Məhkəmə qərarları › İş №2(006)-1955/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1955/2021

15.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1955/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızına qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin ləğv edilməsi, ona dəymiş mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı onun xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ləğv edilmişdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 01 oktyabr 2018-ci il tarixindən Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsində çalışmışdır. Fəaliyyət göstərdiyi müddətdə qazandığı iş təcrübəsi və fəaliyyət bacarıqları sayəsində Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin fəaliyyətinə böyük töhfələr vermişdir. Lakin buna baxmayaraq Cavabdeh2 MMC-nin rəhbərliyi, xüsusilə hazırki iddia ərizəsi üzrə Cavabdeh1 tərəfindən haqsız narazılıqlara, işdən çıxarılma ilə bağlı təhdidlərə, qanunsuz və əsassız yoxlama və araşdırmalara məruz qalmışdır. Bunun mənasız və məntiqsiz nəticəsi olaraq 07 yanvar 2021-ci ildə iddiaçının barəsində 02-K/2021 saylı əmr çıxarılmışdır. Əmrə əsasən iddiaçı İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsindən azad olunaraq, protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdi. Adıçəkilən əmri guya “əsaslandırmaq” istəyən Cavabdeh1 iddiaçının vəzifəsinin aşağı salınmasını 2020-ci ildə qlobal artım perspektivlərinin daha da pisləşməsini və ölkədə yaranan mövcud vəziyyətlə əlaqələndirmişdir. Əmr çıxarıldıqdan sonra iddiaçıya yeni əmək müqaviləsinin bağlanması barədə razılaşma da göndərilmişdir. Barəsində çıxarılmış aşağı vəzifəyə keçirmə barədə 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmr qanunsuz və ədalətsiz olduğu üçün iddiaçının mənəvi zərər almağı ilə nəticələnmişdir. İddiaçıya mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2020-ci ildə qlobal iqtisadi artım perspektivlərinin daha da pisləşməsi və ölkədə yaranan mövcud vəziyyətlə əlaqədar Cavabdeh2 MMC-nin strukturunda dəyişiklikləri aparılması zərurəti yarandığından Cəmiyyətin Maliyyə, İnsan resursları və İnzibati İşlər üzrə Departamentləri ləğv edilmiş, Cəmiyyətdə Maliyyə və İnzibati İşlər üzrə Departament yaradılmış, İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin funksiyaları Maliyyə və İnzibati İşlər üzrə Departamentinə keçirilmiş, Cəmiyyətin ştat cədvəlində protokol üzrə mütəxəssis yeni ştat vahidi yaradılmışdı. Göründüyü kimi, aparılan struktur dəyişiklikləri sırf biznes prosesləri ilə əlaqəli olmuş, hazırda Cəmiyyətin işçilərinin sayının çox olmaması səbəbindən ayrıca İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin saxlanmasına zərurət qalmamışdı, həm də həmin departamentin yeganə işçisi cavabdeh İddiaçı olmuşdur. Onun əmək hüquqlarını pozmamaq üçün verilən əmək haqqında heç bir dəyişikliklər olmamışdı. Biznes proseslərinin effektiv idarə edilməsi və optimallaşdırılması üçün cavabdehin razılığı tələb olunmur. Cavabdeh iddia ərizəsində hər yerdə onun Cavabdeh1 adına istinad edir, halbuki, Cavabdeh1 əmri öz adından deyil, Cavabdeh2 MMC-nin adından işəgötürən qismində çıxış etməklə vermişdir. Bundan başqa cavabdeh iddia ərizəsində “Cavabdeh1 tərəfindən haqsız narazılıqlara, işdən çıxarılma ilə bağlı təhdidlərə, qanunsuz və əsassız yoxlama və araşdırmalara məruz qalmışdır” kimi ifadələrə yer verməklə Cavabdeh1 işgüzar nüfuzuna xələl gətirməklə zərər vurmuşdur. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 MMC-nin və Maraqlı şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 02-K/2021 saylı əmrdən çıxarışda qeyd edilir: “2020-ci ildə qlobal iqtisadi artım perspektivlərinin daha da pisləşməsi və ölkədə yaranan mövcud vəziyyətlə əlaqədar, Cəmiyyətin strukturunda dəyişiklikləri aparılması zərurəti yaranmışdır. Struktur dəyişiklikləri ilə əlaqədar Cəmiyyətin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin rəhbəri 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilsin, əmək haqqı ştat cədvəlinə uyğun olaraq sallanılmaqla, protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilsin və onunla yeni əmək müqaviləsinə əlavə bağlanılsın”. İş materiallarında olan Cavabdeh2 MMC-nin 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrdən görünür ki, İddiaçı-struktur dəyişiklikləri ilə əlaqədar Cəmiyyətin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin rəhbəri 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş, əmək haqqı eyni saxlanılmaqla Cəmiyyətin protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş və onunla yeni müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin 3 tətbiqinin məhkəmə təcrübəsi haqqında” 23.12.1993-cü il tarixli Qərarının 14-cü bəndinə görə, işçilərin sayı və ya ştatı ixtisar edilərkən, müdiriyyət yaxın peşələr və vəzifələr daxilində işçilərin yerini dəyişdirə (yenidən qruplaşdıra) bilər və vəzifəsi ixtisar olunan daha yüksək ixtisaslı işçini onun razılığı ilə daha aşağı ixtisaslı işçinin vəzifəsinə keçirə bilər və göstərilən əsas üzrə aşağı ixtisaslı işçini həmin vəzifədən azad edə bilər. Əgər müdiriyyət bu hüquqdan istifadə etməmişdirsə, məhkəmə belə yerdəyişmənin (yenidən qruplaşdırmanın) məqsədəuyğunluğu məsələsini müzakirə etməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsınin “a” bəndinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; “ə” bəndinə görə, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarıdır. 12-ci maddəsinin “c” bəndinə görə, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43.4-ci maddəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 56-cı maddəsinin 1-ci hissəsinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddəsinin 2-ci hissəsinə görə, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 59-cı maddəsınə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 01 oktyabr 2018-ci il tarixindən Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsində çalışmışdır. Həmin departamentin yeganə işçisi cavabdeh İddiaçı olmuşdur. Cavabdeh2 MMC-nin strukturunda dəyişiklikləri aparılması zərurəti yarandığından Cəmiyyətin Maliyyə, İnsan Resursları və İnzibati İşlər üzrə Departamentləri ləğv edilmiş, Cəmiyyətdə Maliyyə və İnzibati İşlər üzrə Departament yaradılmış, İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin funksiyaları Maliyyə və İnzibati İşlər üzrə Departamentinə keçirilmiş, Cəmiyyətin ştat cədvəlində protokol üzrə mütəxəssis yeni ştat vahidi yaradılmış və İddiaçı həmin vəzifəyə kecirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı barəsində çıxarılmış aşağı vəzifəyə keçirilmə barədə 07 yanvar 2021-ci il tarixli, 02-K/2021 saylı əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək qaydalarına əməl olunmaqla çıxarılmışdı. Ona görə də məhkəmə hesab edir ki, “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi” barədə iddia tələbi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin «mənəvi ziyana görə 15.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” İddiaçı mənəvi zərəri və əldən çıxmış faydanı birləşdirərək bir məbləğdə tələb edir. Halbuki, həmin zərərlərin məbləğləri ayrı-ayrılıqda ifadə olunmalı, iddiaçı həmin məbləğdə maddi zərərə uğramasına və mənəvi zərərə məruz qalmasına dair sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı isə bu cür sübutları məhkəməyə təqdim etmir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızına qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərkən qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı onun xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin Cavabdeh1 öz iddiasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Odur ki, Cavabdeh1 qarşılıqlı iddiası əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızına qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qızına qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar