Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2069/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “09.09.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə və işlədiyi aylar üzrə ödənilməyən əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “09.09.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə və işlədiyi aylar üzrə ödənilməyən əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun imzaladığı 09.09.2021-ci il tarixli, 14/21 saylı Əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, onun əmək hüquqları bərpa edilərək əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının işə götürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə aid olan “New Baku” otelində 1 ildən artıqdır ki, xidmətçi vəzifəsində işləyirdi. İşlədiyi dövrdə xidmətçi kimi bütün işlərdə əmək funksiyalarını və vəzifələrini yerinə yetirmişdir. Elektron hökumət portalına əsasən əmək haqqı məbləği 260 manat qeyd edilmişdir. Əmək müqaviləsi bağlandıqdan sonra əmək haqqının alınması üçün bank kartı verilmişdir. O, işə qəbul olunduğu ərəfədə Covid-19 pandemiyası ilə karantin rejimi olmasına baxmayaraq otel fəaliyyət göstərirdi və o, işə çıxırdı. Buna baxmayaraq, həmin tarixdən bu vaxta qədər ona rəsmi olaraq cəmi bircə dəfə kartla rəsmi əmək haqqı verilib, o da natamam şəkildə. O, hər dəfə əmək haqqının rəsmi şəkildə ödənilməsini və maaşını tələb etdikdə müxtəlif bəhanələrlə işəgötürən bunu etməkdən yayınaraq əmək hüquqlarını pozmuşdur. Bundan başqa, o bir ildən artıq müddətdə həmin müəssisədə işləsə də, ona qanunun tələbinə uyğun olaraq əmək məzuniyyəti verilməmişdir. Sonuncu dəfə o yenidən əmək haqqının ödənilməsini, iş şəraitinin qanunauyğun təmin edilməsi barədə tələb irəli sürərkən bu ilin avqustun əvvəllərində otel rəhbərliyi ona və digər bir neçə şəxsə qarşı əsassız olaraq iddialarla çıxış edərək onlara zərər vurduqlarını bildirmişdir. O, heç bir maddi məsul vəzifə tutmadığı halda halal pulunu verməmək üçün guya yeyinti etdiyini bildiriblər. Kənardan hüquqşünas gətirib ona təzyiq göstərərək guya yeyinti etdiyini bildirmişlər. Kənardan hüquqşünas gətirib ona təzyiq göstərərək guya yeyinti etdiyinə dair ərizə yazdırıblar. Qeyd edilən qanunsuz əməllərlə əlaqədar o, cavabdeh barəsində qanuni tədbir görülməsi üçün AR ƏƏSMN yanında X3 müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış yoxlamalarla əlaqədar Cavabdeh MMC-nin qanunun tələblərini pozduğu müəyyən edilmişdir. Belə ki, X2 Bakı şəhər İdarəsinin 30.12.2021-ci il tarixli məktubunda qeyd edilir ki, işə götürən (Cavabdeh MMC) AR Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən əmək müqviləsinə bu Məcəllənin 68,69,70,73,74,75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğu halda işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 72-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Qeyd edilən inzibati pozuntu ilə bağlı AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 03 aylıq müddət keçdiyindən inzibati tənbehin verilməsi mümkün olmamışdır. Həmçinin, həmin məktubda AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu halda işəgötürən tərəfindən qanun pozuntusuna yol verilərək ona əmək haqqı və son haqq-hesab hesablanıb ödənilməmişdir. Qeyd edilən pozuntularla əlaqədar AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda da onun işdən azad olunmağına dair qanunsuz əmr ləğv edilməmişdir. Mediasiya qaydasında razılığa gəlmək mümkün olmamışdır. Onun əmək funksiyalarını kobud və ya adi qaydada pozmağını, işçi kimi öz əmək funksiyasını yerinə yetirmədiyini və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini təsdiq edən heç bir sübut yoxdur. Hesab edir ki, həmin 09.09.2021-ci il tarixli, 14/21 saylı Əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, onun hüquqları bəpa edilərək əvvəlki iş yerinə qaytarılmağı təmin edilməli və məcburi iş buraxmağa görə və işlədiyi aylar üzrə ödənilməyən əmək haqqı işəgötürən tərəfindən ona ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı mühafizə vəzifəsində çalışmışdır. Pandemiya dövründə işə başlamışdır. Maaşı 260 (iki yüz altmış) manat məbləğində olmuşdur. İlk öncə əmək müqaviləsi bağlanmamış, daha sonralar bağlanmış və kart təqdim olunmuşdur. Maaşın çox az hissəsi karta köçürülüb. Səbəb kimi iddiaçının guya oteldə yeyintiləri kimi göstəriblər. Mühafizəçinin yeyinti edə biləcək real vəziyyəti yoxdur. X7 məktubundan da aydın şəkildə görünür. Əmək Məcəlləsinin tələbləri işəgötürən tərəfindən pozulmuş, işəgötürən cərimələnmişdir. Əvvəlcə mediasiyaya da müraciət olunmuşdur. Hesab edirlər ki, 09.09.2021-ci il tarixli, 14/21 saylı əmr qanunsuzdur. Belə ki, şəxsi aldadaraq ərizəni yazdırmış, iddiaçını sutkalarla işdə saxlamışlar. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, otel rəhbərliyi hesabat apararkən bir sıra vəsaitin əksik gəldiyini görmüşdür. Audit gəlmiş, hesablamalar aparılmış və 7 nəfər aşkarlanmışdır. İddiaçı və digər bir neçə şəxs otelə müştəri gəldiyi zaman onun tərəfindən ödənilən pulu mənimsəmiş, mini bar üçün ödənilən pul vəsaitlərini kassaya mədaxil etmək əvəzinə marketə getmiş daha ucuz içkilər alaraq qalan pulu da mənimsəmişlər. İşçilərlə danışıqlardan sonra onlar 5000 (beş min) manat ödəməyi öhdələrinə götürmüşlər. Digər əməkdaşlar bu zərəri ödəmiş, 2 nəfər işçi isə həmin məbləğlə razılaşmamış, 1000-2000 manat məbləğində razılaşmış, ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı işdən çıxarıldığı gündən 3 ay sonra müraciət etmiş, bununla da müddəti ötürmüşdür. Polis bölməsində iddiaçı öz təqsirini etiraf etmiş, lakin məbləğlə razılaşmamışdır. Nəsimi Prokurorluğunda isə bu məsələlər araşdırılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 30.12.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı maddi vəziyyəti ilə bağlı olaraq növbədə olduğu günlərdə müvafiq şöbənin işçiləri ilə birlikdə otaqlardan çıxmış qonağın yerini səliqəyə salıb başqa müştəriyə 50 manata sataraq aralarında bölüşdürdüklərini, təxmini hesablamalara görə çatışmayan 1000 manat pulu müəssisə rəhbərinə ödəməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. AR Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olduğu halda işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 72-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyini nəzərə alaraq cavabdehin vəzifəli şəxsi tərəfindən 09.09.2021-ci il tarixində törədilən inzibati xəta üzrə məsuliyyətə cəlb edilmə müddətinin sonuncu tarixi 09.12.2021-ci il tarixində təsadüf etdiyindən inzibati tənbehin verilməsi mümkün olmamışdır. Eyni zamanda AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesabı və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu halda işəgötürən tərəfindən qanun pozuntusuna yol verilərək iddiaçıya əmək haqqı və son haqq-hesab (istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi) hesablanıb ödənilməmişdir. Cavabdehin vəzifəli şəxsi barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan AR Cavabdeh MMC-nin 18.07.2020-ci il tarixli, 13 №-li Əmrinə əsasən, İddiaçı Cavabdeh MMC-nin X11 18.07.2020-ci il tarixindən mühafizəçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 18 iyul 2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmaqla tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan AR Cavabdeh MMC-nin 09.09.2021-ci il tarixli Əmrinə əsasən, AR Cavabdeh MMC-nin X12 mühafizəçisi ilə bağlanmış Əmək müqaviləsinə 09.09.2021-ci il tarixindən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam verilmişdir. İş materiallarında olan 22.02.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi 15.02.2022-ci il tarixində, 17:00-17:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna ünvanlanan şikayətdən görünür ki, X4 və İddiaçı tərəfindən Cavabdeh MMC-yə vurulmuş külli miqdarda zərərin ödənilməsi və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi Cavabdeh MMC tərəfindən prokurorluqdan xahiş olunmuşdur. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli “Audit prosedurlarının aparılmasına dair” aktdan görünür ki, oteldə mühafizəçi xidməti göstərən İddiaçı və X5 tərəfindən 01.01.2021-ci il tarixdən 29.06.2021-ci il tarixədək olan dövr ərzində cəmiyyətə vurduqları zərərin hesablanmasının auditi aparılmışdır. Həmin dövr ərzində cəmiyyətə vurulan 5800 manat zərərin İddiaçı və X1 tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 62-ci maddəsinin 5-ci hissəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 91.1-ci maddəsinə əsasən İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər; 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı 18.07.2020-ci il tarixdə Cavabdeh MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, 09.09.2021-ci il tarixdə 14/21 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən 09.09.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı işdən azad edilməsi barədə Cavabdeh MMC -nin 09.09.2021-ci il tarixli 14/21 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. Belə ki, İddiaçı işə götürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəllənin 68,69,70,73,74 və 75-çi maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməli olducu halda işəgötürən tərəfindən qanunvericiliyinin tələbləri pozaraq onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 72-çi maddəsinin «ç» bəndinə əsasən ilə xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu halda işəgötürən tərəfindən qanun pozuntusuna yol verilərək ona əmək haqqı və son haqq-hesab hesablanıb ödənilməmiş, yalnız 29 dekabr 2021-çi il tarixdə ona əmək kitabçası təqdim olunmuşdur. Qeyd edilən pozuntularla əlaqədar AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı oğlunun işdən azad edilməsi barədə Cavabdeh MMC-nin 09.09.2021-ci il tarixli 14/21 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh MMC-nin direktorunun imzaladığı 09.09.2021-ci il tarixli, 14/21 saylı Əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, İddiaçı əmək hüquqları bərpa edilərək əvvəlki vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqı işə götürən tərəfindən İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-nin direktorunun imzaladığı 09.09.2021-ci il tarixli, 14/21 saylı Əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. İddiaçı əmək hüquqları bərpa edilərək əvvəlki vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqı işə götürən tərəfindən İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2069/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2069/2022
27.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver