Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2186/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Maraqlı şəxs ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi və həmin müqavilənin məhkəmə qaydasında ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 19 saylı evin, 58 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin, 08 saylı mənzilin girovdan (ipotekadan) azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "Maraqlı şəxs" ASC ilə bağlanılmış xx.xx.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi əsasında onunla bağlanmış xx.xx.2013-cü il tarixli 1-965 saylı və xx.xx.2013-cü il 100.CL.251213.00001/o saylı ipoteka müqavilələri, habelə xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.251213.00001/m saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi, həmin müqavilələr məhkəmə qaydasında ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 19 saylı evin 58 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin 8 saylı mənzili girovdan (ipotekadan) azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, "Maraqlı şəxs" ASC ilə bağlanılmış xx.xx.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə illik 11% ödəmək şərti ilə 9 820 000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. "Maraqlı şəxs" ASC-nin "xxxx" MMC-yə 9 820 000 manat kredit ayrılmasının məqsədi "xxxx" zavodunun inşa olunması və avadanlıqların alınaraq quraşdırılması olmuşdur. Təxminən 2009-2010 – cu illərdə səhmlərinin 40% mənə, 40% İ.Ə.Həsənova, 20% Rəna adlı qadına məxsus olmaqla "xxxx" MMC təsis edilmiş, iddiaçı daha sonra zavoda direktor təyin edilmişdir. "xxxx" MMC bankın öz təşəbbüsü ilə yaradılmış və bank tərəfindən Rəna xanım hüquqi şəxsin təsisçilərindən biri olmuşdur. Kredit isə bankın öz təşəbbüsü ilə "xxxx" zavodunun inşa edilərək müasir avadanlıqlarla zavodun təchiz olunması və zavodun işə salınması üçün nəzərdə tutulmuşdur. 2013-cü ilin axırlarında zavodun işə salınmasına start verilmiş, lakin yuxarıda sözügedən kredit müqaviləsinə uyğun olaraq "xxxx" MMC-yə hər hansı bir kredit vəsaiti verilməmişdir. Lakin iddiaçı və qardaşı "xxxx" MMC-nin inkişafı üçün demək olar ki, öz şəxsi vəsaitlərini xərcləyirdirlər. Bir müddət sonra, xx.xx.2015-ci il tarixində iddiaçının qardaşı X10 qəflətən vəfat etdi. Məhz onun vəfatından sonra (idarəçilik və maliyyə mövzularında adətən o maraqlanırdı) Maraqlı şəxs ASC rəhbərliyi iddiaçını müxtəlif üsullarla sıxmağa və direktorluqdan təmənnasız ayrılmağı istiqamətində təzyiqlər, təhdidlər etməyə başladı. Nəticədə həmin ilin (2015-ci il) ortalarında iddiaçının "xxxx" MMC ilə olan əlaqəsi rəsmi şəkildə yekunlaşdırıldı, iddiaçını direktorluqdan uzaqlaşdırdılar. "Maraqlı şəxs" ASC rəhbərliyi iddiaçını işdən çıxaranda 2013-cü ildə zavoda verilməsi nəzərdə tutulmuş, lakin verilməmiş kreditə görə iddiaçıya imzalatdırılan zaminlik və girov müqavilələrinin də sonlandırılacağını, direktorluqdan çıxarıldığına görə artıq o müqavilələrin (zaminlik və girov) Maraqlı şəxs üçün əhəmiyyəti qalmadığını bildirdilər. Lakin həmin vaxtdan təqribən 3 il sonra iddiaçıya məlum oldu ki, Maraqlı şəxs iddiaçı ilə imzalanmış zaminlik və girov müqaviləsinə xitam verməyib və iddiaçıya qarşı məhkəməyə iddia ərizəsi verib. Əvvəla onu qeyd edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə verilməsi nəzərdə tutulan 9 820 000 manat kredit məbləği məxaric orderi ilə iddiaçıya və ya qardaşına verilməmiş, nə də ki "xxxx" MMC-nin bank hesabına köçürülməmişdir. Bu məbləğ nağd şəkildə ələ verilə bilməzdi. Həmin sözügedən kredit məbləği bank tərəfindən özlərinə məxsus olan X19, Beringer Solutions Limited və Kent Business Services Limited "ofşor" şirkətlər vasitəsi ilə Ruland, Fonterra, Biermann və bir sıra digər xarici dövlətlərdə olan şirkətlərə köçürülmüşdür. Bir daha qeyd edir ki, xx.xx.2013-cü il tarixli krdit müqaviləsində göstərilən 9 820 000 manat məbləğin "xxxx" MMC-yə təmir-tikinti işlərinin həyata keçirilməsi məqsədilə verilməsi nəzərdə tutulsa da həmin məbləğ tam həcmdə "xxxx" MMC-yə verilməmişdir və bu fakt "Maraqlı şəxs" ASC rəhbərliyi tərəfindən də çox yaxşı bilinir. (Bu fakt – 6 000 000 və 71 000 manat məbləğlərinin fərqli tarixlərdə nəğd şəkildə götürülməsinə dair bank tərəfindən verilmiş ardıcıl nömrəli məxaric orderlərinə nəzər yetirsək pulun götürülməsi iddiasının qurma olduğu açıq görünür. Nəzərə alsaq ki, pul vəsaiti fərqli tarixlərdə götürülüb o zaman bank kassa məxaric orderlərində olan nömrələrin ardıcıl olması qeyrimümkün idi). Halbuki, bu fakt araşdırılsa müqavilənin əslində qurma olduğu, əsassız tələbdən ibarət olduğu aşkar şəkildə görülərdi. Göründüyü kimi iddiaçı başqasına, yəni "xxxx" MMC-yə verilmiş 9 820 000 manatlıq kredit məbləğinə məhz həmin zavodda ("xxxx" MMC-də) "Direktor" olaraq fəaliyyət göstərdiyinə görə zamin olmuşdur. Belə ki, zavodun direktoru kimi həmin kredit məbləğinin təyinatı üzrə xərclənməsinə nəzarət edəcək, eləcə də zavodu işlədərək kredit borcunun geri qaytarılmasını təmin edəcəkdir. Lakin iddiaçı xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" MMC-dən uzaqlaşdırılmış və zavoda buraxılmamışdır. İddiaçı ilə təhvil-təslim zamanı dəyəri 1 150 000 ABŞ dolları olan təxminən 230 ton xammal da "xxxx" zavodunda saxlanılmışdır. Həmçinin onu da qeyd edir ki, "Maraqlı şəxs" ASC xx.xx.2013-cü il tarixli saxta kredit müqaviləsi imzalanmazdan əvvəl "xxxx" MMC-nin nizamnamə kapitalında iddiaçıya məxsus olan 40%-lik payını (zavodun 15 000 000 manat dəyəri var) 10 azn müqabilində simvolik alqı-satqı edərək "Maraqlı şəxs" ASC nümayəndələrinin adına keçirmişdir. Məhz bu səbəbdən "xxxx" MMC-nin, dolayısı ilə "Maraqlı şəxs" ASC-nin iddiaçıdan yox, iddiaçının onlardan alacağı vardır. Lakin hazırki vəziyyətdə bank rəhbərliyinin dələduz əməlinə görə iddiaçıya və ailəsinə qarşı təzyiqlər olunur, haqsız və əsassız yerə əmlakı hərraca çıxarılaraq, zavoda verilməyən kredit məbləği zamin olaraq iddiaçıdan tələb edilir. İddiaçını "xxxx" MMC-nin direktoru vəzifəsindən uzaqlaşdırdıqdan sonra iddiaçıya zaminlik və girov müqavilələrinə son veriləcəyi bildirilmişdir. "Maraqlı şəxs" ASC rəhbərliyi adəti üzrə iddiaçıdan sonra direktorluğa təyin etdiyi Həsənov İslam və Həsənov İsa qardaşları ilə də "xxxx" MMC-yə verilməsi nəzərdə tutulan saxta kreditə dair zaminlik müqavilələri imzalatmışdır. Bank 2018-ci ildə məhkəməyə iddia ərizəsi verəndə iddiaçı kimi, İslam və İsa da zamin kimi cavabdeh göstərilirdi. Lakin məhkəmənin gedişatında nədənsə (səbəb göstərilməmişdir) "Maraqlı şəxs" ASC zaminlərdən Həsənov İslam və Həsənov İsa qardaşlarına qarşı olan iddia tələbindən imtina etdi və bir tək iddiaçıya qarşı tələb irəli sürməyə davam etdi. Bu həm əsassız, həm də özlüyündə qanunsuz və ədalətsiz bir tələbdir. 2015-ci il tarixdən vəzifədən uzaqlaşdırılmış, həmin kredit vəsaiti direktor olduğu dövrdə "xxxx" MMC-yə verilməmiş və iddiaçının sərəncamında olmamışdır. Bu səbəbdən işdən ayrıldıqdan sonra iddiaçının bank qarşısında heç bir öhdəliyi qalmamışdır və bank qarşısında olan zaminlik (elecə də girov) müqaviləsinə də xitam verilməli idi. "Maraqlı şəxs" ASC digər iki nəfər zamindən (X11 və X18) pul tələb etmir. Halbuki, X11 və X18 2016-cı ildə zaminlik müqavilələrini bağlayarkən, kredit üzrə həmin müddətədək olan borc da daxil olmaqla, zaminlik öhdəliyini bütün mövcud borc öhdəliyinə münasibətdə (tam həcmdə) öz üzərlərinə götürmüşlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X17 iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nin nümayəndəsi X3 iddianın əsassız olduğunu qeyd edərək rədd edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-179/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia ərizəsi qismən təmin edilərək "xxxx" MMC-dən, İddiaçı, X4 və X8 müştərək qaydada xx.xx.2013-cü il tarixli 100.LN.251213.00001 saylı kredit müqaviləsi üzrə borca görə 9 820 000 manat, faiz borcuna görə 3 229 801.93 manat, dövlət rüsumuna görə 30 manat olmaql0a cəmi 13 049 831.93 manat "Maraqlı şəxs" ASC-nin xeyrinə tutulması, "xxxx" MMC-dən, İddiaçı, X4 və X8 müştərək qaydada Legal hüquq və ekspert mərkəzi MMC-nin xeyrinə 550 manat, dövlət nəfinə 229 manat tutulması, X6 mülkiyyətində olan Porsche Cayenne GTS minik markalı **-LK-*** dövlət qeydiyyat nişanlı, X2 mülkiyyətində olan BMW-X6 minik markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 19 saylı evin 58 saylı mənzili ilkin satış qiyməti 63 000 manat, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin 8 saylı mənzili ilkin satış qiyməti 253 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitlər hazırki qətnamə ilə "Maraqlı şəxs" ASC-nin xeyrinə tutulmalı olan 13 049 831.93 manat borcun və məhkəmə xərclərinə görə Legal hüquq və ekspert mərkəzi MMC-nin xeyrinə tutulmalı olan 550 manatın, dövlət nəfinə tutulmalı olan 229 manatın ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 19 saylı evin 58 saylı mənzili açıq hərracda satıldıqdan 1 ay sonra İddiaçı və X7 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin 8 saylı mənzili açıq hərracda satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılmaqla mənzilin boşaldılması. İddiaçı "Maraqlı şəxs" ASC-yə qarşı "Maraqlı şəxs" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.251213.00001/n saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsinə, zaminlik müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli 100.LN.**********.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı "Maraqlı şəxs" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1-965 saylı ipoteka müqaviləsinə, X10 arasında bağlanmış xx.xx.2008-ci il 1-TFR/G-061(a) saylı ipoteka müqaviləsinə, İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il 100.CL.251213.0000/m saylı zaminlik müqaviləsinə, X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100.CL.2511213.0000/n saylı zaminlik müqaviləsinə, X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100.CL.251213.00001/f saylı ipoteka müqaviləsinə, X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100.CL.251213.00001/g saylı ipoteka müqaviləsinə, X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100.CL.251213.00001/h saylı ipoteka müqaviləsinə xitam verilməsi və bu müqavilələrə edilmiş əlavələr ilə təmin olunmuş bütün əmlakların girovdan azad edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ASC-yə qarşı xx.xx.2016-cı il tarixli 100.CL.251213.00001/v saylı və xx.xx.2016-cı il tarixli 100.CL.251213.00001/u saylı zaminlik müqavilələrinin ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-179/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1416/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Maraqlı şəxs ASC ilə xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsinə əsasən, bank MMCyə təmir-tikinti işləri üçün illik 11 faiz ödəmək şərtilə 9 820 000 manat kredit verməyi öhdəsinə götürmüşdür. AG Bank ASC-nin xx xxxxxx 2013-cü il tarixli 100.LN.2005.251213.00001 1 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, borcalan xxxx MMC xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 9 820 000 manat, faiz borcuna görə 3 243 600,55 manat olmaqla cəmi 13 063 600,55 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Maraqlı şəxs ASC borcalan xxxx MMC, zamin X10 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.CL.251213.00001/n saylı zaminlik müqaviləsindən görünür ki, zamin bu müqaviləyə əsasən bank qarşısında xx xxxxxx 2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 9 820 000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən Maraqlı şəxs ASC borcalan xxxx MMC, zamin İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.CL.251213.00001/m saylı zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı xx xxxxxx 2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 9 820 000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İpoteka saxlayan Maraqlı şəxs ASC, ipoteka qoyan İddiaçı, borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli İ-965 saylı ipoteka müqaviləsinə 7 saylı əlavə razılıqdan müəyyən olunur ki, ipoteka saxlayan Maraqlı şəxs ASC və borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 19 saylı evin 58 saylı mənzilini ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka saxlayan Maraqlı şəxs ASC, ipoteka qoyan İddiaçı, borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.CL.251213.00001/o saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Maraqlı şəxs ASC və borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin, 8 saylı mənzilini ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka saxlayan Maraqlı şəxs ASC, ipoteka qoyan X12, borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.CL.251213.00001/g saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Maraqlı şəxs ASC və borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan mülkiyyətində olan 2008-ci il buraxılışlı, Porsche cayene GTS minik markalı qara rəngli avtomobili ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka saxlayan Maraqlı şəxs ASC, ipoteka qoyan X5, borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.CL.251213.00001/h saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Maraqlı şəxs ASC və borcalan xxxx MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona ediləcək əlavələr üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan mülkiyyətində olan 2009-cu il buraxılışlı, BMW-X6 minik markalı boz metal rəngli avtomobili ipoteka saxlayan qarşısında yüklü etmişdir. Borcverən Maraqlı şəxs ASC, borcalan xxxx MMC, zamin X18 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 100.CL.251213.00001/u saylı zaminlik müqaviləsindən görünür ki, zamin X18 xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn borcalanın öhdəliklərinin, o cümlədən borcalanın 10651612 manat məbləğində kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcverən Maraqlı şəxs ASC, borcalan xxxx MMC, zamin X11 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 100.CL.251213.00001/v saylı zaminlik müqaviləsindən görünür ki, zamin X18 xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 10651612 manat məbləğində kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-ci maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Həmin qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbləri ilə bağlı sübutları tədqiq edib, qeyd edir ki, İddiaçı "Maraqlı şəxs" ASC ilə kredit müqaviləsinin və onun əsasında bağlanılmış ipoteka müqavilələrinin, habelə xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.251213.00001/m saylı zaminlik müqaviləsinin xitam verilmiş hesab edilməsinə dair əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddiaçı ilə "Maraqlı şəxs" ASC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi əsasında onunla bağlanmış xx.xx.2013-cü il tarixli 1-965 saylı və xx.xx.2013-cü il 100.CL.251213.00001/o saylı ipoteka müqavilələri, habelə xx.xx.2013-cü il tarixdə bağlanmış 100.CL.251213.00001/m saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi, həmin müqavilələr məhkəmə qaydasında ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 19 saylı evin 58 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin 8 saylı mənzili girovdan (ipotekadan) azad edilməsi tələbinə dair iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Maraqlı şəxs ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməsi və həmin müqavilənin məhkəmə qaydasında ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 19 saylı evin, 58 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı evin, 08 saylı mənzilin girovdan (ipotekadan) azad edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2186/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2186/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver