Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2154/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda Sumqayıt şəhər Mühafizə Xidməti üzrə "mülki mühafizəçi" vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respubliası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. Hətta yaxşı işlədiyinə görə mükafatlandırılmışdır. Adi və xırda bir xətadan bu cür ağır cəzalanmağı AR Konstitusiyası ilə ziddiyyət təşkil edir. Telefondan istifadə etməklə əmək funksiyasına xələl gətirməmişdir. Cavabdeh təşkilat isə iddia edir ki, o, mobil telefonundan istifadə edərək əmək funksiyasını pozmuşdur. Bu cür cəzalanmağı onun gələcək əmək fəaliyyətində də müəyyən maneələr yarada bilər. Hesab edir ki, cavabdeh təşkilatın əmri ləğv edilməli o, işə bərpa edilməlidir. Mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 16 saylı Mediasiya Təşkilatının ərizəyə əlavə etdiyi arayışını xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Cavabdehin etirazı: Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, İddiaçı müxtəlif tarixlərdə iş yerinə gəlməməsi və xidməti yerini icazəsiz tərk etməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozmuş və davranışında dönüş yaratmamışdır. Həmçinin xidməti yoxlama prosesində İddiaçı 2020-ci ildə “Tik-Tok” sosial şəbəkəsində “huseynn_817” adlı profil ilə qeydiyyatdan keçmiş, həmin profili dostu ilə birlikdə idarə etmiş, bir neçə dəfə xidmət vaxtı canlı yayım açmış, dostunun öz avtomobilini və internetdən əldə etdiyi polis əməkdaşına məxsus fotoşəkilləri paylaşmışdır. Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsi konkret müəyyənləşdirmişdir. Həmin Qaydalarda müəyyən olunmuş davranış qaydalarına riayət edilməsi mühafizəçinin ümumi vəzifəsi kimi nəzərdə tutulmuş, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq mühafizəçi əməkdaşının qarşısında qoyulmuş əsas qayda və şərtlər kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı mülki mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, etik davranış qaydalarının tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qulluq dövründə İddiaçı hərəkətlərində mülki mühafizəçi adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi halı müəyyən edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli, 3-13-17/Ə341/2024 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən: İddiaçı xx.xx.2023-cü il tarixdən əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. İddiaçı 04 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-17Ə(ş/h)1370/2023 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 13-17Ə(ş/h)1796/2024 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı 04 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsi 3-13-17/Ə341/2024 saylı xx.xx.2024 tarixli əmrinə əsasən «Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat»ın 11.5-ci, «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələblərini pozaraq internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda «Tik-tok» sosial şəbəkəsində qeydiyyatdan keçdiyi «huseynn_817» adlı profil ilə xidmət vaxtı mütəmadi canlı yayım açdığına, həmçinin internetdən əldə etdiyi polis əməkdaşına məxsus, eləcə də müxtəlif məzmunlu foto şəkillər və video görüntülər paylaşdığına, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİNin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00062 nömrəli arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2025-ci il tarixdə saat 12:00-12:30-da keçirilən ilkin mediasiya sessiyasında sonra proses davam etdirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı, «Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat»ın 11.5-ci, «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələblərini pozaraq internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda «Tik-tok» sosial şəbəkəsində qeydiyyatdan keçdiyi «huseynn_817» adlı profil ilə xidmət vaxtı mütəmadi canlı yayım açması, həmçinin internetdən əldə etdiyi polis əməkdaşına məxsus, eləcə də müxtəlif məzmunlu foto şəkillər və video görüntülər paylaşması, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutması, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir və iddiasını, ona tətbiq olunmuş intizam tənbeh tədbirinin, törətdiyi xətanın xarakterinə uyğun olmaması, bu əsasla əmək müqaviləsinə xitam verilməsinin onun gəlcəkdə əmək fəaliyyətinə maneələr yaradacağı ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı müxtəlif tarixlərdə iş yerinə gəlməməsi və xidməti yerini icazəsiz tərk etməsi, vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozması, sonuncu yoxlama zamanı isə mülki mühafizəçi adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsinin müəyyən edilməsini göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə iddiaçının işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar” adlanan 80-ci maddəsinin tələbinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müvafiq razılığın alınması ilə bağlı cavabdeh təşkilatdan sənədlər tələb edildikdə, Təşkilati-inspektor şöbəsinin TAB-ın baş inspektoru tərəfindən “DİN BİKİ-dən daxil olmuş materiala baxılmasının nəticələrinə dair rəy” təqdim olunmuş, məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi, xx.xx.2024-cü il tarixli əmrdə istinad olunan DİN Birləşmiş Həmkarlar Komitəsinin razılığının məhz təqdim edilən rəy olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, razılığın alınmasını təsdiq edən sənəd qismində təqdim olunan rəy xidməti araşdırma ilə bağlı yoxlamanın nəticələrini özündə əks etdirməklə, həmkarlar ittifaqının tələb olunan rəyi deyildir. Belə ki, İdarə, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, həmkarlar ittifaqı təşkilatı iddiaçının işdən çıxarılması ilə bağlı iclas keçirməli və bununla bağlı əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda, sadalanan halların heç biri baş tutmamış, yalnız əmək müqaviləsinə xitam verən İdarə rəisinin təsdiq etdiyi yoxlamanın nəticələrinə dair rəy verilmişdir ki, bu da 80-ci maddənin tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi). Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam təhnehi tətbiq olunarkən iddiaçının törətdiyi xətanın xarakterinin nəzərə alınmaması, bununla da pozuntunun xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin düzgün tətbiq olunmaması deməkdir. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Cavabdehin təqdim etdiyi etirazda İddiaçı müxtəlif tarixlərdə iş yerinə gəlməməsi və xidməti yerini icazəsiz tərk etməsi, vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozması bildirilsə də, bunları təsdiq edən hər hansı sübutlar, habelə göstərilən pozuntuların yol verilməsi zamanı görülmüş tədbirlər (izahatının alınması, hadisənin aktlaşdırılması və s.) barədə sənədlər məhkəməyə təqdim edilməmişdir, məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi iddiaçı barəsində bundan əvvəl hər hansı intizam tənbeh tədbirinin tətbiq olunmadığını bildirmişdir. Belə olan təqdirdə, habelə iddiaçının gənc (22 yaş) olaraq ilk dəfə əmək fəaliyyətinə məhz cavabdeh idarədə başlaması və ilk fəaliyyətinə də Əmək Məcəlləsinin ən ağır maddəsi ilə xitam verilməsinin onun əmək fəaliyyətinə ciddi maneə yaratması nəzərə alındıqda, törədilmiş intizam xətasına görə işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda, iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün tərəflərə uzun müddət vaxt verilmiş, bununla əlaqədar məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəf mübahisənin razılıq yolu ilə həllinə razı olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçıya intizam tənbehi verən işəgötürən “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”ni müəyyən edən 186-cı maddənin 3-cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi ilə xitam vermişdir. Halbuki cavabdeh tərəfin təqdim etdiyi AR DİN-in xx.xx.2023-cü il tarixli 3- 13/Q6/2023 nömrəli qərarının 4.4-cü bəndində də mülki mühafizəçinin intizam məsuliyyətinə cəlb edilməsinin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilməli olduğu təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 13-17Ə(ş/h)1796/2024 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Sumqayıt Şəhər Mühafizə İdarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva