Məhkəmə qərarları › İş №2(006)-2124/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2124/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2124/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci blok, 6-cı mərtəbə, mənzil 26, Salatın Əsgərova küçəsində yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 oktyabr 2017-ci il tarixli çoxmənzilli yaşayış fərdi mənzilin alqı-satqısına dair Müqavilə № 2/28 iddiaçı və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 87.0 kv.m-dan ibarət mənzil barədə müqaviləni bağlamışlar. Həmin mənzil iddiaçının mülkiyyətindədir. O, cavabdehə kirayə qalmaq üçün həmin mənzili ayı 600 manat olmaqla kirayəyə vermişdir. Lakin son 4 aydır ki, cavabdeh kirayə pulunu ödəmir. İddiaçı ona ailəsi ilə birlikdə mənzili tərk etməyi də təklif etsə də, o mənzildən çıxmaq istəməmişdir. Bu isə iddiaçının hüquqlarının pozulması deməkdir. Lakin cavabdeh öz ailəsi ilə onun mənzilini tərk etmir. Ona görə də cavabdehin ailəsi ilə qanun çərçivəsində mənzilindən çıxarılmasını istəyir. Bildirir ki, evi Nəsimi rayonunun ərazisində yerləşdiyi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin Konstitusiyada da göstərilib ki, mülkiyyət toxunulmazdır. Ona görə də o, hesab edir ki, hüquqları kobud surətdə pozulur. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 2-ci blok, 6-cı mərtəbə, mənzil 26-dan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(006)-2124/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Satıcı qismində öz nizamnaməsinə əsasən fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı qismində İddiaçı arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.0 kv.m-dan ibarət mənzil alıcı İddiaçı mülkiyyətinə verilmişdir. - 10 oktyabr 2017-ci il tarixli, GDĞ seriyalı, 255227 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı həmin mənzili 110.000,0 (bir yüz on min) manata almışdır. - 10 oktyabr 2017-ci il tarixli, 2/28 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində, 87.0 kv.m-dən ibarət mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. - İş materiallarında olan 25 aprel 2019-cu il tarixli, 028787 nömrəli DSMF Xətai rayon şöbəsi tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 2-ci blok, 6-cı mərtəbə, 26 saylı mənzilin ona məxsus olmaqla xüsusi mülkiyyətində olmasını əsas gətirərək orada yaşayan cavabdehin mənzilə heç bir hüquqları olmadığı üçün çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzildə cavabdeh buna hər hansı hüquqları olmadan yaşasa da, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Bu səbəbdən, məhkəmə iddianı əsaslı sayaraq təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 26 saylı mənzilindən məcburi qaydada çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 26 saylı mənzilindən məcburi qaydada çıxarılsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar