Məhkəmə qərarları › İş №2(006)-214/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-214/2025

01.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-214/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASCyə qarşı istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödənilməli olan istifadə etmədiyi məzuniyyət günlərinin (57 gün) pul əvəzinin (1356.98 manat) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də xəzinədar vəzifəsində çalışmışdır (son iş yeri "xxxx" ASC-nin Nəsimi filialı olmuşdur). Məlum olduğu kimi xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixində ona əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən bildiriş məktubu göndərmişdir. Ona göndərilən bildiriş məktubunda Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Əmək məcəlləsi, həmçinin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun tələblərini rəhbər tutaraq təhlil işi aparmış və işçilərin sayının azaldılması məqsədilə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. Lakin, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq ona ödəniləcək son haqq-hesabda istifadə edilməyən məzuniyyət günlərinin (57 gün 1356.98 manat) pul əvəzi ödənilməmişdir. Bununla bağlı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, X1 xidmətinə və Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir məlumat və nəticə olmamışdır. Yalnız xx.xx.2024cü il tarixində bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ünvanlanan məktubda onun istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi tələbinə dair ödəniləcək məbləğin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun 77.1-ci maddəsinə uyğun olaraq və həmin qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi qeyd olunmuşdur. Lakin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun yuxarıda qeyd olunan maddələrində istifadə edilməmiş məzuniyyət günləri nəzərdə tutulmayıb və onun tələbi ilə heç bir qanuna uyğunluğu yoxdur. Azərbaycan Respublikası Əmək məcəlləsinin 144-cü maddəsində çox açıq şəkildə qeyd olunur ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından aslı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir. Daha sonra iddiaçının vəsatəti əsasında LPO Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza rəyində 2021 və 2022 illər üzrə dövr üçün göstərilmiş 43 gün məzuniyyət günlərinin doğruluğunu qəbul etməklə, ödənişlərin göstərilən günlərə uyğun aparılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən xx.xx.2023cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində '‘Muğanbank’ ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həmçinin Banklar haqqında Azərbaycan Respublikası Qanununun tələbləri rəhbər tutularaq təhlil işi aparılmış və işçilərin sayınm azaldılması qərara alinmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə yəni, işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərtilə əmək müqavilənin ləğv ediləcəyi barədə 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1.4 misli məbləğini bir dəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilə bilər. Bununla bağlı orta aylıq əmək haqqının 1.4 misli məbləğinin birdəfəlik ödənilməsi ilə ixtisar olunması barədə məktubu aldıqları tarixdən 3 iş günü ərzində razlıq ərizəsi ilə müraciət edə bilər. İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən xx.xx.2024cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə “Muğanbank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı kreditor tələbinin ödənilməsi məhkəmə tərəfindən qəbul edilmiş tələblər siyahısında təsdiq edildikdən sonra “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir. İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş 0987 saylı qəbzdən görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında 57 gün müddətə olan kredit tələbi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər İdarəsinin sorğularına xx.xx.2024-cü il tarixində cavab verilərək ona aid olan sənədlər natamam şəkildə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən onunla müəssisə arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respbulikasınm Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi, həmçinin ona əmək müqavilənizdə qeyd olunmuş əmək haqqına uyğun olaraq 2247.70 manat son haqq-hesabın ödənildiyi məlum olmuşdur. Lakin işlədiyi müddət ərzində əmək məzuniyyətindən istifadə etməklə bağlı sənədlər (məzuniyyət əmrləri, hesablanması və ödənilməsini təsdiq edən sənədlər) təqdim edilmədiyindən həmin məsələlərə münasibət bildirmək mümkün olmamışdır. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondunun məktubuna əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 34ÖM nömrəli əmrə baxış zamanı ona xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə istifadə etmədikləri 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 76 və 82-ci maddələrinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri nöbəlilik şəraitində icra ediləcəyinin qeyd edildiyi məlum olmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10105 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə əsasən, İddiaçı Cavabdeh2 ASC-də işlədiyi 2021-ci il və 2022-ci il dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinin bir günlük məbləği 21,43 manat müəyyən edilir və hazırki tədqiqatla 132 saylı əmək müqaviləsinin 8-ci bəndinə əsasən müəyyən edilmiş istifadə edilməmiş 43 gün məzuniyyət günləri nəzərə alındıqda 921,58 manat məbləğində və xx.xx.2021-ci il tarixli, 120/M saylı, xx.xx.2021-ci il tarixli 122 M saylı və xx.xx.2022-ci il tarixli, 350/M saylı əmrlərə əsasən müəyyən edilmiş istifadə edilməmiş 34 gün məzuniyyət günləri nəzərə alındıqda 728,69 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2021-ci il tarixli 120/M saylı əmək məzuniyyətinin verilməsi barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2020-xx.xx.2021-ci il iş dövrü üçün 30 təqvim günü və əmək stajına görə 02 təqvim günü, cəmi 32 təqvim günündən 05 təqvim günü əmək məzuniyyətinin verilməsi, əmək məzuniyyətinin istifadə edilməmiş xx.xx.2020-xx.xx.2021 il iş dövründən qalan 27 təqvim günü razılaşdırılan vaxtın verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2021-ci il tarixli 122/M saylı əmək məzuniyyətindən geri çağırılma barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən şöbədə yaranmış iş zəzurəti ilə əlaqədar olaraq əmək məzuniyyətindən geri çağırılması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli 350/M saylı əmək məzuniyyətinin verilməsi barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il, xx.xx.2022-ci il iş dövrü üçün 21 təqvim günü və əmək stajına görə 04 təqvim günü, cəmi 25 təqvim günündən 05 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi, əmək məzuniyyətinin istifadə edilməmiş xx.xx.2021-xx.xx.2022-ci il iş dövründən qafan 20 təqvim günü razılaşdırılan vaxtın verilməsi əmr edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı öz tələbini həmçinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna yönəltmişdir. Halbuki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxsin mövcudluğuna bu andan son qoymuş sayılır. Nə qədər ki bu hal baş verməyib ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı). Beləliklə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı yaxud bankın irəli sürdüyü) iddialar üzrə məhz bankın özü iddiaçı və ya cavabdeh qismində iştirak edir, ləğvedicisi isə qanunvericiliyin tələblərinə uyğun olaraq təmsil edir. Məhkəmə qeyd edir ki, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanıldığından Əmanətlərin Sığortalanması Fondunun üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdən çıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Məhkəmə iddiada göstərilən xüsusatların müəyyəm olunması üçün iş üzrə ekspertiza təyin etmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə istifadə olunmamış 43 gün əmək məzuniyyətinə görə 921,58 manat hesablanmışdır. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi sübut kimi qiymətləndirilməklə iddia qismən təmin edilməli, LPO Cavabdeh2 ASC-dən 921,58 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, LPO Cavabdeh2 ASC-dən 921,58 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilməklə iddianın qiymətinin 921.58 manat olması müəyyən edildiyindən, LPO Cavabdeh2 ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh LPO Cavabdeh2 ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. LPO Cavabdeh2 ASC-dən 921.58 manat alınaraq İddiaçı ödənilsin. LPO Cavabdeh2 ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh LPO Cavabdeh2 ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar