Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1961/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 650 (altı yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhərində yaşayır. 2023-cü ilin əvvəlində İnternet sosial şəbəkədə «İnstagram» - platformasında "xxxx" MMC şirkəti adı ilə iş elanı yerləşdirilmiş linkə daxil olmuş, daha sonra isə orada olan əməkdaş ilə əlaqə saxlamışdır. İddiaçı ilə "ReCen’' MMC-nin qanuni təmsilçisi və direktoru X4 arasında xx.xx.2023-cü il tarixində xaricdə işə düzəltmə xidmətinin göstərilməsi üçün müqavilə bağlanıb və ilkin ödəniş kimi müqavilənin 4.1-ci bəndində tələb olunduğu kimi iddiaçı tərəfindən 650 (altı yüz əlli) manat ödənilib. İddiaçıya viza məsələsinin həll olunmasını və Slovakiya ölkəsində işlə təmin olması üçün müəyyən sənədlərin toplanmasını dedilər. İddiaçı deyilən bütün sənədləri toplayıb onlara təqdim etmışdır. Bir müddət gözlədikdən sonra, şirkət əməkdaşları ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, ya zəng çatmırdı, ya da hər səfərində bir bahənələr ilə gözlədirdilər. 09 ay gözlədikdən sonra yenidən həmin şirkətin əməkdaşlarına yaxınlaşaraq pulunun geri qaytarılmasını tələb etmiş, lakin onlar işin alınmadığını buna görə də müqaviləyə xitam vediklərini 15 gün ərzində pulu geri qaytaracaqlarını bildirmişlər. İddiaçıya xitam ərizəsi yazdırıb və müqaviləni onlara qaytarmağı istəyiblər. Söz verdikləri müddət keçdikdə yenidən onlarla əlaqə saxlayaraq pulunu tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən Yasamal Rayon Polis İdarəsinə yazılı şikayət ərizəsi vermişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıldı və iddiaçıya məhkəməyə müraciət etmək izah olunmuşdur. "xxxx" MMC müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli, XM/01 nömrəli xidmət müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı işə düzəltməyə təminat verir. Həmçinin müqaviləyə əsasən işə düzəltmə ilə bağlı 3 ay müddətində iş ilə təmin edə bilməzsə, ödənilmiş məbləğ geri qaytarılır. İddiaçı tərəfindən 650 manat ilkin ümumi xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçı Cavabdeh MMC-yə müraciət edərək aralarında bağlanmış müqaviləyə xitam verilməsini və 15 iş günü ərzində ödədiyi 650 manat məbləğindəki ödənişin geri qaytarılmasını xahiş etmişdir. ********** saylı VÖEN üzrə kassa mədaxil orderindən görünür ki, hesaba 650 manat məbləğində mədaxil edilmişdir. Yasamal RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisə ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərarın təsviri hissəsində T.Ə.X1 xaricdə işə düzəlməsi məqsədilə xx.xx.2023-cü il tarixdə 650 manat məbləğində pul verməsi qeyd edilmişdir. Dövlət rüsumu haqqında qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət edilməsi üçün 30 manat məbləğində rüsum ödənilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin qiymətləndirməsi: İlk növbədə məhkəmə işin faktiki halları ilə bağlı onu qeyd edir ki, cavabdeh bağlanmış xidmət müqaviləsi ilə müəyyən haqq müqabilində iddiaçını işə düzəltməyə təminat vermişdir. Lakin cavabdeh öz öhdəsinə götürdüyü kimi iddiaçını işlə təmin etməmiş, öz növbəsində iddiaçı ödədiyi 650 manat məbləğində pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh pulun qaytarılmasından boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.1-ci bəndində də göstərilmişdir ki, icraçı, yəni "xxxx" MMC sifarişçini, yəni İddiaçı işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı 3 ay müddətində iş ilə təmin edə bilməzsə, ödənilmiş məbləğ geri qaytarılır. Göründüyü kimi icraçı üzərinə düşən öhdəliyi icra etməmiş və hazırda iddiaçının ona qarşı haqlı tələbi yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 650 (altı yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 650 (altı yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1961/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1961/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver