Məhkəmə qərarları › İş №2(006)-2056/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2056/2025

14.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2056/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı evin hansı qiymətə satıldığının izahının verilməsi və Sumqayıt şəhəri 12-ci mikrorayon ev 8A, mənzlil 27, Sumqayıt şəhəri, 9-cü mikrorayon ev 74, mənzil 14, Sumqayıt şəhəri, 9-cü mikrorayon, ev 25, mənzil 43, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı evin likvid qiymətinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5875/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 12-ci mkr, ev 8A nömrəli binada yerləşən 27 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat, Sumqayıt şəhəri, 9-cu mkr, 74 nömrəli binada yerləşən 14 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, Sumqayıt şəhəri, Corat qəsəbəsində olan 0,015 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 92A/1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57.000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.Müəyyən olunur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı hərrac protokolunun ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddiaçının "əmlakın likvid qiymətinin müəyyən edilməsi" tələbinə mülki məhkəmə icraatında iddia icraatı qaydasında baxılmalı deyil, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə əsasən ayrıca icraat qaydasında məhkəməyə müraciət edilməklə həll olunmalı olan məsələlərə aiddir. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsəmaddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, hazırki tələb ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ayrıca icraat qaydasında (8 indeksi ) məhkəməyə müraciət edə bilər. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının 32-ci bəndinə əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 261, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın likvid qiymətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənilmiş 327 (üç yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 09:38) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar