Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2159/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı A.S.A. oğlunun cavabdeh XXX-ə qarşı «vergi borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. oğlu cavabdeh XXX-ə qarşı «vergi borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinə 27.12.2017-ci il tarixdən bu günə kimi ödəmədiyi məbləğin ödənilməsi öhdəliyinin XXX-nin üzrərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Mülki Prosessual Məcəllənin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı tələblə iddiaçı onun sahibkarlıq fəaliyyəti nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsini məhkəmədən xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən, vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Göründüyü kimi vergi öhdəliyi konstitusion vəzifə olmaqla, fərdi qaydada edilən məcburi və əvəzsiz ödənişdir. Məhkəmə qeyd edir ki, vergi öhdəliyinin dövlət büdcəsinin xeyrinə icra edilməsinin digər şəxsin üzərinə qoyulması kimi tələblər iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən fərdi qaydada dövlət büdcəsinin xeyrinə icra edilməlidir. Məhkəmə, həmçinin, izah edir ki, iddiaçı ilə cavabdeh arasında vergi yükü ilə bağlı razılaşma olduğu və həmin razılaşma pozulduğu halda, dövlət büdcəsinə ödənilmiş pul məbləğinin digər tərəfdən öz xeyrinə tutulması üçün tərəf məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin tələblə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla, tərəflərin subyekt tərkibindən, mübahisənin predmetindən və hüquq münasibətlərinin xarakterindən asılı olaraq, ümumi və ya kommersiya məhkəməsinə müraciət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılması qeyri-mümkün olduğundan, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A. oğlunun cavabdeh XXX-ə qarşı «vergi borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2159/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2159/2022
16.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver