərə alınaraq mənəvi zərərin məbləği iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 manat həddində müəyyən edilməsi məqsədəmüvafiq sayılmalıdır. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin yeganə üsulu pul kompensasiya deyil. İddiaçının pozulmuş hüququnun məhkəmə qaydasında tanınması da pozulmuş hüququn müdafiəsinin mühüm mexanizmlərindən hesab edilir. Hazırki iş üzrə iddianın təmin olunmuş hissəsi ilə iddiaçılar Arzu və İddiaçı2ların pozulmuş hüququ məhkəmə qaydasında tanınmışdır. Məhkəmə hesab edir ki, sadalanan halların mövcudluğu şəraitində cavabdehin üzərinə 300 manat kompensasiya ödəmək öhdəliyinin qoyulması ədalətli və ağlabatandır, ümumilikdə qəbul edilmiş qətnamə iddiaçılar Arzu və İddiaçı2ların pozulmuş hüququn bərpa olunması üçün yetərli vasitə kimi çıxış edir. Bundan başqa, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2-ci maddəsi). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76-cı maddəsi). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM-in 80-ci maddəsi). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə MPM-in 81-ci maddəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə MPM-in 88-ci maddəsi). Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.10-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir (MPM-in 95-ci maddəsi). Göründüyü kimi, iddiaçıların sübut qismində məhkəmə iclaslarında qeydə alındığı iddia edilən səs yazılarını əks etdirən elektron daşıyıcı (disk) (xx.xx.2022-ci il tarixli məhkəmə iclası istisna olmaqla) qanunla icazə verilməyən, gizli yolla əldə edilmiş səs yazısı olduğundan hazırki iş üzrə sübut kimi istifadə oluna bilməz. Ona görə ki, bu səs yazılarının bütünlüklə məhkəmənin icazəsi ilə qeydə alındığını iddiaçılar sübuta yetirə bilməmişlər. Həmçinin iddiaçılar qeyd edirlər ki, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözəlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər işlətmişdir. Lakin bu hissədə iddiaçılar hər hansı mötəbər sübut təqdim etməmişlərr. Hazırki iş üzrə bir neçə dəfə məhkəmənin hazırlıq iclası keçirilsə də, həmin sübutların mötəbərliyinin müəyyən edilməsi üçün iddiaçılar tərəfindən məhkəməyə hər hansı vəsatət verilməmişdir. Bundan başqa, İddiaçı3 iddia edir ki, cavabdeh onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini ləkələmiş, işgüzar nüfuzuna zərər vurmuşlar və bu səbəbdən ona mənəvi zərərə görə pul ödənilməlidir. Şərəf və ləyaqəti ləkələyən ifadələrin cavabdeh tərəfindən ona söylənildiyini (göndərildiyini) və ya məlumatların yayıldığını sübut etmək yükü İddiaçı3 üzərinə düşsə də həmin iddiaçı bu halı sübuta yetirmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı3 dair hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, məlumatların təkzib edilməsi, habelə cavabdehin iddiaçılardan məhkəmə iclasında hakimin iştirakı ilə üzr istəməsi tələbləri təmin edilməməlidir. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsində iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Məcəllənin 223.1-cü maddəsi müəyyən edir ki, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Mülki prosessual qanunvericiliyin iddianın verilməsinə və təmin olunmasına dair qeyd olunan müddəaları tələb edir ki, hər bir cavabdehə qarşı yönələn və ya təmin edilmiş tələb konkret və aydın olmalıdır. Belə aydınlıq həm cavabdehin ona qarşı irəli sürülən tələb barədə konkret təsəvvürə malik olması və buna münasibətdə öz dəlillərini təqdim edə bilməsi, həm də məhkəmə qətnaməsinin müəyyənliyi və icrasının mümkünlüyü baxımından vacib əhəmiyyət daşıyır. Lakin baxılan iş üzrə iddia tələbindən də göründüyü kimi iddiaçılar öz xahişlərində təkzibin hansı qaydada (harada, nə vaxt və ya hansı müddətdə) həyata keçiriləcəyini göstərməmişlər. Həmçinin, iddiaçılar məhkəmə iclasında hakimin iştirakı ilə üzr istənilməsi xahiş etmişlər ki, bu mümkünsüz tələbdir, belə ki, bunun üçün hakimin iştirakı ilə ayrıca məhkəmə iclasının təşkil edilməsi absurddur. Belə bir tələblərin təmin olunması isə öz növbəsində qanunvericiliyin tələbinə cavab verməyən, qeyri-müəyyən və icrası mümkün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olur. Qeyd olunanlara əsasən iddia məlumatların təkzib edilməsi, üzr istənilməsi hissədə qeyri-müəyyən olduğu üçün təmin edilməməlidir. Məhkəmə bu zaman, həmçinin nəzərə alır ki, yayılmış məlumatların eyni şəkildə təkzib olunması qeyri-mümkün olduğu halda hüquq pozuntusunun tanınması və pul kompensasiyanın ödənilməsi dəymiş zərərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi çıxış edir. Hazırkı mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə yayılmış ifadələr iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və ləyaqətini ləkələyən ifadələr hesab edilmiş və buna görə cavabdehdən həmin iddiaçıların xeyrinə pul tutulmuşdur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarının 13 və 14-cü bəndlərinə əsasən vətəndaşlar şərəf və ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilərlər, mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində məhkəmə iclasında söylənilmiş və yayılmış ifadələr - “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələri iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və layəqətini ləkələyən məlumatlar hesab edilməli və vurulmuş mənəvi ziyana görə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin əvəzi cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, qalan hissə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində məhkəmə iclasında söylənilmiş və yayılmış ifadələr - “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələri iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və layəqətini ləkələyən ifadələr hesab edilsin və vurulmuş mənəvi ziyana görə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar