Məhkəmə qərarları › İş №2(006)-2083/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2083/2024

24.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2083/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin nümayəndəsi X1 və Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə İddiaçı DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “məcburi sosial sığorta haqlarının tutulması ilə bağlı uçot məlumatlarının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “məcburi sosial sığorta haqlarının tutulması ilə bağlı uçot məlumatlarının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciə edərək, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC tərəfindən məhkəmə hazırlıq iclasında nümayəndənin iştirakı təmin edilməmiş, cavabdehin nümayəndəsi X3 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdeh tərəfin nümayəndəsinin məhkəmə hazırlıq iclaslarında iştirakı olmadan keçirilməsini və mülki işin kifayət qədər hazırlanmış hesab edilərək məhkəmə baxış iclasına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin nümayəndəsi X4 “iddia ərizəsinin geri qaytarılmasına dair” vəsatətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X5 “iddia ərizəsinin geri qaytarılmasına dair” vəsatətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının vəsatətini (ərizəsini) nəzərdən keçirib, mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət (ərizə) təmin edilməli, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “iddia ərizəsinin geri qaytarılmasına dair” vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “məcburi sosial sığorta haqlarının tutulması ilə bağlı uçot məlumatlarının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar