Məhkəmə qərarları › İş №2(006)-1931/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1931/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1931/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx xxxxxxxx 2003-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxx 2005ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 doğulub. Cavabdehlə nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yaşamışlar. İddiaçı Cavabdeh tərəf olaraq ona qarşı “nikahın pozulması və uşaqların ananın himayəsində saxlanması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-956/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında bağlanılmış xx xxxxxxxx 2003-cü il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx xxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. İş üzrə Cavabdeh nikah pozulduqdan sonra, yəni 2016-cı ildən Almaniyaya getmişdir. 4 ildən artıq müddətdir ki, cavabdeh ünvan 1 ünvanında yaşamır. Göstərilənlərə əsasən Cavabdeh ünvan 1 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin Cavabdeh ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasına əsas olması barədə qətnamə çıxarılması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, 36 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh 2016-cı ildə mənzildən getmiş və həmin vaxtdan etibarən Almaniya Federativ Respublikasında yaşayır. Buna görə də Cavabdeh ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilməlidir. Göründüyü kimi, cavabdehin 4 ildən artıqdır mülkiyyətində olan mənzili tərk edərək, hazırda Almaniya Federativ Respublikasında yaşaması işin mübahisəsiz halıdır. Cavabdehin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Şəxsin mənzildə hazırda yaşamaması və ümumiyyətlə ölkəni tərk etməsi onun mənzildə yaşamaq istəməməsini təsdiq edir. Cavabdehin mənzildə formal olaraq pasport qeydiyyatında qalması mülkiyyət hüququnu məhdudlaşdırır. Odur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, 36 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması zəruridir. Göründüyü kimi, qanunverici yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehin 4 ildən artıq mənzildə yaşamaması, özünə yeni yaşayış yeri əldə etməsi, ölkəni tərk etməsi, mənzilə köçmək üçün iradə ifadəsi nümayiş etdirməməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)- 956/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2003-cü il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2003-cü il tarixdə 2099 №-ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalması qət edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 7 saylı evin 36 saylı mənzili Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında X3, X4 və Cavabdeh qeydiyyatdadırlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, 36 saylı mənzil 46 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə/4-668 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmiş, 13 saylı DNK-nın xx.xx.2010-cu il tarixli 2v-1-09 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1699 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/883 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Cavabdeh 2016-cı il tarixindən 2019-cu il tarixədək müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxışları qeydə alınmışdır. İş materiallarından görünür ki, tərəflər 2003-cü il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(006)-956/2016 saylı qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Habelə iş materiallarından görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə (yəni nikaha xitam verildikdən sonra) 4Ə/883 reyestr nömrəli “bağışlama müqaviləsi” ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 7, 36 saylı mənzilə olan mülkiyyət payını keçmiş həyat yoldaşı İddiaçı bağışlamışdır. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə mülkiyyətçi qismində mövcud olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə məhkəmə iddianın “Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar