Məhkəmə qərarları › İş №2(006)-1914/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1914/2024

29.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1914/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 980 "q" saylı əmrinin ləğv edilərək, onun işlədiyi "xxxx" QSC-nin Satış və əməkdaşlıq idarəsinin Satışa dəstək şöbəsinin satış üzrə agenti vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin 980 "q" saylı 24 noyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işlədiyi "xxxx" QSC-nin Satış və əməkdaşlıq idarəsinin Satışa dəstək şöbəsinin satış üzrə agenti vəzifəsindən azad edilmişdir. Sözügedən əmr əsasında onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Onun hazırki mülki üzrə qarşı tərəf olan işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında əmək stajı ümumi olaraq təxminən 7 il 5 ay təşkil edir. Bu səbəbdən də işəgötürən tərəfindən ona əmək müqaviləsinin ləğv ediləcəyi barədə azı altı təqvim həftəsi əvvəl xəbərdarlıq təqdim edilməli idi. Belə ki, qeyd edilən xəbərdarlıq ona xx.xx.2023-cü il tarixdə İnsan resursları idarəsində keçirilən iclasda təqdim edilmişdir. "Xəbərdarlıq"ın mətnində onun xx.xx.2023-cü il tarixdə tərtib edildiyi qeyd edilmişdir. Həmin xəbərdarlığa əsasən, həmçinin qanunvericiliyin tələbinə əsasən, onunla bağlanmış əmək müqaviləsi yalnız 6 təqvim həftəsi təşkil edən xəbərdarlıq müddəti bitdikdən sonra ləğv edilə bilərdi. 6 (altı) təqvim həftəsi təşkil edən xəbərdarlıq müddəti ən azı bildirişin tərtib edildiyi tarixdən hesablandıqda xx.xx.2023-cü il tarixdə bitirdi. Lakin işəgötürən qanunvericiliyin yuxarıda qeyd etdiyi tələblərini kobud şəkildə pozaraq, xx.xx.2023-cü il tarixdə 980 "q" saylı əmrlə onunla bağladığı əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra o məcburi olaraq işə çıxa bilməmişdir. Əlavə olaraq həmçinin məhkəmənin nəzərinə çatdırır ki, o, xəbərdarlıq müddəti ərzində Əmək Məcəlləsinin 77.2 maddəsində nəzərdə tutulmuş "xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının ödənilərək əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə" işəgötürənə heç bir razılıq verməmişdir. Bu barədə qarşı tərəfə şifahi və rəsmi qaydada heç bir razılıq təqdim etməmişdir. Halbuki qanunvericilikdə xəbərdarlıq müddətinin azaldılmasına yalnız işçinin razılığı ilə yol verilməsi imperativ norma kimi göstərilmişdir. Yuxarıda qeyd etdiyi hallardan aşkar surətdə görünür ki, "xxxx" QSC tərəfindən onunla bağlanılan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin normaları və onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də hesab edir ki, "xxxx" QSCnin xx.xx.2023-cü il tarixli 980 "q" saylı əmri ləğv edilərək, o işlədiyi vəzifəyə bərpa olunmalı və mənə məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. Bundan əlavə olaraq qeyd edir ki, cavabdeh şirkətdə qanuna zidd və ədalətsiz formada aparılan ixtisarlar nəticəsində ona və kütləvi olaraq bir çox əməkdaşa "ştatımızın ixtisar olunması" barədə xəbərdarlıq təqdim edilmişdir. Lakin niyə məhz onun ştatının ixtisar olunması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki həmin ştatların kütləvi surətdə ixtisara salınmasında əsas məqsəd özbaşına formada, qanunvericiliyin imperativ normalarını kobud şəkildə pozmaqla, heç bir əsaslandırma olmadan işçiləri işdən azad etməkdir. Kadrlar şöbəsinin əməkdaşları tərəfindən müraciətlərinə etinasızcasına yanaşılaraq, cavab olaraq onlara yalan vəd verilərək bildirilmişdirlər ki, guya ştatı ixtisara düşən şəxslər "Silk Rov" şirkəti tərəfindən işə götürüləcəklər. Bu tamamilə absurddur. Əslində isə hansı senari (oyun) reallaşdırılır: Öz istəklərinə uyğun bir müvafiq əmrlə istədikləri işçilərin ştatını kütləvi şəkildə ixtisara salaraq, həmin işçiləri kütləvi şəkildə işsiz qoyurlar. Bundan sonra "özlərinə sərf edən" şəxslərin "AZAL"dan təqdim edilən siyahı əsasında "Silk Rov" şirkətində işə qəbul edilmələrinə nail olurlar. Sonradan "Silk Rov" tərəfindən işə qəbul edilən şəxslər də onların işlədiyi funksiyanı yerinə yetirirlər. Yeni yaradılan ştatın vəzifə funksiyaları eyni olur, lakin adı başqa ola bilər. Bu senari əsasında, yəni formal olaraq "ştatların ixtisarı"nı rəsmiləşdirməklə insanları kütləvi şəkildə işsiz, ailələri təminatsız qoyurlar. Onların əvəzlərinə eyni funksiyanı yerinə yetirən yeni işçilərin işə qəbulunu həyata keçirirlər. Ümumiyyətlə işlədiyi ştatın ixtisarının qanuna zidd formada həyata keçirildiyini də məhkəmənin diqqətinə çatdırır. Əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirdiyi əmr xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, bu barədə əmək kitabçasında xx.xx.2023-cü il tarixdə qeyd edilmiş və hazırki əmək mübahisəsinə dair mediasiya prosesi xx.xx.2023-cü il tarixdə başlanılaraq cavabdehə mediasiya təklifi göndərilmişdir. "llkin mediasiya haqqında" arayış Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, o məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində ştat cədvəlinə uyğun olaraq X2 və bronlaşdırılması şöbəsinə agent (Yerli xəttlər) vəzifəsinə qəbul edilmişdir (müddətli əmək müqaviləsi ilə). xx.xx.2015ci il tarixində isə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2015-ci ildə "xxxx" Sərnişin Aviasiya Şirkətinin Marketinq, kommersiya və istehsalat idarəsinin X2 mərkəzinin aviadaşımaların satışı üzrə agenti (Yerli xətlər) vəzifəsinə (əsas işçinin sosial məzuniyyətdə olan) 4-cü dərəcə ilə qəbul edilmişdir. xx.xx.2017-ci ildə həmin vəzifədə vakant yerə keçirilmişdir. xx.xx.2019-cu ildə Əmək müqaviləsi müddətsiz hesab edilmişdir. xx.xx.2020-ci ildə tutduğu vəzifədən azad edilmiş və həmin şirkətin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin agent vəzifəsinə 4-cü dərəcə ilə keçirilmişdir. xx.xx.2023-cü ildə tutduğu vəzifədən azad edilmişdir və Satış və əməkdaşlıq İdarəsinin Satışa dəstək şöbəsinin satış üzrə agenti vəzifəsinə 4-cü dərəcə ilə keçirilmişdir. xx.xx.2023-cü il tarixli 980/q nömrəli əmr ilə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatlar ixtisar edildiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 980/q saylı əmri ilə İddiaçı «AZAL» Sərnişin Aviaşirkəti Satış və Əməkdaşlıq İdarəsinin Satışa dəstək şöbəsinin satış üzrə agentinin əmək müqaviləsinə ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi, maliyyə və Mühasibat Uçotu İdarəsi ona xx.xx.2023-xx.xx.2023-cü iş ilinin əsas məzuniyyət günləri hesabına 7 təqvim günü üçün pul kompensasiyası, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətini ödənilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC-nin “AZAL” Sərnişin Aviaşirkətinin Satış və Əməkdaşlıq İdarəsinin Satışa dəstək şöbəsinin satış üzrə agenti İddiaçı 15 oktyabr 2023cü il tarixdə işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00045 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə 11:30- 12:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında "xxxx" QSC-nin “Azal” Sərnişin Aviaşirkətinin rəhbərliyi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək stajı beş ildən on ilədək əmək olduqda – azı altı təqvim həftə qabaq işçiyə rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı beş ildən on ilədək olan işçilərə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı altı təqvim həftəsi olmalıdır. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin maddənin 2-ci hissəsind isə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük - verilməsi müəyyən edilmişdir: - şəhid ailəsinin üzvlərinə; - müharibə iştirakçılarına; - əsgər və zabitlərin arvadına (ərinə); - öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; - həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; - məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; - kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən aşağıdakı şəxslərlə əmək müqaviləsinin xitam verilməsinə yol verilmir: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən əmək münasibətlərini tənzimləyən qanunvericiliyin normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edən heç bir bənd müəyyən edilməmiş və işçilərin ixtisarı zamanı isə üstünlük hüququnu tanıyan normanın təsir dairəsinə də düşməmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı xəbərdarlıq müddəti bildirişinin tərtib edildiyi tarixdən hesablandıqda xx.xx.2023-cü il tarixdə bitdiyini vurğulayaraq, xx.xx.2023-cü il tarixli əmrin onun əmək hüquqlarını kobud şəkildə pozduğunu bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 980 "q" saylı əmrindən, həmçinin iddiaçının əmək kitabçasından görünür ki, İddiaçı işinə xx.xx.2023-cü ildə xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun 6 təqvim həftə əvvəl (əmək stajı beş ildən on ilədək əmək olduqda), yəni xx.xx.2023-cü il tarixində işəgötürən tərəfindən xəbərdar olunmuşdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı işinə xx.xx.2023-cü il tarixindən xitam verilməsinə baxmayaraq, o, xx.xx.2023-cü il tarixdən məcburi olaraq işə çıxa bilmədiyini bildirsədə, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququndan istifadə edərək, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırdığı halda, iddiaçı bunun əksini təsdiq edən dəlillər təqdim edə bilməmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, belə qənaətə gəlir ki, iddia tələbi "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 980 "q" saylı əmrin ləğv edilməsi hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 980 "q" saylı əmrinin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar