Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2024/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi, X1 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, X1 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi hüquqi faktın müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olduğunu ərizəsində qeyd etməmişdir. Halbuki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizələr xüsusi icraat qaydasında verilməli olduğundan, ərizəni müvafiq ərizəni yaşadığı yerinə məhkəməsinə verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Laçın rayonundan olan məcburi köçkündür (Seriya AA № 376915). Ərizəçi müvəqqəti məksunlaşdığı ərazinin aidiyyəti icra hakimiyyəti orqanına müraciət edərək müvafiq arayışı əldə etdikdən sonra hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizəsini yaşadığı yerin məhkəməsinə vermək hüququna malikdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxslərin iştirakı ilə məhkəmədə baxılır. Lakin ərizəçi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi maraqlı şəxs qismində deyil, cavabdeh kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2024/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2024/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver