Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-192/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nın “Əcəmı-2” layihəsindən 10 fevral 2018-ci ildə 11/188/AİFK nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında ümumi dəyəri 176012 manat olan 3 otaqlı mənzili illik 7% olmaqla ipoteka yolu ilə əldə etmiş, mənzilin ödənişinin 35212 manat hissəsini nağd, qalan 140800 manat hissəsini isə bank tərəfindən ipoteka yolu ilə həyata keçirmişdir. Mənzilə 28 oktyabr 2019cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi (DƏDRX) tərəfindən Reyestr nömrəsi **********21-05301-093019 olan Texniki Pasport verilmişdir. Bu zaman mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12 2012-ci ıl tarixli 07 saylı Qərarı “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi kimi rəhbəredici sənədlərə əsaslanaraq hesablanmışdır. Müqavilədən irəli gələn bütün öhdəliklərə onun tərəfindən bu günədək dəqiqliklə əməl olunmuşdur. Lakın MTK bəzi ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, satış zamanı MTK tərəfindən mənzilin ümumi sahəsinin hesablanması zamanı kobud səhvlərə yol verilmiş və nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. MTK mənzilin ümumi sahəsini 111.4 kv.m hesablayaraq ona satmışdır. DƏDRX-nin verdiyi çıxarışda isə mənzilin ümumi sahəsi 103 kv.m müəyyənləşdirilmişdir. Müqayisə etdikdə fərq 8.4 kv.m alınır. MTK nın qanunazidd hərəkətləri nəticəsində ona dəyən maddi zərər aşağıdakı kimidir: 13272 AZN - artıq hesablanmış 8,4 kv.m sahəyə görə ödəniş, 7584,59 AZN - 13272 AZN ödənişə hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri, 130 AZN - artıq hesablanmış 8,4 kv.m sahə üzrə 44 aylıq komunal ödəniş haqları. Ümumilikdə MTK tərəfindən ona ödənilməli məbləğ 20986,59 AZN təşkil edir. Bu tələblə bağlı MTK-nın Əcəmi filialının direktoru Niftalı Məmmədov yoldaşa müraciət etmişdir. Ancaq dəfələrlə ofisə yaxınlaşıb xahiş etsə də, ona rəsmi cavab verməkdən imtina etmişlər, sadəcə şifahi qaydada biraz söhbət edib əsassız olaraq haqlı olduqlarını bildirmişlər. Ümumiyyətlə bu MTK-nın adı maliyyə qalmaqallarında çox hallanır. Məsələn: 1. Binanın zirzəmisi təyinatı üzrə (fövqəladə hallarda sakinlərin ümumi sığınacağı kimi) istifadə olunmaq əvəzinə qaraj adı ilə bölünərək müqavilə əsasında ayrı-ayrı sakinlərə yüksək məbləğlə satışa çıxarılır. 2. Binanın idarə olunması, onun rabitə, internet və televiziya ilə, təhlükəsizlik və digər xidmət növləri ilə təminatının öz monopoliyasında saxlaması. 3. "xxxx" MTK nın ünvanı və əlaqə vasitələri haqqında heç bir mənbədən məlumat almaq mümkün deyil (satış və reklam məqsədli telefon nömrəsindən başqa).- Bu da onun leqal və qanuni fəaliyyətinə əsaslı şübhə doğuran faktlardan biridir. Göstərilənlərə əsasən "xxxx" MTK-dan İddiaçı dəymiş 20986,59 AZN maddi zərərin tam ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Cavabdehin nümayəndəsi X6 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Xəzər İnşaat XXİ əsr ilə xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 155 saylı mənzil ona satılmışdır. Həmin mənzilin dəyəri hər kv metri 1580 AZN olmaqla, cəmi 176012 AZN müəyyən edlmişdir. İddiaçı iddia edir ki, həmin mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin sahəsi 103 kv metrdir və mövcud olmayan 8.4 kv metr mənzil sahəsi üçün 20986.59 AZN pul cavabdehdən tələb edir. İddiaçının tələbi tam əsassızdır və ziddiyətlidir. Payçı müqviləsinin 2.1-ci bəndinə əsasən mənzilin faktiki (hesablaşma) sahəsi 111,4 kv m., 2.2 bəndinə əsasən isə mənzilin 1 kv m. 1580 manat müəyyən edilmişdir. İddiaçı X3 hazırki iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Belə ki, həqiqətən də İddiaçı ilə Xəzər İnşaat XXİ əsr MTK arasında 9 fevral 2018-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmışdır. Tərəflər arasında bağlanmış 9 fevral 2018-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «X8 XXİ əsr MTK ünvan 3 ünvanında yerləşən 155 saylı, 3 otaqlı mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzil faktiki ümumi sahəsi 111.4 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 176012 AZN olmaqla dəyişməz olaraq qalır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 8.4 kv metr az olması və bununla bağlı olaraq ondan əsassız olaraq 8,4 kv metrə görə artıq pul alınması tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı müqavilədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahə ölçülərində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Müqavilənin şərtlərinə uyğun olaraq, hər iki tərəf arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən mənzilin sahə ölçüləri və dəyəri layihə sxeminə uyğun olaraq müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi tələbləri tamamilə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının faktiki ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Bundan başqa, iddiaçı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda mənzilin sahəsinin 103 kv metr qeyd edildiyini bildirir. Bu fakt qəbul edilməzdir. Ona görə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təerəfindən mənzilin sahə ölçüsü düzgün hesablanmamışdır. Analoji işlərlə bağlı Məhkəmələr tərəfindən məhkəmə tikintitexniki rtizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi si tərəfindən verilmiş çıxarışda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki ilçüsü arasında fərq mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən eyni sahəyə və eyni layihəyə məxsus mənzillərə dair verdiyi çıxarışlarda da fərqlər mövcuddur. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, İddiaçı oğlu hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qarşı 20986.59 AZN maddi zərərin iddiaçıya ödənilməsi tələbinə dair iddiasının tamamilə əsassız olması səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan İddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək bildirilmişdir ki, cavabdehin etirazını başdan ayağa qədər oxuyanda görünür ki, cavabdeh tərəfin istinad etdiyi heç bir qanunvericilik aktı yoxdur. Etiraz tamamilə ümumi söz yığınından başqa heç bir mahiyyət daşımır. O, iddia ərizəsində Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı Qərarı “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi kimi rəhbəredici sənədlərə əsaslanmışdır. Bu qanunlar tikinti fəaliyyətı ilə məşğul olan bütün MTK-lar üçün rəhbəredici sənəddir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti (DƏDRX) də bir mötəbər Dövlət qurumu olaraq bu məsələdə maraqlı tərəf deyil və mənzilə çıxarış hazırlayıb verərkən məhz bu qaydaları əsas götürür. Ancaq MTK maddi maraqlarını üstün tutaraq qanunları qulaqarına vurur. Cavabdeh şəxs özü bildirir ki, onların inşa edərək satışa çıxardığı bütün mənzillərin ölçülərində DƏDRX tərəfindən sənədləşdırilərkən əhəmiyyətli fərq ortaya çıxır. Bəs elədirsə niyə bu qanunsuz əməllərinə son qoymurlar, fəaliyyətlərini qanunlar əsasında qurmurlar, vətəndaşları daim aldadırlar. Hər dəfə də məhkəmələrdə üzləşib haqsız çıxırlar. Bütün vasitələrlə vaxt uzadıb vətəndaşlara həm maddi həm də mənəvi ziyan vururlar. Bunlar artıq bu cür məsələlərlə bağlı üzləşəcəkləri saysız-hesabsız məhkəmə iclaslarına hazırlıqlı və təcrübəli formada gəlirlər və şablon üzrə hərəkət edərək məhkəməni əhəmiyyətsiz araşdırmalara cəlb edib, prosesi bacardıqca uzatmağa səy göstərirlər. Əgər bunların dediyi kimi DƏDRX mənzillərin ümumi sahələrini həmişə səhv hesablayırsa, onda necə olur ki, həmişə azaldılmış rəqəm alınır. Onda müvafiq qurumla məsələrini öz aralarında birdəfəlik niyə həll etmirlər. Cavabdeh qeyd edir ki, payçı müqaviləsində mənzilin 1 kv m-nin qiyməti-1580 AZN və mənzilin ümumi sahəsi 1114 kv.m. olaraq göstərilmişdir. Bəli, onlar müqavilə imzalayarkən hələ tikilməkdə olan mənzilin qiyməti və ümumi sahəsi kimi rəqəmlərdə razılaşmışlar. Onun da şikayəti elə mənzilin müqaviləsindəki faktlardan yox, hazır olduqdan sonra onun ümumi sahəsinin müqaviləyə və mənzilin sxeminə uyğun gəlməməsindən ibarətdir. Ancaq cavabdeh şəxs təqdim etdiyi “etiraz”da heç bir qanuna əsaslanmır və onun irəli sürdüyü tələblərin tamamilə əsassız və qanunsuz olduğunu dəfələrlə təkrarlayır. Məhkəməni sanki məntiqsiz fikirləri ilə həqiqətən yayındırmağa çalışır. Yuxarıda qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir.
5. Daha sonra İddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək bildirilmişdir ki, ekspertin rəyində mənzilin ümumi sahəsi 103.4 kv.m. müəyyən olunaraq göstərilmişdir. Bu rəqəmin onun iddiasından (103 kv.m) 0.4 kv.m artıq (103.4kv.m) olduğunu nəzərə alaraq ona dəymiş maddi zərəri dəqiqləşdirmək və cavabdehə qarşı pul tələbimi yeniləmək istəyir. MTK mənzilin ümumi sahəsini 111.4 kv.m hesablayaraq ona satmışdır. Ekspert rəyində isə 103.4 kv.m müəyyən olunmuş və göstərilmişdir. Müqayisə etdikdə fərq 8.0 kv.m. alınır. MTK-nın qanunazidd hərəkətləri nəticəsində ona dəyən maddi zərər aşağıdakı kimidir: 12640 AZN - artıq hesablanmış 8,0 kv.m sahəyə görə ödəniş, 7223,42 AZN - 12640 AZN ödənişə hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri, 166.4 AZN - artıq hesablanmış 8,0 kv.m sahə üzrə 52 aylıq komunal ödəniş haqları. Ümumilikdə MTK tərəfindən ona ödənilməli məbləğ 20029,82 AZN təşkil edir. Qeyd olunanlara əsasən "xxxx" MTK-dan ona dəymiş maddi zərərin tam ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh MTKda mənzil alarkən aralarında bağlanmış müqaviləyə əsasən MTK ona 111 kv.m sahənin verilməsini öz üzərinə götürsə də, mənzilə çıxarış alınarkən ona məlum olmuş ki, mənzilin faktiki sahəsi 103 kv.m-dir. Bununla da MTK üzərinə götürülmüş öhdəliyi yerinə yetirməmiş və onun hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin daşınmaz əmlaklarla bağlı AR MM-də birbaşa göstərilir ki, həmin müqavilələr notarial qaydada təsdiq edilməli və dövlət qeydiyyatına alınmalıdır. Həmin müqavilə notarial qaydada təsdiq edilmədiyindən hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa, o, hüquqşünas deyil və həmin müqaviləni oxumadan imzalamışdır. Əgər məlumatı olsa idi ki, ona aşağı kvadrat metrli mənzil veriləcək və ondan daha yüksək pul alacaqlar, bunu qəbul etməz və bugün bununla bağlı məhkəməyə müraciət etməzdir. Bu halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə mübahisəli mənzillə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.5-ci və 8.6-cı bəndlərinə əsasən müəyyən edilir ki, iddiaçıya satılan mənzilin sahəsi işçi layihə və mənzilin sxeminə uyğun olaraq iddiaçı ilə razılaşdırılmış və iddiaçı həmin şərtlərlə müqaviləni təsdiq etmişdir. O, bununla bağlı iddiaçı ilə əlaqə saxlamış və bildirmişdir ki, işçi layihə ilə birlikdə ekspert dəvət edək və mənzilin sahəsi ölçülsün, lakin iddiaçı bunu qəbul etməmişdir. Bundan sonra onlar iddiaçının mənzilin altında yerləşən mənzilin sahibindən icazə almışlar və iddiaçının mənzili ilə eyni ölçüyə malik olduğu üçün onun sahəsini ölçmüşlər. Bu zaman məlum olmuşdur ki, müqaviləyə uyğun kv.m-li mənzil veilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə də razı deyillər. Həmin rəyin onların əldə etdikləri ekspert rəyi ilə ziddiyyət təşkil etməsi ilə bağlı tərəflərindən Ədliyyə Nazirliyə müraciət edilmişdir. İddiaçı mənzilin sahəsi ilə bağlı məlumatlı olmuşdur. Bundan başqa, iddiaçı tərfindən iddia müddəti də ötürülmüşdür. Odur ki, bu halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" MTK ilə xx.xx.2018ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 111.4 kv.m. olan mənzili almış və xx.xx.2019-cu il tarixdə iddiaçı mənzilə dair Çıxarış əldə edərkən ümumi sahənin ölçüsündə fərqin yarandığını görmüşdür. Hazırda iddiaçı bağladığı müqavilə üzrə müqavilədən 8,0 m2 az olduğunu iddia edərək artıq ödənilmiş pulu, hesablanmış illik 7 faiz olmaqla 14 illik ipoteka faiz ödənişləri və artıq hesablanmış 8,0 kv.m sahə üzrə 52 aylıq komunal ödəniş haqlarını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan «Kooperativ» qismində Cavabdeh MTK ilə «Payçı» qismində İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsindən görünür ki, «MTK» pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllədə tikilməkdə olan 2-ci blok, 7-ci (B) mərtəbə, 155 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). «Payçı» bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 3224-cü məhəllədə tikilməkdə olan 2-ci blok, 7-ci (B) mərtəbə, 155 №-li, 3 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri «MTK»-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. (bənd 1.2). Mənzilin ümumi sahəsi 114.4 kv.m təşkil edir. (bənd 2.1). Mənzilin ümumi dəyəri 176012 AZN təşkil edir. (bənd 2.2). «Payçı» xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda balkon və digər sahələr qeyd edilməyə bilər. (bənd 8.6).
11. Mülki işin materiallarında olan «Satıcı» qismində "xxxx" MTK ilə «Alıcı-İpoteka qoyan» qismində İddiaçı və «İpoteka saxlayan» qismində «NBCBANK” ASC-nin Nəsimi filialı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 11/188/AİFK mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı, ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21- 05***-*******9 olan Hüquqların qabaqcadan qeydiyyatıbarədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzil haqqında aşağıdakı məlumatlar mövcuddur: mənzilin nömrəsi: 5, ümumi sahə: 111.4, yaşayış sahəsi: 68,5, otaqların sayı: 3, yerləşdiyi binanın mərtəbəliyi: 16. (bənd 1.2)Mənzilin satış qiyməti 176012 manatdır, mənzilin dəyərinin 35212 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 140800 manat məbləğində olan hissəsi isə kreditor –ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş krediti vəsaiti hesabına ödənilir. (bənd 1.4).
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,70 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 245, mənzil 25 İsmayılova Gülnarə Fı̇ ruddin qızının mülkiyyətindədir.
13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrini tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 117B, 117C, mənzil 155 İddiaçı mülkiyyətindədir.
14. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş X1 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsində görünür ki, "xxxx" MTK ilə X7 arasında bağlanmış ********* nömrəli, xx.xx.2017-ci il tarixli payçı müqaviləsinin şərtlərinə müvafiq olaraq, "xxxx" MTK tərəfindən inşa olunmuş ünvan 3 ünvanında yerləşən 134 saylı, 3 otaqlı mənzilin faktiki sahəsinin, müqaviləyə əlavə edilmiş 111.4 kv.m mənzilin lahiyəsinə uyğun olduğu müəyyən edilmişdir.
15. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində mənzilin ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. dəhliz (giriş hissə) 9.7 m2
2. sanitar qovşaq (faktiki olaraq texniki otaq kimi istifadə edilən) 1.7 m2
3. sanitar qovşaq 4.8 m2
4. mətbəx 17.9 m2
5. yaşayış otağı 13.7 m2
6. yaşayış otağı 17.8 m2
7. yaşayış otağı 34.8 m2
8. balkon 0.84 m2 (2.80 m2 x 0.3)
9. locia 1.8 m2 (3.6 m2 x 0.5). Cəmi: faktiki – 106.8 m2 , ümumi – 103.4 m2. Aparılmış tədqiqat nəticəsində ünvan 3 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndində qeyd olunan azaltma əmsalları tətbiq edilməklə 103.4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. ünvan 3 ünvanında yerləşən 155 saylı mənzilin faktiki sahəsinin 106.8 kv.m, ümumi sahəsinin isə 103.4 kv.m təşkil etdiyini nəzərə alaraq həmin mənzilin faktiki və ümumi sahəsinin mülki iş materiallarında olan, mübahisə predmetini təşkil edən mənzilə dair tərtib edilmiş eskiz-layihəyə uyğun olmadığı müəyyən edilmişdir.
16. Mülki işin materiallarında olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi bildirilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərtib olunmuş texniki pasporta və inventarlaşdırma qaydalarına əsasən, mənzilin ümumi sahəsi hesablanarkən otaqlar arasında yerləşən arakəsmələrin, şaxtaların və sütunların çıxıntılarının tikintialtı sahələri ümumi sahədən çıxılır. Bundan başqa mənzilin balkon sahəsi şəhərsalma qaydalarına əsasən 0.3 əmsalına vurularaq ümumi sahəyə daxil edilir. Qeyd olunan mənzildə də yuxarıda göstərilən qaydalara əsasən mənzilin ümumi sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur.
19. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 117B, 117C, mənzil 155 ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda mənzilin faktiki və ümumi sahəsinin mübahisə predmetini təşkil edən mənzilə dair tərtib edilmiş eskiz-layihəyə uyğun olmadığı olduğu müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
26. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
30. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Məhkəmə hesab edir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilədən az olmuş (111.4- 106.8= 4.6 kv.m sahə), bu da nəticədə artıq ödənişə səbəb olmuşdur.
33. Lakin məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır.
34. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
36. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
37. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
38. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş ərizədə iddia müddətinin keçdiyinin bildirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia tələbi, həmçinin həmin tələbdən irəli gələn tələblər təmin oluna bilməz.
39. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vermiş olduğu izahata əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilə fevral 2018-ci il tarixdə iddiaçının özü tərəfindən baxış keçirilmiş və o, bu halda həmin mənzilin ölçüləri ilə tanış olmuş və bundan sonra həmin ölçülərin düzgün olub-olmaması barədə məlumatlı olmalı və ölçü aparmalı idi. Lakin qeyd edilən hallara iddaçı diqqət yetirməmiş və qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
46. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza təqdiqatının aparılmasına görə 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.