Məhkəmə qərarları › İş №2(006)-209/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-209/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-209/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-8958/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh3 130000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABş dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra icra mərhələsində tələb olunan borc məbləği Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 18 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilmiş və əmlak Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən «X1» MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə İddiaçı təklif olunmuşdur. İddiaçı tərəfindən mənzilin alınması qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli Çıxarışa (seriya RX 1454744, reyestr nömrəsi – **********90-05101- 093044, Qeydiyyat nömrəsi**********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Hal-hazırda cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Dəfələrlə cavabdehlərə müraciət edilsə də, iddiaçının mülkiyyətində olan mənzildən çıxmırlar. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları və orada yaşamaları iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 18 nömrəli evin 69 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və qeyd olunan əmlakın İddiaçı təhvil verilməsi barədə barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmədə iştirak edən cavabdeh işə iddiaçının iştirakı olmadan keçirilərək mahiyyəti üzrə baxılmasını tələb etdi. Belə olan halda məhkəmə mülki prosessual qanunvericiliyin tələbələrini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 həmçinin iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 Hafiq oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-8958/2017) Cavabdeh3 130.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan «X1» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli 285 saylı Hərrac Təşkilatının hərracın yekunları barədə protokoldan görünür ki, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu,Azadlıq prospektində yerləşən 18 saylı evin 69 saylı mənzilinin ilkin satış qiyməti 176.000 (yüz yetmiş altı min ) manat müəyyən olunmuş, təkrar hərracda 30 % enmiş qiymətlə 123.200 ( bir yüz iyirmi üç) manat məbləğində alıcı İddiaçı tərəfindən alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli digər qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-1116/2019) iddiaçı Cavabdeh1 cavabdehlər «X1» MMC-yə, Nəsimi rayon İcra və Probasiya Xidmətinə və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, maraqlı şəxs İddiaçı və “xxxxxxxxx» ASC-yə qarşı «hərracın və onun nəticəsi haqqında tərtib edilmiş 285 saylı protokolun və onların nəticələrinin QR- 1041 saylı qiymətləndirmə rəyinin etibarsız hesab olunması, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və siyahıdan çıxarılması tələbi barədə», həmçinin xüsusi qərar çıxarılması barədə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Sərdanova və F.Babayev, iş № 2(103)-8752/2019) iddianın “tələbin yönəldilməsinə yol verilmədiyindən mənzilin siyahıdan çıxarılması» hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Sərdanova və F.Babayev, iş № 2(103)-8752/2019) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1116/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri qismən təmin olunmuş (tələbin bir hissəsi üzrə icraata xitam verilmiş olduğu nəzərə alınmaqla), Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 18 saylı binanın 69 saylı mənzilinin qiymətləndirilməsi barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxx 2018-ci il tarixli QR 1041 saylı rəyi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı «X1» MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli 285 saylı Protokol və mənzilə dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cü il tarixli, 2(102)-623/2020 saylı qərarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli surən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8752/2019 saylı qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İş materialları və qüvvəsini almış məhkəmə qərarından görünür ki, mübahisəli mənzilin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli QR 1041 saylı rəyi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 285 saylı Protokol və mənzilə dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilmişdir. Hazırki halda isə İddiaçı mülkiyyətində olan mübahisəli mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini, onlar tərəfindən həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə istinad edərək, əvvəllər məhkəmələrdə baxılmış iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşımasını göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, hərracın nəticələri etibarsız hesab olunduğundan İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələblərinə ayrı ayrılıqda qiymət verilməsi prosessual qənaət prinsipi nəzərə alınmaqla araşdırılmağa gərək duyulmamışdır. Odur ki, İddiaçı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar