Məhkəmə qərarları › İş №2(006)-1957/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1957/2024

23.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1957/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afiq Nəzərovun onunla əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xeyli müddətdir ki, İmişli Lokomotivlərin istismarı deposunda qüsursuz olaraq teplovoz maşinisti işləmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2023-cü il tarixli əmri ilə onunla əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndi ilə pozulmuşdur. Səbəb də xx.xx.2023-cü ildə yanacaq istifadə vəziyyəti yoxlanarkən teplovozlarda 372 və 516 kq dizel yanacağının qənaətlə istifadə edilmədiyi, yanacağın israfına yol verildiyinin aşkar olunması göstərilmişdir. Bunda onun heç bir təqsiri olmamışdır. Onun yanacaq mənimsəməsi barədə heç bir fakt olmamışdır. İmişli st. X14 apardığı araşdırma zamanı da əməlində cinayət tərkib olmadığı müəyyən edilib cinayət işinin baslanılması rədd edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla belə yanacaq əskikliyi onun əmək haqqından tutulmuşdur. Onun işlədiyi müddətdə heç bir qüsuru olmamış, heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Əmrdə göstərilir ki, müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd ilə pozulmuşdur. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi uzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Bu hallar əməlində aşkar edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin xx.xx.2023-cü il tarixli əmri tam qanuni və əsaslıdır. ADY-nin Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin İmişli lokomotivlərin istismarı deposunda xx.xx.2023-cü il tarixində yanacaq istifadə vəziyyəti təhlili çərçivəsində xx.xx.2023-cü il tarixində 3TE10M-1336/58AB saylı teplovozun istismarı zamanı 372 kq (445,50 litr), xx.xx.2023-cü il tarixində 3TE10M-1354AB saylı teplovozun istismarı zamanı isə 516 kq (617,96 litr) dizel yanacağının qənaətlə istifadə edilmədiyi, bununla bağlı vəzifələrin lazımi qaydada icra edilmədiyi və yanacağın israfına yol verilməsi faktı müəyyən edilmişdir. Bundan sonra, fakt dərhal aktlaşdırılmış, maşinist köməkçisi X6 və həmin teplovozun maşinisti (iddiaçı) İddiaçı izahat tələb edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 3TE1 OM 1336/58 saylı teplovozla İmişli-Horadiz- Hacıqabul sahəsində işdə olan zaman 372 kq (445.50 litr) yanacaq israfçılığına yol vermişdir. Vurduğu ziyanın əmək haqqından hissə-hissə tutulmasına razıdır. Bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Həmçinin, iddiaçı növbəti izahatında isə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən 2TEM-1354 saylı teplovozla Horadiz- İmişli mənzilində hərəkətdə olarkən 516 kq (617.96 litr) yanacaq israfına yol vermişdir, səbəb isə lokomotiv düzgün işləmədiyi üçün artıq yanacaq işlənməsi olmuşdur. Maşinist köməkçisi X12 isə izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə teplovozda maşinist İddiaçı ilə Horadiz-Mərcanlı mənzilində hərəkətdə olan zaman maşinist teplovozu saxlayıb, tanımadığı adamları lokomotivə götürüb 22 kanistr yanacağı onlara təhvil verərkən maşinistlə mübahisə edərək niyə oğurluq etdiyini ondan soruşmuşdur. Maşinist (yəni, iddiaçı) ona fikir verməyərək hərəkətinə davam etmişdir. Lokomotivin döşəməsinə yanacaq töküldüyü üçün o yıxılmış və xəsarət almışdır. Bundan sonra növbətçiyə zəng edərək İddiaçılə işləmək istəmədiyini bildirmişdir. ADY-nin Yük daşımaları Departamentinin İmişli lokomotivlərinin istismarı deposunun rəisi yanında keçirilmiş müşavirənin xx.xx.2023cü il tarixli protokoluna əsasən müəyyən edilmişdir ki, teplovoz maşinisti İddiaçı xx.xx.2023-cü il tarixində TE33A-0291 saylı teplovozla 346 kq (414.37 litr) dizel yanacağın israfçılığına yol verdiyi üçün xx.xx.2023-cıı il tarixli Əmrlə ona intizam tənbehi (töhmət) elan edilmişdir. Buna baxmayaraq, İddiaçı təkrar olaraq xx.xx.2023-cü il tarixində 3TE10M- 1336/58AB saylı teplovozla 372 kq (445.50 litr) və xx.xx.2023-cü il tarixində 3TE10M- 1354AB saylı teplovozla 516 kq (617.96 litr) dizel yanacağın israfçılığına yol vermiş, Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.1999-cu il tarixli 418/H nömrəli əmri ilə təsdiq olunmuş “X9”nın 16.38-ci bəndinin 4-cü başlığının (elektrik enerjisini və yanacağı qənaətlə işlətməklə lokomotivin gücündən səmərəli istifadəni təmin etmək) tələblərini və Azərbaycan Dövlət Dəmir Yolunun “Lokomotiv briqadalarının vəzifə təlimatı”nın 2.2.8-ci bəndinin (yanacaq və enerji resurslarını, sürtgü və digər materialları qənaətlə istifadə etmək, təyin edilmiş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq) tələblərini yenidən pozmuşdur. Yəni İddiaçı xx.xx.2023-cü il tarixli 13-1-23/3-14-25464/2023 nömrəli əmri ilə tətbiq edilən intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrinin icrasında məsuliyyətsizlik nümayiş etdirərək əmək intizamını təkrarən ciddi şəkildə pozmuş, nəticədə təqsirli hərəkətləri ilə ADY-yə qəsdən maddi ziyan vurmuş, habelə əməkdaşlar arasında intizamsızlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. Bir sözlə, iddiaçı AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək funksiyasını vicdanla yerinə yetirmək) bəndinin, AR Nazirlər Kabinetinin 24 iyun 2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 2.1.5-ci (etibar edilən əmlakın saxlanmasını təmin etmək) və 2.1.7-ci (əmək məsrəfləri normativlərinin yerinə yetirilməsinə səy göstərmək) bəndlərinin, habelə vəzifələri ilə birbaşa aid olan Azərbaycan Dövlət Dəmir Yolu xx.xx.1999-cu il tarixli 418/H nömrəli əmri ilə təsdiq olunmuş “X2 16.38-ci bəndinin 5-ci abzasının (yanacağı qənaətlə işlətməklə lokomotivin gücündən səmərəli istifadəsini təmin etmək) və “Lokomotiv briqadalarının vəzifə təlimatı”nın 2.2.8-ci bəndinin (yanacağı qənaətlə istifadə etmək, təyin edilmiş normalara riayət etmək) tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqədar işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ADY Yük daşımaları departamentinin X4 komitəsinin Rəyasət heyəti iclasının xx.xx.2023-cü il tarixli 82 nömrəli protokoldan çıxarışına əsasən İmişli Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti İddiaçı əmək funksiyasını kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilib. Bundan əlavə qeyd olunmalıdır ki, AR DİN NBPİ X11 polis idarəsinin İmişli st. X14 xx.xx.2023-cü il tarixli 3-13-15-1-6/2-1223/11/2 saylı məktubuna əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə 3TE10M-1336/58 AB saylı teplovozda 372 kq (445,50 litr) və xx.xx.2023-cü il tarixdə 3TE10M-1354AB saylı teplovozda 516 kq (617,96 litr) dizel yanacağı israfına yol verdiyini, həmin tarixdə 22 kanistr dizel yanacağını maşinist köməkçisi Vüqar Əliyevin bildirməsinə görə tanımadığı şəxslərə satdığını bildirməsi barədə olan material İmişli st.XPŞ-nin istintaq və təhqiqat qrupu tərəfindən araşdırılmışdır. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli st.XPŞ-nin X3 göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə ADY-yə dəymiş ziyanı ödədiyi üçün həmçinin, barəsində başqa şikayət və tələb olmadığından AR İXM-nin 39.2 və 53.1.10-cu maddələrinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin İmişli lokomotivlərin istismarı deposunun Lokomotiv briqadasının teplovoz maşinisti İddiaçı intizam məsuliyyəti hissinin artırılması barədə Xidmətin rəisi Afiq Nəzərovun xx.xx.2023-cü il tarixdə verdiyi əmrdə Lokomotivlərin istismarı xidmətinin İmişli lokomotivlərin istismarı deposunun Lokomotiv briqadasının teplovoz maşinisti İddiaçı xx.xx.2023-cü il tarixdə TE33A-0291 saylı teplovozda 346 kq (404.03 lt) dizel yanacağının israfının aşkar edilməsi səbəbi ilə öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmədiyinə görə töhmət elan edilməsi, İmişli lokomotivlərin istismarı deposunun rəisi X5 işçinin əmrin mətni ilə tanış etməsi, Departamentin Sənədlərlə iş bölməsi əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolu QSC Yük Daşımaları Departamentinin X4 komitəsinin Rəyasət heyəti iclasının xx.xx.2023-cü il tarixdə protokoldan çıxarış №2dən görünür ki, İmişli Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti X8 əmək funksiyasının kobud şəkildə pozduğu üçün əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etməmişlər. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afıq Nəzərovun xx.xx.2023-cü il tarixdə verdiyi əmrdə xx.xx.2023-cü il tarixdə 3Te10M-1336/58AB saylı və xx.xx.2023-cü il tarixdə 3TE10M-1354AB saylı teplovozlarda 372 kq (445.50 lt) və 516 kq (617.96 kq) dizel yanacağının israfının aşkar edilməsi səbəbi ilə maşinist İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətlə yerinə yetirmədiyinə və əmək funksiyalarını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, İddiaçı tərəfindən ADY-yə vurulan 850.77 manat məbləğində ziyanın ondan tutulması ilə bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçıla son haqq-hesabın aparılmasını və Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi işlədiyi dövrdə istifadə etmədiyi 5.2 təqvim günü (xx.xx.2023xx.xx.2023-cü iş ili üçün) əsas məzuniyyətə görə pul əvəzinin ödənilməsinin təmin etməsi göstərilmişdir. İş materiallarında olan İmişli st.X14 İstintaq və təhqiqat qrupunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibinin olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, ona qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli st. XPŞ-nin X3 göndərilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı maşinist köməkçisi X10 ilə birlikdə 2TE10M markalı 1336/58 AB nömrəli teplovozu idarə edərkən teplovozdan dizel yanacağının oğurlanması və satılması baş verməmişdir. Həmin tarixdə teplovozdan dizel yanacağının oğurlanması təsdiq olmamışdır. Lakin, İddiaçı 12 oktyabr 2023-cü il tarixdə 3TE10M-1354AB saylı teplovozdan 494,37 manat dəyərində 516 kq (617.96 litr) dizel yanacağı talamışdır. Baş vermiş qeyd edilən oğurluq hadisəsi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi kimi qiymətləndirilməlidir. Lakin, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı ziyan vurulduğu hallarda yaranır. Buna görə də aparılmış ilkin tədqiqat araşdırmasının nəticələri ilə bağlı bu fakt üzrə Azərbaycan Respublikasının CM-in 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıla bilməz. Ona görə də İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməlidir. Lakin, İddiaçı əməlində Azərbaycan Respublikasının İXM-in 227-ci (xırda talama) maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli st.XPŞ-nin X3 göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi X11 Polis İdarəsi İmişli st.X18 tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində AR İXMnin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli st.XPŞ-nin X3 göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə "Azərbaycan Dəmir Yolları” QSCyə dəymiş ziyanı ödədiyi üçün, həmçinin barəsində başqa şikayət və tələb olmadığından Azərbaycan Respublikasının İXM-nin 39.2 və 53.1.10-cu maddələrinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən işlədiyi xidmət sahəsində xx.xx.2023-cü il tarixdə teplovozu idarə edərkən teplovozdan dizel yanacağının xırda talaması, öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmədiyinə görə töhmət elan edilməsi, sonradan isə Əmək Məcəlləsi 70-ci maddənin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hansı tarixdən, hansı əmrlə və hansı əsasla işdən azad edilməsi barədə ətraflı məlumatı olmuşdur. Belə ki, göstərilən məsələlərlə əlaqədar yazılı izahat vermiş, vurulmiş zərəri etiraf etmiş, hüquq mühafizə orqanlarında aparılan araşdırmalardan sonra vurulmuş zərəri aradan qaldırmış, barəsində qaldırılmış məsələlərlə bağlı ümumi yığıncaqda iştirak etmişdir. Azərbaycan Dəmir Yolu QSC Yük Daşımaları Departamentinin X4 komitəsinin Rəyasət heyəti İmişli Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti X8 əmək funksiyasının kobud şəkildə pozduğu üçün əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etməmişdir. İddiaçı barəsində tərtib edilmiş əmrlərdə göstərilən dizel yanacağının dəfələrlə israfını, qənaətlə istifadə edilməməsi səbəblərini teplovozların istismarında baş verən nasazlıqlarla əlaqədar olduğunu əsaslandırmağa çalışmış, lakin bu hallar barədə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən verilmiş işçinin işdən azad edilməsi barədə xx.xx.2023-cü-cü il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq eilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar