Məhkəmə qərarları › İş №2(006)-2177/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2177/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2177/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı mülkiyyətində olan, sahəsi 130 kv.metr olan qeyri-yaşayış sahəsinin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə cavabdehə təhvil verməyi, cavabdeh isə binanın 1-ci mərtəbəsində 180 kv.metr, 2-ci mərtəbəsində 120 kv.metr olmaqla, ümumilikdə 300 kv.metr qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncərələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olaraq iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşdülər. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən cavabdeh həmin qeyri-yaşayış sahəsini müqavilədə nəzərdə tutulan müddətdə və qaydada təmirli olaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin3.4.1ci maddəsinə əsasən cavabdeh qeyri-yaşayış sahəsi təmirli iddiaçıya təhvil verilən müddət üçün ona ayda 3000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən cavabdeh iddiaçıya təhvil veriləcək hər bir qeyri-yaşayış sahəsinin (obyektin) arxa hissəsindən bloka çıxış qapısı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh qeyriyaşayış sahələrini iddiaçıya 18 ay ərzində təhvil verməli olduğu halda, binanı 2022-ci ilin may ayında təhvil verdi. Təhvil verilən zaman məlum oldu ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdi: 1.1-ci mərtəbədə iddiaçıya sahəsi 180 kv. metr olan qeyri-yaşayış sahəsi təhvil verməli olduğu halda, 155 kv. metr (25 kv. metr əksik) sahə təhvil vermişdir. 2.2-ci mərtəbədə iddiaçıya 120 kv. metr sahə təhvil verməli olduğu halda, 115 kv.metr ( 5 kv.metr əksik) sahə təhvil vermişdir. Нər iki mərtəbə obyektin arxasında bloka qapı təhvil verməmişdir. 2021-ci lin noyabr ayı- 2022-ci ilin aprel ayları üçün kirayə haqqını, ayda 3000 manat olmaqla, 18.000 manat kirayə haqqını ödəməmişdir. Bu çatışmamazlıq barədə cavabdehə dəfələrlə bildirib, aradan qaldırılmasını xahiş etsə də, bir nəticə olmamışdır. Ona görə də hazırda bu iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirərək iddiaçıya əlavə 30 kv. metr qeyri-yaşayış sahəsi vermək, hər iki mərtəbədə ona təhvil verilmiş obyektdə bloka qapı açılması vəzifəsinin qoyulması, eləcə də cavabdehdən noyabr 2021-ci ildən may 2022-ci ilədək ödənilməmiş 18.000 manat kirayə haqqının, eləcə də ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında qeyd etdi ki, İddiaçı CavabdehMMC-yə qarşı müqavilə öhdəliyinin icrası tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçı öz ərizəsində bir sıra qanun normalarına əsaslanaraq belə bir uydurma tələb irəli sürür ki, cavabdehin üzərinə müqavilə öhdəliklərini yerinə yetirərək əlavə 30 kv.m qeyri-yaşayış sahəsi vermək, hər iki mərtəbədə ona təhvil verilmiş obyektdə bloka qapı açılması vəzifəsinin qoyulması, eləcə də cavabdehdən noyabr 2021-ci ildən may 2022-ci ilədək ödənilməmiş 18.000 manat kirayə haqqının, eləcədə ödənilmiş 144 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilsin. Lakin, iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla yalnız iddiaçının qərəzli niyyəti ilə yazılmış, eləcə də heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələbdir. Buna görə də hesab edir ki, heç bir dəlil-sübuta söykənməyən və həqiqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri rədd edilməlidir. Bununla əlaqədar olaraq bildirilir ki, iddia ərizəsi həm faktlar nöqteyi nəzərindən, həm də müqavilə şərtləri və istinad edilən normalar baxımından tam əsassız və qanunsuzdur. İddiaçı öz tələbinin hüquqi əsası kimi MM-nin 21, 385, 386, 387, 425, 430, 442, 443, 448-ci maddələrinə əsaslanıb hüquqlarının pozulduğunu bildirsə də, iddia ərizəsində göstərdikləri özlüyündə əsassız olmaqla həm işin faktiki halları, həm də hər hansı dəlil-sübutla öz təsdiqin tapmır. Belə ki, iddiaçı məhkəməyə yalan məlumat verib bildirir ki, guya cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş, sözügedən qeyriyaşayış sahəsi ona 30 kv.m əksik verilmiş, eləcə də 18.000 manat məbləğində kirayə haqqı ödənilməmişdir. Lakin, bununla iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə öz hiyləgər planına inandırmaq üçün iddia ərizəsində işin həqiqi hallarını və faktları, eləcə də təhvil alma tarixini məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyununa alət etməyə çalışır. Belə ki, iddiaçı ilə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən pilot layihə olaraq inşa edilmiş çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahələri bütün digər sakinlərdə olduğu kimi, iddiaçıya da vaxtında tam təhvil verilmişdir. Belə ki, iddiaçı ona təhvil verilən qeyri-yaşayış sahələrini faktiki olaraq qəbul etmiş olsa da, lakin həmin sahədə öz arzu, istəyinə uyğun əlavə dəyişikliklərin edilməsini tələb etmişdir. Sözügedən əmlaklar təhvil verildiyi tarixə kimi cavabdeh tərəfindən iddiaçıya vaxtlı-vaxtında aylıq kirayə haqları ödənilmişdir. Lakin, iddiaçı faktiki olaraq ona təqdim edilən qeyri-yaşayış sahəsini qəbul etmiş olsa da, sonradan əlavə 6 aylıq kirayə haqqı tələb etmişdir. İddiaçı öz iddia ərizəsində Mülki Məcəllənin bir sıra maddələrinə əsaslanaraq, aralarında bağlanmış müqavilə öhdəliyinin pozulmasını bildirsə də, lakin həmin maddələrin tələblərinə diqqət yetirəndə məlum olur ki, istinad etdiyi normalar onun iddiasının hüquqi əsasını təşkil etmir. İddiaçı aralarında olan müqavilə öhdəliyinin icrasını tələb edərkən tam mahiyyətini anlamamışdır ki, irəli sürdüyü tələblər nə qanunla, nə də müqavilə ilə heç bir hüquqi əsası yoxdur. Lakin, iddiaçı öz ərizəsində məhkəməyə yalan məlumat verib bildirir ki, guya qeyri-yaşayış sahəsi ona 6 ay gec təhvil verilmiş, eləcə də aylıq kirayə haqlarını ala bilməmişdir. Halbuki, işin həqiqi hallarından məlum olur və təqdim olunmuş dəlil-sübutlarla öz təsdiqini tapır ki, sözügedən əmlaklar cavabdeh tərəfindən iddiaçıya vaxtında və tam təqdim edilmiş, lakin iddiaçı qeyri-yaşayış sahəsinin təhvil verilmə tarixini gizlətməklə və faktiki ölçülərini düzgün şəkildə hesablamamışdır. Bununla da aralarında olan müqavilənin şərtləri elə iddiaçının özü tərəfindən pozulmuşdur. Həmçinin, iddiaçı ilə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə diqqət yetirdikdə məlum olur ki, iddiaçı tərəfindən binanın 1-ci mərtəbəsində 130 kv.m qeyri-yaşayış sahəsi təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin, faktiki olaraq iddiaçınin onlara təqdim etdiyi sahə 130 kv.metrdən az olmuşdır. Halbuki, aralarındakı müqavilənin şərtlərində mövcud olan öhdəliyi iddiaçı özü tam yerinə yetirməmişdir. Buna baxmayaraq aralarındakı müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh öz öhdəliyini həyata keçirsə də, iddiaçı cavabdehin üzərinə əlavə öhdəliklər qoymaqla, konkret olaraq onlardan artıq ödənişlər tələb edir. Halbuki, iddiaçının belə öhdəliklərin icrasını cavabdehdən tələb etməsi tam qanunsuz və əsassızdır. Qeyd edilir ki, iddiaçının məhkəməyə verdiyi yalan və ziddiyyətli ifadələrdən ibarət iddia tələbi bütünlüklə cəfəngiyat olmaqla, öz xeyrinə uydurduğu mülahizələrdən ibarətdir. İddiaçının məqsədi yalnız nəyin bahasına olursa olsun bu uydurma mülahizələrinə məhkəməni inandırmaq və bununla da qanunsuz şəkildə öz məqsədlərinə çatmaq üçün bu cür vasitələrə əla atır. Lakin, iddiaçı hər nə qədər bu faktları bilərəkdən və məqsədli şəkildə gizlətməyə çalışsa da, iş üzrə əllərində olan dəlil-sübutlar və real faktlar həqiqəti tam üzə çıxarır və onun iddia ərizəsinin qanunsuz və əsassızlığını tam sübuta yetirir. Həmçinin, iddianın mahiyyətindən də görünür ki, iddia tələbi heç bir kökü-əsası olmayan, dəlil-sübuta söykənməyən, uydurma mülahizələrdən ibarətdir və iddiaçı məhkəməyə verdiyi ziddiyyətli ifadələrilə dolu əsassız iddiasının təmin olunması mümkünsüzdür. İddiaçı öz ərizəsində bir tərəfdən mülki məcəllənin bir sıra maddələrinə istinad edib öhdəliyin pozulmasından bəhs etdiyi halda, digər tərəfdən uydurduğu mülahizələr və yalan ifadələri ilə iddiasını əsaslandırmağa çalışır. Bu da özlüyündə bir daha iddianın absurd olmasını sərgiləyir. Halbuki, iddiaçı işin həqiqi hallarını və faktları bilərəkdən gizlətmiş və dəlil-sübut kimi məhkəməyə əsassız mülahizələrdən başqa heçnə təqdim edə bilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırki işdə hər hansı öhdəliyin pozulması halı mövcud olmamışdır. Həmçinin, iddiaçıya onun istək və arzularına uyğun olaraq qeyri-yaşayış sahəsində əlavə dəyişikliklər etmək də faktiki mümkün deyildir. Məlum olduğu kimi iddiaçının qaldırdığı tələblər özlüyündə cəfəngiyat olmaqla, onun məqsədi yalnız nəyin bahasına olursa olsun ona əlavə gəlir (qazanc) əldə etmək və bununla da əsassız şəkildə varlanmaqdır. Göstərilənlərə əsasən, hazırki iş üzrə İddiaçı iddia tələbləri tam əsassız və qanunsuz olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan müqavilənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” mülkiyyətində olan ünvan 1 ünvandakı ümumi sahəsi 130 kv.metr olan qeyri-yaşayış sahəsini sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyət”ə təhvil verməyi, “Cəmiyyət” isə “Mülkiyyətçi”nin faktiki ümumi sahəsinə razılaşdırılmış sahə əlavə etməklə (1-ci mərtəbə üzrə 180 kv.m, 2-ci mərtəbə üzrə 120 kv.m) ümumilikdə 300 kv.m qeyri-yaşayış sahəsini (girişi və vitrin pəncərələri Azadlıq prospektinə açılan hissədə) yeni binada tikinti işləri başa çatdıqdan sonra təmirli olmaqla “Mülkiyyətçi”yə təhvil verməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən “Mülkiyyətçi”yə verilməli olan yeni qeyriyaşayışın ümumi sahəsi, “Cəmiyyət” tərəfindən təhvil götürülən qeyri-yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı və Azadlıq hissədən ikinci mərtəbəyə eni 1,4 sm, hündürlüyü 15 sm olan standart pilləkən quraşdırılmalı, həmçinin obyektin arxa hissəsindən bloka çıxış qapısı və hər mərtəbə üzrə 1 ədəd sanitar qovşağı tikilib təhvil verilməli, müqavilənin 4.1.2-ci maddəsinə əsasən yeni inşa ediləcək binanın bünövrəsi qoyulduqdan sonra “Cəmiyyət” tikinti işlərini 18 ay ərzində başa çatdırılmalı, həmin müqavilənin 5.1.2-ci maddəsinə əsasən tikintisi planlaşdırılmış yeni hündür mərtəbəli yaşayış binasının inşası tam başa çatanadək müvəqqəti icarə haqqının ödənişi məqsədi ilə aylıq 3000 manat kirayə haqqını tələb etmək mülkiyyətçinin hüquqları sırasına daxil edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/4760№-li rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 7 saylı 7 nömrəli qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh MMC tərəfindən tikilən binanın 1-ci və 2-ci mərtəbəsində İddiaçı təhvil verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi (162,7+119,4)=282,1 m2 təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 7 saylı 7 nömrəli qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində yerləşən sahədən bloka giriş-çıxış yolunun asılması mümkündür, lakin ikinci mərtəbədə yerləşən tikilinin arxa hissəsində digər tikililər (iddiaçıya məxsus olmayan) olduğundan bloka qapının açılması mümkün deyil. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən 0068819№-li, MH seriyalı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.06195 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 74.69 kv.m ümumi, 46.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X3-1 otaq ü/s-20.7 kv.m, y/s-14.8 kv.m, İddiaçı-1 otaq y/s-16.6 kv.m, X1-1 otaq ü/s-25.2 kv.m, y/s- 15.3 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 388 nömrəli reyestr kitabının 36171 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən 0068816№-li, MH seriyalı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.06195 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 25.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 388 nömrəli reyestr kitabının 36168 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “Qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair” Aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Süleyman Rüstəm, Eldar Tağızadə və Vladislav Plotnikov küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən pilot layihə olaraq inşa edilmiş çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində faktiki sahəsi 300 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı təhvil verildi. Belə ki, mülkiyyətçi İddiaçı təhvil verilən qeyri-yaşayış sahəsini qəbul edib və hal-hazırda istifadə edir. İddiaçı faktiki olaraq qeyri-yaşayış sahəsini qəbul edib istifadə etsə də, lakin qeyri-yaşayış sahəsinin qəbul aktına imza etməkdən imtina etmişdir. - Xəzinə məxaric orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2017xx.xx.2021-ci il tarix aralığında İddiaçı ***-**** manat aralığında kompensasiya ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması məqsədilə hazırki iş üzrə mübahisəli qeyri-yaşayış binasında yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir, satış zalından, mətbəx və sanitar qovşağından ibarətdir, tam təmirli vəziyyətdədir. İddiaçıya məxsus digər qeyri-yaşayış sahəsi binanın ikinci mərtəbəsində yerləşir, satış zalından və sanitar qovşağından ibarətdir, tam təmirli vəziyyətdədir. Hər iki qeyri-yaşayış sahəsinə giriş Azadlıq prospekti tərəfindən açılır. Həmçinin, yerli baxışda müəyyən edilmişdi ki, müqavilədə nəzərdə tutulduğu kimi hər iki mərtəbə üzrə 1 ədəd sanitar qovşağı tikilib iddiaçıya təhvil verilmişdir. Yerli baxış zamanı iddiaçı hər iki mərtəbə üzrə yerləşən tikilinin arxa hissəsindən bloka və binanın həyətinə çıxış qapısının açılmasın mümkün olmasını bildirmişdir. Lakin, cavabdehin nümayəndəsi baxış zamanı bildirmişdir ki, iddiaçı qeyd edilən yerlərdə çıxış-giriş qapılarının açılması bina üzrə təsdiq edilmiş layihəyə uyğun deyil. Beləliklə də, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 12 avqust 2017-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh MMC İddiaçı mülkiyyətində olan ümumi sahəsi 130 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə (1-ci mərtəbə üzrə 180 kv.m, 2-ci mərtəbə üzrə 120 kv.m) ümumilikdə 300 kv.m qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, obyektin arxa hissəsindən bloka çıxış qapısı və hər mərtəbə üzrə 1 ədəd sanitar qovşağı tikib təhvil verməyi, həmçinin tikinti işləri başa çatanadək aylıq 3.000 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı cavabdeh tərəfindən birinci mərtəbə üzrə 25 kv.m, ikinci mərtəbə üzrə isə 5 kv.m sahəsinin əksik verildiyini, hər iki mərtəbə üzrə obyektin arxa hissəsindən bloka çıxış qapısının açılmadığını və 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər aylıq 3.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində kirayə haqqının ödənilmədiyini iddia edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh MMC isə iddia tələbi ilə razı deyildir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirilməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülür. Həmçinin, nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin, hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.06195 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 74.69 kv.m ümumi, 46.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı-1 otaq y/s-16.6 kv.m. və həmin ünvanda yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 25.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil iddiaçının mülkiyyətində olmuşdur. 2017-ci ildə Cavabdeh MMC ilə danışıqlar nəticəsində söküləcək mənzillərin əvəzinə yeni tikiləcək binada 300 kv.m. qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə iddiaçıya verilməsi razılaşmış və aralarındakı razılığı xx.xx.2017-ci ildə notarial qaydada bağlanmış müqavilə ilə rəsmiləşdirilmişdir. Müqaviləyə görə İddiaçı 130 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə təhvil verilməsini, Cavabdeh MMC isə ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya verilməsini, obyektin arxa hissəsindən bloka çıxış qapısı və hər mərtəbə üzrə 1 ədəd sanitar qovşağı tikib təhvil verilməsi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin 300 kv.metr olan qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 7 saylı qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh MMC tərəfindən tikilən binanın 1-ci və 2-ci mərtəbəsində İddiaçı təhvil verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi (162,7+119,4)=282,1 m2 təşkil edir. Göründüyü kimi, təhvil verilən qeyri-yaşayış sahəsinin hər iki mərtəbəsi üzrə faktiki sahəsi arasında fərq mövcuddur, lakin həmin fərq iddiaçının tələb etdiyi kimi, yəni 30 kv. metr deyil, 18 kv. metr təşkil edir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilən ekspert rəyini sübut kimi qiymətləndirərək hesab edir ki, hazırda İddiaçı iddiası müqavilə üzrə çatışmayan sahənin cavabdeh tərəfindən ona təhvil verilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər iki mərtəbədə İddiaçı təhvil verilmiş obyektdə bloka qapının açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya təhvil verilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində bloka qapının açılması mümkün olsa da, ikinci mərtəbədə bloka qapının açılması mümkün deyildir. Eyni zamanda, yerli baxış zamanı da müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsindən bloka giriş qapısının açılması qeyri-mümkündür, binanın layihəsinə ziddir və həmin sahədən bloka çıxış qapısı açıla bilməz. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanan müqavilədə cavabdeh iddiaçının tələb etdiyi kimi hər iki mərtəbə üzrə bloka qapının açılmasını deyil, iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsinin arxa hissəsindən çıxış qapısının açılmasın öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi qaydada birinci və ikinci mərtəbə üzrə bloka qapı açılması birincisi müqavilədə nəzərdə tutulmamış, ikincisi də bunun həm ekspert rəyi ilə, həm də yerli baxış zamanı mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayına qədər iddiaçıya ödənilməyən kirayə haqqının, ayda 3000 manat olmaqla, cəmi 18.000 manat kirayə haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair” aktdan görünür ki, Cavabdeh MMC tərəfindən pilot layihə olaraq inşa edilmiş çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində faktiki sahəsi 300 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı təhvil verildi. İddiaçı təhvil verilən qeyri-yaşayış sahəsini qəbul edib və hal-hazırda istifadə edir. İddiaçı faktiki olaraq qeyri-yaşayış sahəsini qəbul edib və hal-hazırda istifadə edir. İddiaçı faktiki olaraq qeyri-yaşayış sahəsini qəbul edib istifadə etsə də, lakin qeyri-yaşayış sahəsinin qəbul aktına imza etməkdən imtina etmişdir. Beləliklə, həmin aktdan göründüyü kimi qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş vaxtda təhvil verildiyindən və iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi qəbul edildiyindən, cavabdeh qeyri-yaşayış sahəsinə dair aylıq kirayə haqqının iddiaçıya ödənilməsini dayandırmışdır. Eyni zamanda, məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinə yerli baxış keçirilən zaman müəyyən edildi ki, İddiaçı hazırda da həmin qeyri-yaşayış sahəsindən istifadə edir və həmin sahələri icarəyə vermişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 2021-ci ilin noyabr ayından 2022ci ilin may ayına kimi ödənilməmiş 18.000 manat kirayə haqqının tutulması hissəsində tələbi əsassızdır və rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar tələbə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddianın qaldırılması üçün ödənilmiş 144 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, bütövlükdə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilə üzrə çatışmayan 18 kv.m qeyri-yaşayış sahəsi və iddia qaldırılması üçün ödənilən 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, iş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilə üzrə çatışmayan 18 kv.m qeyriyaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı verilsin. İddia qaldırılması üçün ödənilən 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar