Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2163/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh şirkətdə xx.xx.2020-ci il tarixdən işə başlamışdır. Şirkətdə vəzifəsi marketinq üzrə mütəxəssis olmuşdur. 2 ay işlədikdən sonra xx.xx.2020-ci il tarixdə rəhbərlik tərəfindən ərizəsi ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Aylıq maaşlarını kart vasitəsi ilə deyil, nağd pul şəklində alırdı. xx.xx.2020-ci il tarixdə rəhbərlik bir daha ona demişdir ki, öz hesabına ərizə yaz məzuniyyətə çıx. O da həmin ərizəni yazıb imzalayıb vermişdir. xx.xx.2020-ci il tarixdə o, öz işinə qayıdarkən MMC-nin rəhbəri ona demişdir ki, o, işdən azad olunmuşdur. Səbəbini öyrənmək istədikdə mühasiblə əlaqə saxlamağını bildirmişdir. O, mühasiblə əlaqə saxlamışdır və ondan işdən azad olunma əmrini istəmişdir. O da ona demişdir ki, şirkətin rəhbəri ilə əlaqə saxlasın o ona deyəcək. Bundan sonra dəfələrlə işdən azad olunma əmrinin ona verilməsini istəsə də lakin bir nəticə əldə edə bilməmişdir. xx.xx.2020-ci il tarixdə X5 Xidmətinə müraciət etmişdir. Onu çağırmış və son haqq-hesab ödənilib ödənilmədiyini soruşmuşlar. O, demişdir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini ona versin ki, məhkəməyə müraciət etsin. Demiş ki, get özləri çağırıb xəbər edəcəklər. Bir müddət sonra bir də əlaqə saxlamış və demişlər ki, özləri ona məlumat deyəcəklər. Sonradan bir neçə dəfə telefon əlaqəsi saxlayaraq məlumat almaq istəsə də eyni cavabı bildirmişlər. Qəbula düşmək istəsə də pandemiya şəraitini əsas götürərək qəbul etməmişlər. Onu X2 Bakı şəhər İdarəsinə yönəltmişlər. Onlarla əlaqə saxlasa da nəticəsi olmamışdır. Məcbur olaraq xx.xx.2021-ci il tarixdə X2 Bakı şəhər Ərazi İdarəsinə ərizə yazıb ona heç bir məlumat verilmədiyini bildirmişdir. Xahiş etmişdir ki, işdən azad olunma əmrinin surətini rəsmi qaydada ona verilməsi üçün köməklik göstərsinlər. Lakin hələ də onunla əlaqə saxlanılmayıb. Bütün bu olanlardan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X1 demişlər ki, onlar özləri ona kömək edəcəklər. İşdən azad olunma barədə əmrin surəti nə cavabdeh təşkilat, nə də DƏMX tərəfindən ona verilmədiyindən həmin əmrin nə vaxt imzalanması və nömrəsi barədə məlumatı yoxdur. Həmçinin işdən hansı əsasla çıxarılmağı barədə ona heç bir məlumat belə verilməyib. Məzuniyyətdə olduğu təqdirdə əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunma barədə əmr verilərkən ondan ərizə alınmamışdır. Bu maddəyə əsasən işəgötürən həmin əmrdə mənim işdən çıxarılmağımı əsaslı sübutlarla təsdiq etməlidir. Əmək müqaviləsini ləğv edərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmamış, habelə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMCdə marketinq üzrə mütəxəssis vəzifəsinə 3 aylıq sınaq müddəti ilə işə qəbul edilmişdir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbardarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun işə qəbul haqqında 10/KQ nömrəli xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən MMC-yə marketinq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Cavabdeh MMC-nin direktoru R.S.Rəhimova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı onu xx.xx.2020-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun ödənişssiz məzuniyyət haqqında 10/ÖM nömrəli xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı - MMC-nin marketinq üzrə mütəxəssisi Əmək Məcəlləsinin 128, 129-cu maddələri və Əmək müqaviləsinin (kontraktın) 4.32-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim gününədək öz hesabına ödənişsiz məzuniyyətə buraxılmasına dair əmr verilmişdir. Cavabdeh MMC-nin direktoru R.S.Rəhimova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı onu ailə vəziyyətinə görə xx.xx.2020-xx.xx.2020-ci il tarixində ödənişsiz məzuniyyətə buraxılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Rəhim Rəhimovun ödənişssiz məzuniyyət haqqında 10/ÖM-1 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı - MMC-nin marketinq üzrə mütəxəssisi Əmək məcəlləsinin 128. 120-cu maddələri və Əmək müqaviləsinin (kontraktın) 4.32 bəndinə əsasən xx.xx.2020-ci il tarixindən xx xxxxxxx 2020-ci il tarixinədək 31 təqvim gününədək öz hesabına ödənişsiz məzuniyyətə buraxılmasına dair əmr verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun “xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin araşdırılması ilə bağlı ona aid sənədlərin təqdim olunması barədə Cavabdeh MMC-nın rəhbərliyinə tərəflərindən xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstətilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Eyni zamanda bildirirlər ki, onun tərəfindən təqdim edilən sənədlərə baxış keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğundan tərəflərindən "Cavabdeh” MMC-nın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır Cavabdeh MMC-nin ofis meneceri E.Manafov tərəfindən cəmiyyətin direktoru R.S.Rəhimova ünvanlanmış İstehsalat məlumatından görünür ki, xx.xx.2020-ci il tarixdə müəssisəyə marketing üzrə mütəxəsis vəzifəsinə işə götürülmüş İddiaçı xx.xx.2020-ci il tarixdən özünün yazılı ərizəsinə əsasən bugünədək ödənişsiz məzuniyyətdədir. Onunla xx.xx.2020-ci tarixdə əmək müqaviləsi bağlanması ilə bağlı dövlət portalında alınmış "bildirişə əsasən" xx.xx.2020-ci il tarixdə öz vəzifə funksiyalarına başlamasına baxmayaraq bu günə kimi əmək kitabçasını, sosial sığorta şəhadətnaməsinin surətini və təhsili haqqında müvafiq sənədi müəssisəyə təqdim etməmişdir. Bununla o Azərbaycan Respublikasının Əmək Məcələsinin 43-cü maddəsinin tələblərini pozmuşdur. Nəzərinizə çatdırıram ki, İddiaçı cəmiyyətdə işə başladığı gündən onunla bağlanmış əmək müqaviləsinə əsasən 3 ay sınaq müddəti verilməsinə baxmayaraq ancaq iyul və avqust aylarında işdə olmuşdur. Əmək müqaviləsinin şərtlərinə əsasən işçi olaraq marketing strateqiyası və marketing siyasətinin həyata keçirməsi üzrə müvafiq planları, bazarın vəziyyətini öyrənərək müəsissəni maraqlandıran məhsul və xidmətlərə tələb və təkliflər barədə informasiyalar hazırlamalı idi, eyni zamanda cəmiyyətin fəaliyətıni həyata keçirilməsi ilə bağlı sahə üzrə, müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər və partnyorlər barədə informasiyaların toplanması və danışıqların aparılmasında iştrak etməli, bununla bağlı müxtəlif lahiyələrin iqtisadi təbliğatı məsələləri üzrə və digər media nümayəndələri iiə əlaqələr saxlamalı idi. Reklamların keçirilməsi müxtəlif plakatların hazırlanması, aksiyaların keçirilməsi və digər məsələlərlə məşğul olmalı idi. Əfsuslar olsun ki, müəsissə rəhbərliyinin düşüncələrinə uyğun yuxarıda qeyd olunan məsələlərin faktiki həllində passivlik göstərərək, öz əmək funksiyası üzrə faktiki olaraq məşğul olmamışdır. Bununla müəsissənin marketing sahəsində boşluqlar əmələ gəlmiş, bu da cəmiyyətə müvafiq ziyanın vurulmasına gətirib çıxarmışdır. Gələcəkdə adı çəkilən işçinin müəssisədə vəzifəni daşıyaraq və əmək haqqı alaraq işdə qalmasını məqsədə uyğun hesab etmir. Xahiş edir ki, müvafiq tədbirlər görülsün. Cavabdeh MMC-nin ofis meneceri E.Manafov tərəfindən cəmiyyətin direktoru R.S.Rəhimova ünvanlanmış İstehsalat məlumatından görünür ki, faktiki olaraq xx.xx.2020ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ödənişsiz məzuniyyətdən qayıtmalı və vəzifəsinə uyğun məsələlərlə məşğul olmalı idi. Ödənişsiz məzuniyyət müddətinin bitməsinə baxmayaraq qeyd edilən tarixdə işə çıxmamış və bununla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozmuşdur. Müvafiq tədbirlərin görülməsini xahiş edir. Cavabdeh MMC-nin direktoru R.S.Rəhimovun əmək müqaviləsinə xitam verilməsi haqqında 14 nömrəli xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətdə marketinq üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2020ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 70(d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilməsi, istifadə olunmamış məzuniyyət günlərinə görə son haqq-hesabın hesablanıb ödənilməsinə dair əmr verilmişdir. xx.xx.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin direktoru X4 xx.xx.2020-ci il tarixli, 14 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində işə başlamış və Cavabdeh MMC-nin direktoru R.S.Rəhimov tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə işdən azad olunmuşdur. İddiaçının müvafiq müraciətinə əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan "Cavabdeh” MMC-nın vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh tərəfin iddianın rədd edilməsi barədə məhkəməyə təqdim etdiyi dəlillərdən isə görünür ki, iddiaçı «Cavabdeh” MMC-nin direktoru X6 tərəfindən xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, lakin heç bir məlumat vermədən işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xx.xx.2020-ci il tarixli, 14 nömrəli əmri ilə işdən çıxarılmışdır. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu Məcəllənin 70-ci maddəsinin «d» bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddələrin məzmunundan göründüyü kimi sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə, habelə işçi həmin işi münasib iş hesab etmədikdə sınaq müddəti qurtaranadək tərəflərdən biri (işçi, yaxud işəgötürən) digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və bu andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İş materiallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdə əmək münasibətlərinə daxil olan iddiaçı üçün bu tarixdən etibarən 3 aylıq sınaq müddəti müəyyən edilmişdir. Lakin cavabdeh tərəfin məhkəməyə göndərdiyi sənədlərdən müəyyən edilir ki, “xxxx” MMC-nin vəzifəli şəxsi tərəfindən mübahisəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilərkən İddiaçı yazılı formada qanunvericilikdə nəzərdə tutulan müddətdə bu barədə xəbərdar olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, xx.xx.2020-ci il tarixdən hesablanmış üç aylıq sınaq müddətinin bitməsi xx.xx.2020-ci il tarixinə təsadüf edəcək və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacaqdır. Lakin iş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verildiyi tarixin xx.xx.2020-ci il tarixinə təsadüf etməsinə baxmayaraq “xxxx” MMC tərəfindən mübahisəli müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin məhz «d» bəndinə əsasən xitam verilmiş, bununla da işəgötürəncavabdeh tərəfindən əmək qanunvericiliyin müvafiq qaydalarına əməl edilməmişdir. Bundan başqa Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddənin məzmununa görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı müraciətinə əsasən X5 Xidmətinin apardığı araşdırma nəticəsində “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə zidd davrandığı aşkar olunmuş, vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının tərəf olduğu əmək müqaviləsinin surətindən həmin müqavilənin işçi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə işin bu halını işçininiddiaçının əmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirmiş, İddiaçı işə bərpa olunması barədə qənaətə gəlinməsi üçün yuxarıda qeyd olunan əsaslara əlavə kimi nəzərə almışdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçinin işdən çıxarılması əsaslarının qanuna uyğunluğu yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2020-ci il tarixli 14 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin direktoru X6 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 14 nömrəli əmr ləğv edilsin. İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilsin və ona xx.xx.2020-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 10 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2163/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2163/2021
29.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver