Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2058/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-nin 26 yanvar 2022-ci il tarixli k/22-00277 saylı əmrinin qanunsuz sayılaraq ləğv edilməsi; onun "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin X9 PŞS-nin 2 saylı sahəsinin ustası kimi işə bərpa olunması; məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 yanvar 2022-ci il tarixədək "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin X9 PŞS-nin 2 saylı sahəsinin ustası vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə ona bildiriş verərək bildirmişlər ki, son 26 yanvar 2022-ci il tarixdən işdən azaddır. xx.xx.2022-ci il tarixdə isə ona işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə azad olunması barədə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, k/22-00277 nömrəli əmrin tam mətni qeyd edilmiş surətin digər surətinə imza atmaqla təqdim etmişlər. İddiaçının işdən azad olunması barədə verilmiş bu əmr qanunsuzdur və ləğv edilməlidir. Belə ki, əmrdə işdə baş vermiş bədbəxt hadisə laboratoriya texniki işləyən Şərifov Xəyyamın elektrik cərəyanı vuraraq öldürməsi ilə bağlı onun işində dolayı da olsa səhlənkarlığa yol verməsini əsas gətirmişlər. Əslində isə bu əmr rəhbərliyin qəzəbinin bir nəticəsidir. xx.xx.2022-ci il tarixdə səhər saat 3:00-da həmişəki kimi tabel kitabını imzalayaraq iş bölgüsü üçün iclas otağına toplanmışlar, gündəlik görüləcək işlər haqqında bölgü aparıldıqdan sonra baş mühəndis Kamran Amanov tərəfindən daxili personal tərəfindən briqada tərkibi formalaşdırılmış və buraxılış yazılaraq təyinatı üzrə imzalanmışdır. İddiaçı təyin olunmuş qaydaya uyğun olaraq tapşırığı yerinə yetirmək üçün lazımi avadanlıqları və briqadanı götürüb idarədən işləyəcəkləri yerə doğru yollanmışlar. Tapşırıqları 110/35/10 k\-luq Ağsu yarımstansiyasından qidalanan 10 kv-luq şəhər 2 hava xəttindən qidalanan Qaraməmmədli budaqlanmasında yararsız naqilləri dəyişdirilməsi idi. Bundan başqa baş mühəndıs Kamran Amanov ona şifahi göstəriş vermişdir ki, 10 kv-luq şəhər 2 hava xətti açılan zaman həmin xətt üzrə işləyəcək laboratoriya texniklərinə zəng edib məlumat verər. İddiaçı onun bu göstərişi əsasında 110/35/10 kv-luq Ağsu yarımstansiyasının dispetçeri ilə danışıb xətti açdırmış, bununla da kifayətlənməyib mantyoru dirəyə qaldıraraq xüsusi cihazla (indikator) yoxlatmış və laboratoriya texniklərindən Ruslan Fətullayevə zəng edərək məlumat vermış, Ruslan bir neçə dəqiqədən sonra ona zəng edib demişdir ki, şəhər 2 saylı tam orta məktəbinin transformatorunda sayğac qurulur və artıq transformatorun 10 kv-luq açarı açılıb iş görmələri üçün heç bir təhlükəli hal yoxdur. İddiaçı onlara hər ehtimala qarşı transformatordan kənara durmalarını söyləmiş və dispetçerə zəng edərək xətti qoşdurmuşdur. Onu da qeyd etmişlər ki, xəttin qısa zamanda birləşdirilməsi, yəni elektrik enerjisindəki fasilənin qısa müddətdə olmasını da baş mühəndis tapşırmışdır. O, xətti qoşdurduqdan sonra bir daha laboratoriya texniki Ruslana zəng vuraraq xəttin enerji altında olduğunu xatırlatmış və digər işçilərin də ehtiyatlı davranmalarını tövsiyə etmişdir. Bütün bu işləri gördükdən sonra o, tapşırığını yerinə yetirəcəyi sahəyə yollanaraq işini icra etdirməyə başlamışdır. Lakin 54 dəqiqə sonra laboratoriya texniki Ruslan ona zəng edərək ağlaya-ağlaya iş yoldaşı laboratoriya texniki işləyən Xəyal Şərifovun elektrik cərəyanı vuraraq öldürməsini bildirmişdir. O, qısa müddətdə hadisə yerinə getmişdir. Artıq Xəyal dünyasını dəyişmişdir. İş üzrə Ağsu rayon prokurorluğunda cinayət işi açılaraq təhqiqat aparılır, hadisədən iki gün sonra idarənin müdiri və baş mühəndisi ərizə verərək işdən azad olunmuşlar. İddiaçıdan işdən azad olunması barədə ərizə verməsini tələb etmişlər. O, isə hadisəni olduğu kimi qeyd edərək bu işdə heç bir günahının olmamasını bildirmişdir. Bundan sonra, hazırda mübahisələndirdiyi əmri verərək onu qanunsuz olaraq işdən azad etmişlər. O sahə ustasıdır. Vəzifəcə müdirə və baş mühəndisə tabedir. Hadisə baş vermiş sahə onun sahəsi deyil, laboratoriya texnikləri onun işçiləri deyillər və o, baş mühəndisin tapşırığını yerinə yetirmişdir. İşində bütün təhlükəsizlik qaydalarına əməl etmişdir. Hadisə isə mərhumun səhlənkarlığı nəcəsində baş vermişdir. Belə ki, mərhum Xəyal Şərifov elektrik xətti açılan yerdə deyil, səhlənkarcasına gərginlik olan xəttə toxunmuş və nəticədə cərəyan vurmuşdur. İşlədiyi 11 illik dövr ərzində işindəki qüsurla bağlı heç bir məzəmmət belə almamışdır. Bu barədə heç bir faktiki hal yoxdur. Bədbəxt hadisə ilə bağlı istər əmək müfəttişliyinin xidməti araşdırmasında, istərsə də prokurorluğun istintaqında o təqsirkar kimi tanınmamışdır. Əmək mübahisəsi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisələndirən "xxxx" ASC-nin 26 yanvar 2022-ci il tarixli, k/22-00277 nömrəli əmrində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə baxmayaraq, əmrin mətnində Həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarının olması barədə heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi, cavabdeh onun əmək müqaviləsinə birtərəfli qaydada xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 26 yanvar 2022-ci il tarixli k/22-00277 saylı əmrinə əsasən əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı və əmək vəzifələrinin kobud pozuntusuna yol verdiyinə görə Mərkəzi Aran RETSİ-nin X9 Paylayıcı Şəbəkə sahəsinin 2 saylı sahəsi üzrə ustası X5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, bədbəxt hadisəyə ("xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin əməkdaşı X6 11 yanvar 2022-ci il tarixdə Ağsu şəhər 2 saylı tam orta məktəbin inzibati binasının həyətindəki transformator məntəqəsində sayğac quraşdırılması işini apararkən elektrik cərəyanı vurması nəticəsində ölməsi) səbəb X9 elektrik qurğularının istismarı zamanı işlərin təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasına cavabdeh olan şəxslərin öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşaraq və əmək funksiyalarının icrasını düzgün yerinə yetirmədiklərinə və sayğacquraşdırma üzrə texnikin səlahiyyətlərinə aid olmayan işləri icra etməsi olmuşdur. 11 yanvar 2022-ci il tarixdə Ağsu EŞ-nin iş rejiminə uyğun olaraq yuxarıda qeyd edilən transformatorda sayğacın dəyişdirilməsi üçün işlərin təşkil edilməsi Ağsu EŞ-nin baş mühəndisi X13 tərəfindən şifahi olaraq X1na həvalə edilmişdir. X1 və İ şəxs operativ personal X12 11 yanvar 2021-ci il tarixli sərəncamla verilmiş vəzifə səlahiyyətlərini yerinə yetirməmiş və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları» kobud şəkildə pozulmuşdur. Əmrdə həmçinin qeyd olunmuşdur ki, baş vermiş bədbəxt hadisəyə səbəb … X2 əmək funksiyalarının icrasını düzgün yerinə yetirməməsi və sairdir. Lakin işin faktiki hallarından görünür ki, əmrdə iddiaçı barədə qeyd olunanlar əsassızdır və subyektiv mülahizələrdir. Belə ki, Ağsu rayon Prokurorluğunun 19 may 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin əməkdaşı X6 11 yanvar 2022-ci il tarixdə Ağsu şəhər 2 saylı tam orta məktəbin inzibati binasının həyətindəki transformator məntəqəsində sayğac quraşdırılması işini apararkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Ağsu rayon Prokurorluğunda xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İstintaq zamanı X7 şahid qismində dindirilmiş, baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair mövcud olan normativ hüquqi aktların və ya müvafiq istismar qaydalarının tələblərinin pozulub-pozulmaması, həmin normaların konkret hansı şəxslər tərəfindən pozulmasını müəyyən etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli qərarla məhkəmə-texniki təhlükəsizlik ekspertizası təyin edilərək, toplanmış istintaq materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş, ekspertizanın nəticəsinə dair rəy verilmədiyindən, iş üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən, təqsirkar şəxs və ya şəxslər müəyyən edilənədək dayandırılmışdır. İstintaqın nəticəsi barədə məhkəməyə əlavə məlumat verilməsi təmin ediləcəkdir. Ağsu rayon Prokurorluğunun 03 iyun 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin əməkdaşı X6 11 yanvar 2022-ci il tarixdə Ağsu şəhər 2 saylı tam orta məktəbin inzibati binasının həyətindəki transformator məntəqəsində sayğac quraşdırılması işini apararkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Ağsu rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə aparılan istintaq başa çatmışdır. İstintaq nəticəsində X5 və digərlərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli qərarla, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilmişdir. Əmrdə iddiaçı barədə qeyd olunanların əsassız olması ilə yanaşı, əmr verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda şərh olunanlara ümumi halda diqqəti cəlb edən məhkəmə qeyd edir ki, iddiaçı öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşmamış, əmək funksiyalarının icrasını düzgün yerinə yetirmişdir, bədbəxt hadisənin baş verməsinə birbaşa və ya dolayı şəkildə hər hansı əlaqəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, əmək vəzifələrini pozmamışdır. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 26 yanvar 2022-ci il tarixli k/22-00277 saylı əmr ləğv edilməli, X5 "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin X9 PŞS-nin 2 saylı sahəsi üzrə usta vəzifəsinə bərpa edilməli və ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 26 yanvar 2022-ci il tarixli k/22-00277 saylı əmr ləğv edilsin. X5 "xxxx" ASC-nin Mərkəzi Aran RETSİ-nin X9 PŞS-nin 2 saylı sahəsi üzrə usta vəzifəsinə bərpa edilsin. X3 xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2058/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2058/2022
06.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver