Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1952/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin (hazırda Maliyyə şöbəsi) xx.xx.2020-ci il tarixli, K-25 №-li əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) iddiaçının xx.xx.2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektorunun aparıcı məsləhətçisi-mühasibi vəzifəsində işləyirdi və maliyyə sistemində 33 ildən artıq iş stajı vardır. Struktur dəyişikliyi ilə əlaqədar İdarənin müəyyən işçiləri 13 saylı X2 təyinat almaqla, qalan işçilər isə Maliyyə İdarəsinin bazasında yaradılmış Maliyyə şöbəsində işlə təmin edilmişlər. İddiaçı da xx.xx.2020-ci ilə kimi işə gəlib-getmişdir. xx.xx.2020-ci il tarixində iş yoldaşları iddiaçıya ərizə nümunəsi təqdim edərək yenidən işə qəbul olunmaq üçün bu nümunəyə uyğun işdən çıxma haqqında ərizə yazıb və həmin ərizəyə xx.xx.2020-ci il tarixinin qoyulmasını bildirdilər. Məlum olduğu kimi hazırda əmək qanunvericiliyində işçilərin köçürülməsi (perevod) anlayışı (müddəası) olmadığı üçün, yəni əməkdaş işdən azad olunması üçün ərizə yazdıqdan sonra yenidən işə götürülür. İddiaçı da buna əsaslanaraq həmin nümunəyə uyğun ərizəni yazıb, deyilən tarixi qoyub verdi. Həmin ərizəni yazdıqdan 9 gün sonra, yəni xx.xx.2020-ci il tarixində işə gəldikdə, mühafizəçilər iddiaçını binaya buraxmadılar və bildirdilər ki, o, xx.xx.2020-ci il tarixdən işdən azad olunmuşdur. İddiaçı işə buraxılmadığı üçün cavabdeh Maliyyə Nazirliyinə dörd dəfə - xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə elektron formada, xx.xx.2020-ci il tarixdə məktubla müraciət etmiş, xx.xx.2020-ci il tarixində isə teleqram ünvanlamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi şəxsən iddiaçını qəbul edərək, şikayətini dinləmiş və Saatlı rayonu üzrə Maliyyə şöbəsində aparıcı məsləhətçi vəzifəsinə bərpa olunacağını bildirmişdir. Saatlı şəhərinə qayıtdıqdan sonra Maliyyə şöbəsinin rəisi iddiaçını işə dəvət etməmişdir. İddiaçı dəfələrlə cavabdeh Maliyyə Nazirliyinin nümayəndələri ilə telefon əlaqələri saxlamağa cəhd etsə də, telefonları açmamışlar. İddiaçının dövlət qulluğuna xx.xx.2020-ci il tarixində xitam verilmişdir. 2020-ci ilin təqviminə nəzər saldıqda görünür ki, xx.xx.2020-ci il tarixi bazar günüdür. Həmin tarixdə heç bir dövlət müəssisə və idarələri işləmir, yəni istirahət günüdür. O cümlədən, Saatlı rayonu üzrə Maliyyə İdarəsi də həmin tarixdə işləməmişdir. Əgər həqiqətən iddiaçı işdən çıxmaq haqqında özü ərizə yazmışdırsa, onda iddiaçıdan həmin ərizənin tarixinin dəyişdirilməsi tələb edilməli idi. Cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsi həmin tarixdə işləmədiyi halda, xx.xx.2020ci il tarixində iddiaçının yazdığı ərizə əsasında xx.xx.2020-ci il tarixdə onun dövlət qulluğuna xitam vermişdirsə, bu halda hər iki sənəd - iddiaçının yazdığı həmin ərizə və əmr etibarsız hesab edilərək, ləğv edilməlidir. Göründüyü kimi həmin tarixdə, yəni istirahət (bazar), qeyri-iş günündə iddiaçının dövlət qulluğuna xitam verilməsi, cavabdehin Saatlı rayonu üzrə Maliyyə İdarəsi tərəfindən qanunvericiliyin ciddi və kobud şəkildə pozulmasıdır. Bu hal İdarənin saxtakarlığını açıq şəkildə göstərir. Əmrin və iddiaçının dövlət qulluğuna xitam verilməsinin tarixlərinin xx.xx.2020-ci il göstərilməsi, yəni həmin əmrdə tarixlərin istirahət (bazar) günün göstərilməsi bu əmrin etibarsız hesab edilərək, ləğv edilməsi üçün əsasdır. İddiaçının öz arzusu (xahişilə) işdən çıxmağı üçün heç bir hüquqi əsas da yoxdur. Yəni, hazırda iddiaçı pensiya yaşında deyildir ki, yaşa görə pensiyaya çıxsın. İddiaçı əlil deyildir ki, əlillik qrupuna görə pensiyaya çıxsın, təhsilini davam etdirmək üçün hər hansı təhsil müəssisəsinə daxil olmamışdır ki, təhsilini davam etdirmək üçün işdən çıxsın, yeni yaşayış yerinə köçmür (əvvəl də Saatlı şəhərində yaşamış, yenə də həmin şəhərdə yaşayır) və başqa işəgötürənlə yeni əmək müqaviləsi bağlamamışdır. İddiaçı həm də bir ailə başçısıdır. Himayəsində iki məktəbyaşlı övladı və həyat yoldaşı vardır. Onların ehtiyaclarının təmin edilməsi üçün iddiaçı mütləq işləməlidir. Əgər iddiaçının dövlət qulluğuna xx.xx.2020-ci il tarixində xitam verilmişdirsə, onda əmrin surəti və əmək kitabçası iddiaçıya həmin gün və ya ən geci xx.xx.2020-ci il tarixdə verilməli idi. Dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra xx.xx.2020-ci il tarixində, işdən azad edildikdən 4 (dörd) aydan artıq müddət keçdikdən sonra vermiş və həmin əmr idarənin möhürü ilə də təsdiq edilməmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını faktiki olaraq xx.xx.2020-ci il tarixində almışdır. Saatlı rayonunun Maliyyə şöbəsi tərəfindən iddiaçıya iki dəfə - 2020-ci ilin oktyabr ayının 2-i və 8-i tarixlərində göndərilmiş teleqramlarında yalnız əmək kitabçasının alınması göstərilmişdir. İddiaçı şöbə ilə telefon əlaqələri saxlayaraq ona yalnız əmək kitabçası deyil, əmrin surətinin də verilməsini tələb etdikdən sonra, nəhayət ki, xx xxxxxxx 2020-ci il tarixində hər iki sənəd- xx.xx.2020-ci il tarixli əmrin surəti və əmək kitabçası verildi. İddiaçının hüququnun pozulduğu aşkar edildiyi gün məhz xx.xx.2020-ci il tarixdən hesablanır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tabeliyində olan Saatlı rayonu üzrə Maliyyə İdarəsinin (hazırda maliyyə şöbəsinin) xx.xx.2020-ci il tarixli əmrinin etibarsız hesab edilərək ləğv olunması, iddiaçının Saatlı rayonu üzrə Maliyyə şöbəsində dövlət qulluğuna bərpa olunmağı və əmək kitabçasının xx.xx.2020-ci il tarixində verilməsi nəzərə alınaraq, əmək kitabçasının verilməsi ləngidildiyi üçün işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, başqa işə keçməyi ilə əlaqədar olaraq həmin gündən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş edir. İşin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin R-25 №-li, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları uçotu sektorunun aparıcı məsləhətçi-mühasibi İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin regional xəzinədarlıq idarələri yaradılmış və rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinədarlıq funksiyaları həmin regional xəzinədarlıq idarələrinə verilmişdir. Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu sektorlarında çalışan bütün işçilərə, o cümlədən İddiaçı yeni yaradılmış regional xəzinədarlıq idarələrində müvafiq vəzifələrdə işləmək təklif olunmuş və təklifi qəbul etmiş işçilərin təyinatları aparılmışdır. Nazirlikdə olan məlumata görə İddiaçı 13 saylı X1 işləmək təklif olunmuş, lakin o, həmin vəzifədən imtina etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı Maliyyə Nazirliyinin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsində qəbul edilərkən X1 işləmək təklifindən imtina etdiyini təkrar bildirmişdir. Hal-hazırda İddiaçı Nazirliyin Saatlı Rayonu üzrə Maliyyə Şöbəsinin Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunda əvvəlki vəzifəsinə uyğun olan vakant aparıcı məsləhətçi-xərclər üzrə vəzifəsində işləmək təklif edilir. Bu təklifə münasibəti qısa müddətdə Nazirliyin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinə bildirilməsi xahiş olunur. Qısa müddət ərzində (məktub alındığı gündən 10 gün müddətində) təklifə münasibət bildirilməyəcəyi halı təklifdən imtina kimi qiymətləndiriləcəkdir. İş materiallarında olan Saatlı rayonu üzrə Maliyyə Şöbəsinin işçilərinin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş iclasın protokolundan görünür ki, iclası açan Saatlı Rayonu üzrə Maliyyə Şöbəsinin rəisi X5 İddiaçı bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə strukturda müvafiq işlə təmin edilmək arzusunda olmağı barədə müraciət etmişdir. Həmin məsələ ilə əlaqədar edilmiş müraciətə Azərbaycan Respublikası Maliyyə Nazirliyində baxılmışdır. Məsələnin həlli ilə əlaqədar olaraq, yəni onun Saatlı Rayonu üzrə Maliyyə Şöbəsinə müvafiq işlə təmin edilməsi haqqında Saatlı Rayonu üzrə Maliyyə Şöbəsinə məktub göndərilmişdir. Qeyd olunan məktub şöbənin kargüzarlığına daxil olmamışdan əvvəl şöbənin kargüzarı böyük mütəxəssisi tərəfindən şəxsi telefona zəng edilmiş və şöbədə müddətli müqavilə ilə iş təklif edilmişdir. Zəng zamanı o, müqaviləli şərtlərlə işləmək istəmədiyini bildirərək qəti etiraz etmişdir. Maliyyə Nazirliyindən şöbəyə daxil olmuş məktubun icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə şöbənin kargüzarı tərəfindən yenidən zəng edilmiş və onu şöbəyə dəvət etmişlər. O, isə xx xxxxxx 2020-ci il tarixində şəxsi işi ilə əlaqədar Bakı şəhərində olduğunu bildirmiş,xx xxxxxx 2020 - ci ildə gələ biləcəyini bildirmişdir. xx xxxxxx 2020-ci ildə onu Saatlı Rayonu üzrə Maliyyə Şöbəsində müddətli müqavilə ilə işləmək üçün dəvət etmişlər. İddiaçı Tahir Kazımov tərəfindən edilmiş təklifləri dinlədikdən sonra müddətli müqavilə ilə işləmək istəmədiyini bildirərək növbəti aylarda müsahibədə iştirak edərək dövlət qulluqçusu statusunu almaq istədiyini və müddətsiz olmaqla daimi dövlət qulluqçusu kimi işləmək istədiyini bildirdi. X8 Cəfərlinin fikirlərini dinlədikdən sonra bildirdi ki, yerli Maliyyə orqanının rəhbərinin dövlət qulluqçusu statusu olan vəzifələrə Dövlət İmtahan Mərkəzinin müsahibəsində iştirak etməmiş şəxslərlə müddətsiz müqavilə bağlamağa səlahiyyəti yoxdur. İddiaçı yenə də müqaviləli şərtlərlə işləmək istəməməsini bildirdi və imtahan qaydaları ilə maraqlandı. Gələcəkdə qeyd olunan dövlət qulluğu vəzifələrinin elanı zamanı daxili müsahibədə iştirak etmək və dövlət qulluqçusu statusunu qazanaraq şöbədə işləməyi üçün şöbə rəisi səlahiyyətləri çərçivəsində köməklik göstərilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları uçotu sektorunun aparıcı məsləhətçi-mühasibi İddiaçı dövlət qulluğuna xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən, yəni “dövlət qulluqçusunun öz arzusu ilə” əsası ilə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Göstərilən Qanunun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Eyni Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Göründüyü kimi İddiaçı könüllü şəkildə xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə strukturda müvafiq işlə təmin edilmək barədə müraciət etməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı iş təklifləri edilmiş, lakin o, müddətli müqavilə ilə işləmək istəmədiyini bildirərək növbəti aylarda müsahibədə iştirak edərək dövlət qulluqçusu statusunu almaq istədiyini və müddətsiz olmaqla daimi dövlət qulluqçusu kimi işləmək istədiyini bildirmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayonu üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa olunma və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1952/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1952/2021
08.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver