Məhkəmə qərarları › İş №2(006)-202/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-202/2024

23.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-202/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əmrini ləğv etməklə ixtisasına uyğun işlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı – 04 sentyabr 2023-cü il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş yerinə bərpa olunması, müddətli əmək müqaviləsinin ləğv edilərək müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsini, 2022-ci il dekabr ayı və 2023-cü il fevral ayı işdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan işgünlərinin yazılmadığına görə həmin günlərə görə ona pul ödənilməsi və s. barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci ildən ADY QSC İnfrastruktur Departamentinin Yol Elektrik laboratoriyasında mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. On iki ildən artıq mühəndis vəzifəsində işləmiş, işlədiyi 12 il ərzində bir dəfə də olsun töhmət yaxud töhmətə bərabər xəbərdarlığı olmamışdır. Problemləri 2022-ci il dekabr ayında başlaymışdır. Dekabr ayının əvvəllərində ona bir illik əmək müqaviləsinin bağlaması tələb şəklində qoyulmuşdur. O isə bir illik əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini əsas gətirir ki, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilməklə bağlanmalıdır. Ancaq ona bildirmişlər ki, “təzə gələn rəhbərliyin göstərişidir. Hamı ilə illik əmək müqaviləsi bağlanıb, bağlamalısan.” O isə yazılı ADY QSC-nin rəhbəri Rövşən müəllimə bildirmişdir ki, əmək müqaviləsinin 45-ci maddəsinin 4-cü bəndinə görə onlar böyük ölçüdə işçilərin hüquqlarını pozurlar. Birdə bu ərizədə göstərir ki, İnfrastruktur Departamentinin rəisi yeri boşdur. Öz namizədliyini departament rəisi vəzifəsinə irəli sürür. Əgər onu Departamentin rəisi edərlərsə bir ilə qədər ADY idarəsində qatarların sabit cərəyandan dəyişən cərəyana keçməsini təmin edə bilməz. İşlədiyi bir il ərzində Departamentin rəisinə hər verdiyi 10 (on min) manat paketlə verdiyi puldan imtina edir. Bu sabit cərəyandan dəyişən cərəyana keçməklə qatarların orta sürətini 130-140-a çatdırır. Əgər bu dediklərini həyata keçirə bilməsə öz ərizə ilə işdən çıxar, hansı ki, bu günə qədər qatarların orta sürəti 100-dür. Sabit cərəyandan da dəyişən cərəyana keçə bilməyiblər. Bu sədrə yazdığı ərizəsindən sonra ona qarşı haqsızlıq daha da güclənir. xx.xx.2022-ci ildə QSC-nin müavini Zaman müəllim tərəfindən məktub alır. O məktubda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində bütün iş günləri ərzində iş yerində olmadığı göstərilir. İşə gəlməməyi ilə bağlı iş yerinə heç bir məlumat vermədiyi, məktubun sonunda əgər işə gəlməməyi ilə bağlı əsaslı səbəblər olmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdə çıxarılacağı bildirilmişdir. O isə həmin günlər işdə olmağı barədə kifayət qədər faktlar göstərmişdir. Bundan sonra ondan heç bir izahat almadan ona atılan bu qurma oyunlarından əl çəkməyə məcbur olmuşlar. Ərizələrində göstərildiyi kimi xx.xx.2022-ci il tarixindən 19-z tarixinə deyil xx.xx.2022-il tarixinə qədər iş günlərini tabeldə yazmamışlar. Sədrə ünvanlanmış 18 ərizəsi var. Ərizələrində “12 günüm niyə yazılmır? Nədən məni işdə olmamağa görə qovmadınız? Sizdən xahişim 12 gün tabeldə iş günümü işdə ola-ola nədən yazmırlar?” O suala cavab verilməlidir. Kadrların rəisi Cavid müəllim ona bildirmişdir ki, əgər 1 illik əmək müqaviləsinə qol çəkməsə onun iş günləri istənilən vaxt yazılmayacaq, məhz bundan sonra 2023-cü il 5 yanvarda məcbur qalaraq bir illik əmək müqaviləsinə qol çəkmişdir. Onlar da ona söz vermişlər ki, bu bir illik əmək müqaviləsi ona tətbiq olunmayacaq. Departamentin rəisi Elçin müəllim onu işdə olmamağa görə işdə atmaq planı baş tutmamışdır. Ona qarşı ikinci plan işin öhdəsindən gələ bilməməsi planı idi. Onun şöbə rəisi Teymur müəllim bildirimişdir ki, onunla ezamiyyətə bu yaxınlarda getmələrinə qərar veriləcək. Ona göstəriş verilib ki, orda iddiaçı barəsində təqdimat yazsın. Təzə alınan preborlardan bir neçəsini ora aparacaqlar. O da bu preborların iş mexanizmini haqlı olaraq bilmir. Bunu bilmək üçün iddiaçıya bu aparatları gətirən təşkilat iki ay dərs keçməlidir. O, biləndə ki, həmin aparatların texpasportları rus dilinə tərcümə olunub, o, idarəni qabaqlayaraq şöbə rəisinin dediklərini QSC-nin sədri Rövşən müəllimə yazılı bildirmişdir. O ərizəsində göstərmişdir ki, şöbə rəisinin bildirdiyi kimi texpasportlar Azərbaycan dilinə tərcümə olunmalıdır. Dövlət dili Azərbaycan dili olduğuna görə rus dilində hər hansı sənədlərin texpasportların olmağı qanunsuzluqdur. Azərbaycan dilinə hörmətsizlikdir, həmin avadanlıqları gətirən şirkərlərin burada kurs keçməyini təmin etməlidirlər. Bundan sonra bu priborlara icazə verən sertifikat təqdim olunmalıdır, məhz bunları təmin etdikdən sonra o ezamiyyətə gedə bilər. İddiaçı o priborların icazə sertifikatlarını almadığına görə ezamiyyətə getməkdən imtina etmişdir. Çox təəssüf ki, ezamiyyəyə getməkdən imtina etmək ərizəsinin olmağına baxmayaraq ərizədən bir həftə sonra onun ezamiyyə vərəqəsi yazılır. Təbii ki, ezamiyyəyə getməmişdir, səhər işə getmişdir. Ondan izahat alınmışdır. İzahatında bildirmişdir ki, getməməyinin səbəbini bir həftə qabaq sədrə yazılı bildirmişdir. Bu dəfə də ona qarşı qurduqları oyunu pozmuşdur. Şöbə rəisinin bildirdiyi kimi onun haqqında orada təqdimat yazıİmalı idi. Bu göstərişi şöbə rəisinə vermişdilər. Bu dəfə ona qarşı qurduqları planı rəisi Teymur müəllimlə birlikdə poza bilmişlər. Departamentin rəisi Elçin müəllimin ikinci dəfə olduğu kimi bu dəfə də göstəriş verib 5 (beş) iş gününü yazmamışlar. Hətta yazılmayan iş gününün bir günü izahat aldıqları günə düşür. Departament rəisi Elçin müəllim iki dəfə də planının baş tutmadığını görüb üçüncü plana keçir. Onun üçüncü planı onun mühəndis ştatımı ləğv etməkdir. Onların işlədiyi Laboratoriya şöbəsində 4 eyni hüquqlu mühəndis ştatı bir də şöbə rəisləri Teymur müəllimdir. Bu 4 mühəndisdən labaratoriyada 2011-ci ildən işləyən odur. Qalan 3 mühəndis 2017-ci şöbəyə gəliblər. Şöbə rəisi Teymur müəllim 2016-cı ildən gəlib. 2011 -ci ildən 2016-cı ilə qədər 3 laboratoriya rəisi 6 mühəndis gəlib-gedib. Hal-hazırda qalan 3 mühəndisdən birinin Rasim müəllimin 68 yaşı , o biri mühəndis Namiq müəllimin 63 var. 3-cü mühəndis isə xanımdır. Sevinc xanım hal-hazırda analıq məzuniyyətindədir. 2024-cü iliin yanvar ayından işə çıxmalıdır. İxtisara o, müharibə veteranı, bir də 50 il Dəmir Yollarında iş stajı olan şöbə rəisi Teymur müəllim salınıb, İddiaçı bildirir ki, o, Rasim müəllimdən, Namiq müəllimdən üstündür. X3 müharibəsi veteranı olmağı, hər iki eyni hüquqlu mühəndisdən Namiq müəllimdən 12 yaş cavan olmağı, hansı ki, 2 il pensiya yaşına qalıb. O biri mühəndis Rasim müəllimdən 17 yaş cavan olmağı, 3 ildir pensiyadadır, Namiq müəllim, Rasim müəllimdən də daha bir üstün cəhəti o, həmin şöbədə 2011-ci ildən mühəndis işlədiyi halda onların hər ikisi 2017-ci ildən gəliblər şöbəyə. Nədən o ixtisara düşür onlardan hər hansı biri yox? Baxmayaraq açıq şəkildə üstünlük onun tərəfindədir. Qoyduğu suala idarə Dəmir Yollarından cavab istəyir. Bu gün Dəmir Yolları İdarəsində vakansiyada 30-dan artıq mühəndis vəzifəsi təklif edilir. Bu o deməkdir ki, vakansiyada 30-dan artıq boş mühəndis yerləri var. Onun ştatı ixtisara düşdükdən sonra Dəmir Yolları İdarəsinə kənardan mühəndis götürülür. Baxmayaraq o, analıq məzuniyyətində olan şöbələrindəki Sevinc xanımın yerinin müvəqqəti ona verilməsini istəmişdir. O, xx.xx.2023-cü ildə sədrin müşaviri Aysel xanımın adına ərizə ilə müraciət edərək bildirirmişdir ki, 2024-cü ilin yanvarında analıq məzuniyyətindən qayıdana qədər müvəqqəti olaraq onu o ştata keçirsinlər. Aysel xanım özünü əziyyət salıb onun məktubuna cavab verməmiş, əvəzinə ona elektro mantyor vəzifəsi təklif edilmişdir. Bunu ona görə edirlər ki, onu dəmir yollarından uzaqlaşdırsınlar. Çünki o, işlədiyi vaxt Dəmir Yollarında etdikləri qanunsuzluqların qarşısının almağına cəhd göstərmişdir. O qanunsuzluqları sadalayır: dəmir Yollarında o da daxil olmaqla işçilərə məcbur edilib ki, bir illik müqavilə bağlamaq. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini pozmaq.

2. Yerli Həmkarlar təşkilatının sədrlərinin işçilərə qol çəkdirməklə işdən çıxartmaq. İnfrastruktur Departamentin Həmkarlar Təşkilatının sədri vicdanlı, dürüst insan Müşfiq müəllim belələrindəndir. O, bu cür işçini çıxartmaq üçün o biri işçiyə məcbur edilib qol çəkdirməyin qəti əleyhinə olub, mübarizə aparanlardan olmudur. 3. YAP təşkilatının adına edilən hörmətsizlik. Onun edilməsinin əleyhinə çıxmışdır. Bildirir ki, dəfələrlə Azərbaycan Dəmir Yolları QSC rəhbərliyinə onun qanunsuz işdən çıxarılmağı barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 2016-cı il tarixdə işdən çıxarılmamışdır. Həmin ildə departamentin adında dəyişiklik edilmişdir. Onunla bağlanılan müqavilə müddətsiz müqavilə olmuşdur. Fevral ayında ona 5 gün iş günü yazılmamışdır. Ödənişlər kart vasitəsilə edilirdi. Dekabr ayı üzrə on bir günün pulu ona ödənilməmişdir. Bildiriş ona təqdim edilmişdir. O, bildirir ki, o, dekabr ayında işdə olmuş, cavabdeh tərəfə onun dekabr ayında işdə olmamağı barədə sübut təqdim edə bilməmişlər. Dekabr ayında işə daxil olarkən turniket sistemi mövcud deyildi. Fevral ayında 23 və 24-ü işdə olmuş və işə daxil olarkən turniketdə kart vuraraq işə daxil olmuşdur. Barəsində akt tərtib edilərkən, yəni fevral ayının 7 və 8-i işdə olmuş və izahat yazmışdır. Dekabr ayında qeyd edilən 14 gün işdə olmuşdur. Fevral ayında ezamiyyətə getməkdən imtina etmiş və 2 gün işdə olmuşdur. Hər ay 520 manat məbləğində əmək haqqı almışdır. On dörd gün dekabr ayı üçün ödəniş edilməmişdir. Beş gün fevral ayı üçün ödəniş edilməmişdir. Əvvəlki məhkəmə proseslərində çıxış edən cavabdehin nümayəndəsi izahatında onun ayın 20, 21, 22, 23 və 24 tarixləri üzrə günlərinə yazılmadığını bildirmişdir. O, həqiqətən üç gün xəstə olmuşdur. Onun əsas işə bərpa olunması məsələsidir. Yuxarı təşkilatçının əmri ilə ixtisarlar olmuşdur. Cənab Prezident də bu cür hallar ilə bağlı veteranların işlə təmin olunmasına dair çıxışları var. O da müharibə iştirakçısıdır. Onu işdən çıxaran Elçin müəllim ondan 4 yaş böyükdür. Rövşən müəllimin 12 katibi ixtisara düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq o məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz edərərək izahatında bildirmişdir ki, ADY-nin İnfrastruktur departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılıması və kadr potensialının buna mütənasib stimullaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq İnfrastruktur departamentinin bir sıra ştat vahidləri, həmçinin, iddiaçının tutduğu həmin deparlamentin Diaqnostika və X4 Elektrik Laboratoriyasının mühəndisi vəzifəsi üzrə mövcud olan 1 ştat vahidi ixtisar olunmuşdur. Dekabr ayında iddiaçı 7 gün işə gəlməmişdir. Fevral ayında isə 2 gün yazılmamış və bununla bağlı akt mövcuddur. Qeyd edilən 2 günü çıxmaqla fevral ayı tam ödənilmişdir. Dekabr ayı üzrə yeddi gün hesablanmamışdır. İddiaçının məvacibi 345 manat məbləğində olmuşdur. Dekabr ayında ödənilən 673 manat məbləğində pul isə son haqq-hesabla bağlıdır. Ştatları ixtisar etmək isə onların hüququdur. Həqiqətən də 500-dən çox işçi ixtisar olunmuşdur. İddiaçının tutduğu vəzifə ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xx.xx.2023-cü il tarixli 90 nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi barədə bildirilmişdir. İddiaçı təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olmuş və nüsxəsini qəbul etmişdir. Həmçinin, bildirir ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 1 nömrəli Bakı elektrik təchizatı sahəsinin İ qrup 18 nömrəli Pirşağı təmas şəbəkəsində elektrik montyoru vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 70, 71, 73, 74, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Hazırki mübahisədə həmin müddəalara işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastuktur departamentinin əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İnfrastuktur departamentinin Diaqnostika və X4 elektrik laboratoriyasının mühəndisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 3 aylıq sınaq müddəti olmaqla 1 il müddətinə "xxxx" QSC-nin İnfrastruktur departamentinə mühəndis vəzifəsinə təyin edilmişdir. Əmək haqqı 493.33 manat müəyyən edilmişdir. İş saatı həftədə beş gün, gündə 8 saat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı müvafiq olaraq həmin tarixlərdə işə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir üzürlü səbəb göstərməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 2 gün müddətinə Hacıqabul şəhərinə ezam edilsə də, ezam vərəqində çıxış möhürü və imzası qoyulmuş, lakin qayıdışla bağlı möhür və imza qoyulmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə ADY-nın əməkdaşları R.Fərzəliyev və N.Habibov tərəfindən verilmiş ərizələrdə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Hacıqabula edilmiş ezamda mühəndis İddiaçı iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, ona xx.xx.2023-cü il tarixə ezam yazıldığını və onun ezamdan imtina etdiyini və bunun səbəbi barədə xx.xx.2023-cü il tarixdə sədrə ünvanlandığı məktubdan geniş izah verdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli F.Xaliq, R.Telman və M.Rauf tərəfindən imzalanmış aktlardan görünür ki, İddiaçı 07.02-xx.xx.2023-cü il tarixdə olan ezamlarda iştirak etməmiş və o, təyin olunduğu vəzifənin onun ixtisasına uyğun olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işdə olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yol elektrotexniki laboratoriyanın müdiri Teymur Həsənov tərəfindən İnfrastuktur departamentinin rəisi Elçin Zülfüqarova ünvanlanmış bildirişdə İddiaçı xx.xx.2023-cü il tarixdə ezam olunduğu Hacıqabul rayonuna getmədiyi və onun ümumiyyətlə laboratoriyada işləmək istəmədiyi, oradakı işləri bilmədiyi və öyrənmək istəmədiyi, onun başqa bir keçirilmək istədiyini bildirmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə "xxxx" QSC İD 2 nömrəli Müəssisəsinin Bakı Elektrik Təchizatı sahəsinin X1 mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" QSC İD 1 nömrəli Bakı Elektrik təchizatı sahəsinin X1 mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Elektrik təchizatı xidmətinin 1 nömrəli Bakı Elektrik təchizatı sahəsinin Yol elektrik laboratoriyasına mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə İnfrastuktur departamentinin Diaqnostika və X4 elektrik laboratoriyasının mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan (səh.17-28) ADY QSC-nin sədri və sədrin müşavirlərinə ünvanlanmış ərizələrdən görünür ki, o dəfələrlə rəhbərliyə işə bəroa ilə müraciətlər etmiş və bununla bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış məktubda iddiaçıya onun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bütün iş günləri ərzində iş yerində olmadığı, işə gəlməməyinin üzrlü səbəbləri barədə iş yerinə heç bir məlumat vermədiyi, hər hansı rəsmi sənəd təqdim etmədiyi, bununla bağlı İnsa resursları şöbəsinin rəisi ilə əlaqə saxlayaraq sözügedən tarixlərdə işə gəlməməyinin əsaslı səbəbləri barədə məlumat verməli olduğu və mütləq təsdiqedici sənədlər təqdim etməli olduğu bildirilmi, əks təqdirdə həmin tarixlərdə işə gəlməməsinin üzrsüz iş buraxma hesab edilərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/1000/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqı məbləği 2022-ci il dekabr ayı üzrə 23.25 manat, 2023-cü ilin fevral ayı üzrə 41.89 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə İnfrastuktur departamentinin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastuktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin xx.xx.2023-cü il tarixli 13-1/3-34- 10226/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Yol elektrik laboratoriyasının mühəndisi ştat vahidi ixtisar edilmişdir. Bununla əlaqədar Yol elektrik laboratoriyasının mühəndisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilərək, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, İddiaçı əmək müqaviləsinin ləğv edilməsini Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/1000/2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı orta aylıq əmək haqqı nəzərə alınmaqla gündəlik əmək haqqı məbləği 2022-ci ilin dekabr ayı üzrə 23.25 manat, 2023-cü ilin fevral ayı üzrə 41.89 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia,; xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. Ən son İnfrastuktur departamentinin Diaqnostika və X4 elektrik laboratoriyasının mühəndisi vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastuktur departamentinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir. Hazırda iddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət edərək, iş yerinə bərpa olunması, müddətli əmək müqaviləsinin ləğv edilərək müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsini, 2022-ci il dekabr ayı və 2023-cü il fevral ayı işdə olmasına baxmayaraq qanunsuz heç bir əsas olmadan işgünlərinin yazılmadığına görə həmin günlərin hesablanaraq ona pul ödənilməsi və s. barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmənin qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə ki, iddiaçının iddia ərizəsində əsaslandığı dəlillərə münasibət bildirərək qeyd edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini ədalətli hesab etmir və qeyd edir ki, onun digər işçilərə nisbətdə işdə saxlanması üçün üstünlükləri vardır: müharibə veteranı olması, iş stajı və s. Məhkəmə qeyd edilən üstünlükləri qanuna zidd hesab etmir. Lakin iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş digər dəlillər iddiaçının qeyd etdiyi qədər də “qüsursuz” işçi olmadığını sübut edir. Həmçinin məhkəmə onu qeyd edir ki, İddiaçı işdən çıxarılma proseduru lazımınca yerinə yetirilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastuktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin xx.xx.2023-cü il tarixli 13-1/3-34-10226/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Yol elektrik laboratoriyasının mühəndisi ştat vahidi ixtisar edilmişdir. Bununla əlaqədar Yol elektrik laboratoriyasının mühəndisi İddiaçı tutduğu ştat vahidinin ixtisar edilərək, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, İddiaçı əmək müqaviləsinin ləğv edilməsini Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və ona ödənilməli olan müvafiq ödənişlər edilmişdir. (xx.xx.2023-cü il tarixli əmr) Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçının əmək vəzifələri pozması barədə sənədlərə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı müvafiq olaraq həmin tarixlərdə işə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir üzürlü səbəb göstərməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə də işdə olmamışdır. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə 2 günlük Hacıqabul şəhərinə ezam edilsə də, o ezamiyyəyə getməkdən imtina etmişdir. Bu hal həm iş materiallarında olan xx.xx.2023-cü il tarixdə ADY-nın əməkdaşları R.Fərzəliyev və N.Habibov tərəfindən verilmiş ərizələr, həm də iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatlarla təsdiqlənir. Belə ki, iddiaçı bununla bağlı rəhbərliyə imtina etməsinin səbəbləri barədə öncədən məlumat verdiyini bildirsə də, məhkəmə tərəfindən onun göstərdiyi səbəblər əmək vəzifələrini pozmaq üçün əsaslı səbəblər kimi qəbul edilmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında dekabr ayında işdə olduğunu və cavabdeh tərəfin onun dekabr ayında işdə olmamağı barədə sübut təqdim edə bilmədiyini qeyd etsə də iş materiallarında olan davamiyyət jurnallarında dekabr və fevral ayları üzrə çıxarışlardan görünür ki, o həqiqətən də dekabr və fevral aylarında əmək vəzifələrini kobud şəkildə pozmuşdur. O, xəstə olduğu üçün 3 gün işə gəlmədiyini etiraf etsə də, iş materiallarında onun həqiqətən xəstə olduğunu təsdiqləyəcək sübut (əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqi) aşkar edilməmişdir. Məhkəmə həmçinin onu qeyd edir ki, məhkəmə araşdırması zamanı zərurət yarandığından və işin daha obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Lakin sonda məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəldiyindən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/1000/2024 nömrəli ekspert rəyinə heç bir zərurət qalmamışdır. Yuxarıda qeyd edilənlər iddiaçının iddia tələbinin əsassız olduğunu və formal mülahizələrə əsaslandığını göstərir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü onun əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qanunsuz olduğunun sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində tam olaraq haqsız olduğundan iddia tələbi təmin edilməməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar