Məhkəmə qərarları › İş №2(006)-2068/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2068/2023

22.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2068/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Al Khalil MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya xidmətinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Al Khalil MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya xidmətinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Al Khalil MMC ilə aralarında xx.xx.2022-ci il tarixində onun adına iştirakı olmadan, hətta cavabdehi tanımadığı halda saxta yolla qanunu pozaraq Əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən o xəbəri olmadan cavabdeh tərəfindən işə götürülmüş, o isə bundan yeni xəbərdar olmuşdur. Belə ki, dövlət qulluğuna sənəd vermiş və nəticəsi müsbət olduğundan onu işə götürərək müqavilə bağlamaq təklif edilmiş, o isə razılaşaraq getmiş, sənədlərini təqdim edəndə onun cavabdehlə əmək müqaviləsi olduğundan və hazırda xitam olmadığından işə götürülməsi mümkün olmamışdır. Bu səbəbdən də dəfələrlə cavabdehi axtarmış, tapa bilməmişdir. Hazırda bildiyi qədər cavabdeh Pakistan vətəndaşıdır və Azərbaycandan deportasiya edilmişdir. Bu səbəbdən də o məcbur olub cavabdehlə əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alınması barədə iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası ƏƏSMNİ yanında X1 Xidməti ona onların səlahiyyətində olmadığını və məhkəməyə müraciət etməyini bildirmişdir. Hazırda da o hüquqlarının pozulduğu üçün cavabdehlə aralarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin cavabdehin və Azərbaycan Respublikası ƏƏSMNİ yanında X1 Xidmətinin üzərinə qoyulması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, dövlət qulluğu ilə bağlı işə götürülərkən ona məlum olmuşdur ki, hazırki mülki iş üzrə cavabdeh AL Khalil MMC ilə onun arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi mövcuddur. Cavabdeh qanunsuz olaraq onun iştirakı və razılığı olmadan və ona xəbər belə vermədən barəsində saxta əmək müqaviləsi tərtib etmiş və onu işə götürmüşdür. Hazırda isə həmin şirkət mövcud deyildir və onun təsisçisi ölkədən deportasiya edilmişdir. Onun isə adına belə bir əmək müqaviləsi mövcud olduğundan hazırda işə düzələ bilmir və bununla da onun hüquqları pozulur. O bununla bağlı AR ƏƏSMN yanında X1 Xidmətinə müraciət etmiş, oradan ona bildirilmişdir ki, onların cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi ilə bağlı səlahiyyətləri yoxdur. Və ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Al Khalil MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Al Khalil MMC ilə İddiaçı arasında iddiaçının iştirakı olmadan saxta Əmək müqaviləsi bağlanmışdır. İddiaçının cavabdehlə arasında əmək müqaviləsi olduğundan və müqaviləyə xitam verilmədiyindən başqa yerə işə götürülməsi mümkün olmamışdır. İddiaçı X1 Xidmətinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Xidmət bu məsələnin onun səlahiyyətləri xaricində olmasını bildirərək, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Hazırda iddiaçı cavabdehin Pakistan vətəndaşı olduğunu, Azərbaycan Respublikasından deportasiya olunduğunu, lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, rəsmi şəkildə işləyən hesab edildiyindən başqa bir şəxslə əmək müqaviləsi bağlaya bilmədiyini iddia edir və həmin müqaviləyə xitam verilmiş hesab edilməsini, bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsini xahiş edir. Cavabdehin hazırda Azərbaycan Respublikasında olması müəyyən edilmir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9-2023-00609 nömrəli arayışın surətindən görünür ki, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə xx.xx.2023-cü il tarixində 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

8. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən X3 Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixində vergi uçotuna alınmış, fəaliyyətin və digər tutulan əməliyyatların dayandırılması barədə məlumat müəyyən edilməmişdir. Hazırda fəaliyyət aktiv vəziyyətdədir.

9. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Xidmətinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarma haqqında qərarın surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1997-ci il təvəllüdlü Mian Abubakara verilmiş DYİ serialı ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və onun Azərbaycan Respublikası hüdudıarından kənara çıxarılması və onun Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.

10. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhət Nəzarəti tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü Mian Abubakarin sonuncu dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında Mian Abubakar xx.xx.2019-cu il tarixində dövlət sərhədindən çıxmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

16. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.

17. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.

18. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

19. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

21. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.

22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə X3 Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən (bağlandığı andan) xitam verilmiş hesab edilməlidir.

23. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh X3 Məsuliyyətli Cəmiyyətinin qanun təmsilçisinin nümayəndəsi (müqavilə bağlandığı an ) Munir Sahıl Azərbaycan Respublikasından deportasiya edildiyi üçün və qanuni təmsilçinin Mian Abubakarin isə ölkə hüdudlarını xx.xx.2023-cü il tarixdən tərk etdiyini nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın cavabdeh tərəfindən mümkünsüz olduğuna görə bu öhdəlik onun üzərinə deyil üçüncü şəxsin yəni qətnamə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üzərinə qoyulmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixili əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bu qətnamə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ilə X3 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar