Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1911/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün (13693 X 0,1 faizi = 13,693manat X 825 gün) 11.296 manat dəbə pulu, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsumu olaraq ödənilmiş 124 manat, yekun olaraq 11.720 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavdehdən onun xeyrinə 95.000 manat sığorta ödənişinin, 34.675 manat dəbbə pulunun, yekun olaraq 129.675 manat və dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Mübahisənin mahiyyəti belədir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Sığorta qanunvericiliyinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, iddiaçı-sığortalı İddiaçı ilə cavabdeh-sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi verilməklə 30 manat sığorta haqqı ödənilməklə 15000 manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır. Bundan əlavə eyni gündə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, iddiaçısığortalı İddiaçı ilə cavabdeh-sığortaçı "xxxx" ASC arasında İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi verilməklə və 144 manat sığorta haqqı ödənilməklə 80.000 manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır. Tərəfindən 15 oktyabr 2020-ci il tarixində yazılı ərizə ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin adına ərizə verilməklə və izahat verilməklə bildirilmişdir ki, 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan leysan yağışlarından sonra evində çatlar əməl gəlmiş, 15 oktyabr 2020-ci il tarixində isə evinin bir divarı həmin səbəbdən uçmuşdur. 15 oktyabr 2020-ci il tarixində cavabdehin nümayəndəsi hadisə yerinə baxış keçirmiş, şəkillər çəkilmiş, evin divarlarında çatlar əmələ gəldiyi və evin bir divarının uçmasının baş verməsi və bunun təbii fəlakətdən baş verdiyi qeyd edilmişdir. Ona görə də daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, aktı cavabdeh tərəfindən onun məsul şəxsi A.Həsənov və sığortalı kimi özü imzalamışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq cavabdeh "xxxx" ASC tərəfindən qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət olunmuş, fərdi yaşayış evinə baxış keçirilmiş, onun şəkilləri çəkilmiş, ekspert çatların torpaq çökməsi nəticəsində yarandığını, fərdi yaşayış evinin təmir işlərinin aparılması üçün dəymiş ziyanı hesbalamış, lakin 15 oktyabr 2020-ci il tarixində akt yazılmasına və müvafiq sənədlər əlavə edilməsinə baxmayaraq, sığorta ödənişini ödəməkdən yayınmış, ona görə də tərəfimdən məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(006)-1180/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-769/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(006)-1180/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən icbari sığorta müqaviləsi üzrə azadolma məbləği çıxılmaqla 13.693 manat tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-769/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən həm cavabdeh "xxxx" ASC, həm də İddiaçı kassasiya şikayəti vermiş, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-769/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni “dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3184/2023 saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi iddiaçının apellyasiya şikayətinə təkrar baxmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(006)-1180/2022 nömrəli qətnaməsi qismən-dəbbə pulunun rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4997.94 manat dəbbə pulunun tutulması barədə 2(103)- 6975/2023 saylı qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)6975/2023 saylı qətnaməsi üzrə 13693 manat sığorta ödənişinin, 4997,94 manat dəbbə pulunun cavabdeh "xxxx" ASC-dən tutulması üçün icra vərəqəsi vermiş, qətnamə 18 yanvar 2024cü il tarixində icra edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3184/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda 13693 manat zərər məbləğinin tutulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin dəbbə pulunun tutulması hissəsində Mülki Məcəllənin 934.2-ci maddəsinin tələblərinin pozulduğu və iddiaçının dəbbə pulunu tələb etməkdə haqlı olduğunu, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödənilməsi nəticəsinə gəlinməli olduğunu bildirmişdir. Ali Məhkəmə özünün bu qərarında 13693 manat sığörta ödənişi məbləğini müəyyən etdiyindən, bu məbləğin hər gecikdirilmiş günü üçün 0.1 faizi olmaqla dəbbə pulunun həcmi barədə Bakı Apellyasiya Məhkəməsinə mülahizə təqdim edilmişdir: xx.xx.2020-ci ildən-xx.xx.2021-ci ilədək, 13693 X 0,1 faizi= 13,693manat X 365 gün = 4.997,945 manat. xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, 13693 X 0,1 faizi= 13,693 manat X 365 gün = 4.997,945 manat. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, 13693 X 0,1 faizi= 13,693 manat X 365 gün = 4.997,945 manat. Beləliklə, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək cavabdehin ödəməli olduğu dəbbə pulunun həcmi: (4.997,945 +4.997,945 +4.997,945) = 14,993 manat təşkil etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 2(103)6975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində (səh: 14, bənd:63, 64) qeyd etmişdir ki, “iddiaçı apellyasiya baxışı zamanı mülahizə təqdim edərək göstərmişdir ki, Ali Məhkəmənin qərarında 13693 manat sığorta ödənişi məbləğini müəyyən etdiyindən, bu məbləğin hər gecikdirilmiş günü üçün 0.1 faizi hesablanaraq dəbbə pulunun həcmi müəyyən edilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək cavabdehin ödəməli olduğu dəbbə pulunun həcmi:14.993 manat təşkil etmişdir. Kollegiya qətnamədə qeyd etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı isə tələbində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək (365 gün üçün) dəbbə pulunun ödənilməsini tələb etmişdir. Ona görə də iddia tələbi həcmində həmin müddət üçün dəbbə pulu tutula bilər.” Cavabdeh "xxxx" ASC xx.xx.2020ci ildən- xx.xx.2021-ci ilədək olan 1 illik dövr üçün dəbbə pulunu məhkəmə qətnaməsinə əsasən 18 yanvar 2024-cü il tarixində ödəmiş, qalan 2 ildən artıq müddət üçün dəbbə pulunu ödəməmişdir. Halbuki artıq 3 ildir ki, cavabdeh sığorta ödənişini ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bu fakt məhkəmə aktları ilə də təsdiq edilmişdir. Belə ki: xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, 13693 X 0,1 faizi=13,693 manat X 365 gün= 4.997,945 manat. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, 13693 X 0,1 faizi=13,693 manat X 365 gün = 4.997,945 manat, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək, 13693 X 0,1 faizi= 13,693 manat X 95 gün=1.300,835 manat, cəmi yekun olaraq 11.296,725 manat dəbbə pulunu da ödəməlidir. Beləliklə, cavabdeh "xxxx" ASC 13,693 manat sığorta ödənişini 15 oktyabr 2020-ci il tarixindən sonra 7 gün ərzində bu ödənişi verməli olduğu halda, onu 3 ildən çox bilərəkdən gecikdirmiş, ancaq 3 ildən sonra, yəni məhkəmə qətnaməsindən sonra, 18 yanvar 2024-cü il tarixində onun da 1 ilini ödəmiş, qalan son 2 ildən artıq müddət üçün dəbbə pulu olan 11.296,725 manat dəbə pulunu iddiaçıya ödəməmişdir. Ona görə də cavabdeh həm qalan dəbbə pulunu, hüquqi yardım haqqını və dövlət rüsumunu iddiaçıya ödəməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üçün (13693 X 0,1 faizi = 13,693manat X 805 gün) 11.022 manat dəbə pulu, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsumu olaraq ödənilmiş 124 manat, yekun olaraq 11.446 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, ABB-də olan hesabından çıxarışdan göründüyü kimi, ona 13.693 manat pul vəsaiti olan sığorta ödənişi cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində, 4.998 manat dəbbə pul isə 18 yanvar 2024-cü il tarixində ödənilmişdir. Sığorta ödənişi xx.xx.2023-cü il tarixində verildiyindən, iddia tələbi də azaldılmalıdır. Belə ki: xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, 13693 X 0,1 faizi= 13,693 manat X 365 gün = 4.997,945 manat. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək,13693 X 0,1 faizi 13,693 manat X 365 gün - 4.997,945 manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, 13693x 0,1 faizi=13,693 manat X 75 gün = 1.026,975 manat, cəmi yekun olaraq 11.022,865 manat dəbə pulunu da ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1180/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi və s." tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1180/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə cavabdeh "xxxx" ASC-dən icbari sığorta müqaviləsi üzrə azadolma məbləği çıxılmaqla 13.693 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilməklə, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-769/2023 saylı qətnaməsinin qismən, yəni "dəbbə pulunun tutulmasının rədd edilməsi" hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(006)-1180/2022 nömrəli qətnaməsi qismən - dəbbə pulunun rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 4997,94 manat dəbbə pulun tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Ağsu filialı tərərindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 13.693 manat "xxxx" ASC tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Məhkəmə araşdırması müəyyən olmuşdur ki, qüvvədə olan yekun məhkəmə aktı ilə iddiaçının xeyrinə "xxxx" ASC-dən 13.693 manat sığorta ödənişi və 4997.94 manat dəbbə pulu tutulmaqla sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı hesabına köçürülməklə icra edilmişdir. Hazırda iddiaçı sığorta ödənişinin gecikdirilməsi əsası ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dəbbə pulunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta ödənişinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə sığortaçıya müraciət etmiş, lakin 7 iş günü müddətində (xx.xx.2023-cü il tarixədək) sığortaçı sığorta ödənişinin verilməsini təmin etməmiş, həmin müddətdə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixindək dəbbə pulu tutulduğundan, hazırda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (02 il 02 ay 13 gün=803 gün) üçün gecikdirilmiş sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən 10995 (13693x0.1%=13.693; 13.693x803=10995) manat dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən əhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 124 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-dən 10995 manat dəbbə pulu, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumuna görə 124 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 10995 manat dəbbə pulu, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumuna görə 124 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1911/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1911/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver