Məhkəmə qərarları › İş №2(006)-205/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-205/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-205/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh MTK-ya qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin qismən ləğv edilməsi, cavabdeh tərəfindən təhvil verilməmiş 8 kv.m sahə üçün hər kv.metrinə görə 3086 manat olmaqla, ümumilikdə 24688 manatın, ekspert rəyi üçün ödədiyi 450 mamat, kirayə haqqı olaraq cavabdeh tərəfindən ödənilməmiş 6 ay üzrə hər ay 400 manat olmaqla, cəmi 2400 manat və dövlət rüsumu kimi ödədiyi 194 manat olmaqla, cəmi 27732 (iyirmi yeddin min yeddi yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam icra olunmuş, saziş üzrə ödənilməli olan 15000 manat pul vəsaiti Cavabdeh MTK tərəfindən X2 ödənilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi öhdəlik Cavabdeh MTK tərəfindən icra edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı X3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı X1 iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1, 52.5-ci maddələrinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-191.2-ci maddələrinin tələbinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini tədqiq edərək hesab edir ki, onun iddiadan imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, onun iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməlidir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 194 (bir yüz doxsan dörd) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vəkili-nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsi təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 194 (bir yüz doxsan dörd) manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı X1 Cavabdeh MMC-nin qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı X1 iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 194 (bir yüz doxsan dörd) manat məbləğində pul iddiaçı X2 geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar