Məhkəmə qərarları › İş №2(006)-2188/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2188/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2188/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndələri X1 və X2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 1.500 manat xidmət haqqı, Cavabdeh1 1.000 manat xidmət haqqı, eləcə də əldən çıxmış fayda qismində 3.000 manat pul vəsaitinin və 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC daşınmaz əmlakın alğısı və satqısı ilə məşğul olan, eyni zamanda ona müraciət etmiş şəxslərə daşınmaz əmlakın satılmasında və alınmasında xidmət göstərən hüquqi şəxsdir və uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərir. Həmin xidmətlərdən yararlanmaq istəyən şəxslərdən biri də Cavabdeh2 olmuşdur. Belə ki, Cavabdeh2 şirkətə müracət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı (yeni qaydalarla ünvan 2) mənzilin satılmasında xidmət göstərilməsini xahiş etmiş və göstərilən xidmətin müqabilində 2.000 manat xidmət haqqını ödəyəcəyini bildirmişdir. Tərəflər arasında olan razılaşma 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əlavə edilmiş «Əlavə şərtlər»ə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzilin "xxxx" MMC tərəfindən göstərilən xidmət nəticəsində 139.000 manat dəyərində satılması məqsədilə qarşılıqlı öhdəlik götürülmüşdür. Eyni zamanda «satıcı» kimi ünvan 4 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən və «alıcı» qismində isə Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı "xxxx" MMC-nin əməkdaşı X3 tərəfindən Cavabdeh1 və həyat yoldaşına ünvan 5 ünvanda yerləşən mənzil göstərilərək xidmət olunmuşdur. "xxxx" MMC-nin fəaliyyəti nəticəsində, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər» imzalandıqdan sonra qeyd olunan daşınmaz əmlak olan ünvan 5 ünvanda yerləşən mənzilin satışı təmin olunmuşdur. Qeyd olunan 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi»nin 1.5-ci bəndində «satıcı»nın öhdəliklərindən biri kimi, «Agentliyin təqdim etdiyi daşınmaz əmlakı satdığı halda, əmlakın ümumi dəyərinin 2 % agentliyə ödəməsi» birbaşa qeyd olunmuşdur. Cavabdeh2 məxsus ünvan 6 ünvanda yerləşən mənzilin müqavilədəki dəyərinin 139.000 manat müəyyən edildiyini, həmin məbləğin 2 % isə 2.780 manat təşkil etməsinə baxmayaraq razılıq əsasında satıcının ağentliyə ödəyəcəyi məbləğ 2.000 manat şərtləndirilmişdir. Həmçinin alıcı tərəfindən göstərilən xidmət müqabilində 1.000 manat xidmət haqqının şirkətə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin 2.1-ci bəndində «alıcı»nın öhdəliklərindən biri kimi, «qalıq məbləği ödəməsi» birbaşa qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehlərə xidmət göstərilmiş və vasitəçilik etməklə daşınmaz əmlakın alqısı və satqısına köməklik göstərilmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və xidmət haqqını ödəməkdən yayınmışlar. Cavabdehlərə xidmət haqqının ödənilməsi barədə bildiriş göndərilsə də, həmin bildirişə məhəl qoymamış və xidmət haqqını ödəməmişlər. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən 500 manat xidmət haqqı ödənilmiş, 1.500 manat xidmət haqqı ödənilməmiş qalmışdır. Digər Cavabdeh1 tərəfindən 1.000 manat xidmət haqqı ümumilikdə ödənilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, izahatında bildirdi ki, onların razılaşmalarına əsasən mənzili alan evin dəyərinin 1 faizi, satan isə 2 faizi məbləğində xidmət haqqı ödəməlidir. Lakin hazırki halda Fərid onlardan evin satılmasına görə 2000 manat verə biləcəyini, Elnur isə 1000 manat verə biləcəyini bildirmiş, onlar da bu təklifi qəbul etmişlər. Beh müqaviləsi bağlanan zaman Elnurun beh kimi verdiyi 500 manatı xidmət haqqına hesablayaraq özlərində saxlamışlar. Lakin Elnur və Fərid onların xidmət haqlarını tam şəkildə ödəməmişlər. məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, izahatında bildirdi ki, hazırki iddia tələbində cavabdeh olan Fərid onlara şirkət olaraq müraciət edərək yaşadığı mənzilin satılmasını təklif etmişdir. Tərəflərindən bir neçə dəfə həmin evə müştəri tapılmış, lakin satış baş tutmamışdır. Sonuncu dəfə isə Elnur adlı şəxs onlara müraciət edərək mənzil almaq istədiyini bildirmiş, o da Elnura Fəridin mənzilini təklif etmişdir. Danışıqlara əsasən Elnur müştəri qismində onunla birlikdə gedərək Fəridin evinə baxmışlar. Tərəflər arasında razılıq baş tutmuş, sonra da onların ofislərinə gələrək müqavilə bağlamışlar. Müqavilənin adı beh müqaviləsidir, lakin Fəridə verilən beh əslində onlara verilən xidmət haqqına hesablandığı üçün onlarda qalmışdır. Sonradan Elnur onlara pul barədə bir az sıxıntısı olduğunu bildirmiş və behinin batmamasını xahiş etmişdir. O özü Elnura demişdir ki, narahat olmasın məsələni yoluna qoyacaq. Fərid isə onlara başqa bir halla müraciət etməmişdir. Razılaşmalarına əsasən evin alqı-satqı müqaviləsi bağlanandan sonra qalan xidmət haqqını da tərəflər ödəməli idilər. Lakin sonradan onlar bilmişlər ki, Elnur evi alsa da, nə Fərid, nə də Elnur onların xidmət haqqını ödəməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsassızdır və mötəbər sübut deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə teleqram vuraraq, iddianı qəbul etmədiyini, iddiaçı şirkət, nə həmin şirkətin əməkdaşları tərəfindən mənzilin satılması üçün heç bir xidmət göstərilmədiyini, iddiaçı təşkilata adından beh müqaviləsi tərtib olunması ilə bağlı iddiaçı şirkətə nə göstəriş vermədiyini, nə də tapşırıq vermədiyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, şirkətə ev almaq üçün müraciət etmiş, təklif olunan evə baxmışdır. Beh olaraq Fəridə verdiyi 500 manat pul iddiaçı şirkətdə qalmışdır. Lakin mənzilin dəyərini tam şəkildə düzəldə bilmədiyi üçün məsələ yarımçıq qalmışdır. Sonradan həmin mənzili iddiaçı şirkətin vasitəsilə almamış, sonradan lizinq şirkətinə müraciət etmiş, evi lizinq şirkətindən almışdır. Odur ki, hazırki iddia tələbini qəbul etmir. İş materialları: 20 oktyabr 2023-cü il tarixdə bağlanmış 7 saylı beh müqaviləsindən görünür ki, Cavabdeh3 satıcı Cavabdeh2 adından çıxış edərək, vasitəçi "xxxx" MMC və alıcı Cavabdeh1 ilə beh müqaviləsi bağlamış, tərəflər arasında satılan mənzilin (Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 13 mənzil 12 (Yeni qaydalarla: AZ1010 ünvan 2)) dəyəri 139.000 manat, satıcını təmsil edən Cavabdeh3 2.000 manat, alıcı Cavabdeh1 isə 1.000 manat pul vəsaitini vasitəçi kimi çıxış edən "xxxx" MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 16 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC cavabdehlərə müraciət etmişdir. Qeyd olunmuşdur ki, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər»ə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri 28 May kuçəsi 13, 12 ünvanda yerləşən mənzilin "xxxx" MMC tərəfindən göstərilən xidmət nəticəsində 139.000 manat dəyərində satılması məqsədilə qarşılıqlı öhdəlik götürülmüşdür. Həmin öhdəliklər «satıcı» kimi ünvan 8 ünvanda yerləşər mənzilin mülkiyyətçisi Cavabdeh2 adından, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən, «alıcı» kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin fəaliyyəti nəticəsində, 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi» və müqaviləyə «Əlavə şərtlər» imzalandıqdan sonra qeyd olunan ünvan 8 ünvanda yerləşən mənzilin satışı təmin olunmuşdur. «Beh Müqaviləsi»nin 1.5-ci bəndində «sıtıcı»-nın öhdəliklərindən biri kimi, «Ağentliyin təqdim etdiyi daşınmaz əmlakı satdığı halda, əmlakın ümumi dəyərinin 2 % agentliyə ödəməsi» bir başa qeyc olunmuşdur. Cavabdeh2 məxsus ünvan 8 ünvanda yerləşən mənzilin müqavilədəki dəyərinin 139.000 manat müəyyən edildiyini, həmin məbləğin 2 % isə 2.780 manat təşkil etməsinə baxmayaraq razılıq əsasında satıcının agentliyə ödəyəcəyi məbləğ 2.000 manat şətləndirilmişdir. 20 oktyabr 2023-cü il tarixli 7 №-li «Beh Müqaviləsi»nin 2.1-ci bəndində «alıcının»-nın öhdəliklərindən biri kimi, «qalıq məbləği ödəməsi» bir başa qeyd olunmuşdur. Cavabdehlərdən üzərlərində olan öhdəlik əsasında «satıcı» Cavabdeh2 adından, etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən 1.500 manatın və «alıcı» Cavabdeh1 tərəfindən 1.000 manatın, 5 (beş) gün ərzində "xxxx" MMC-yə ödənilməsi tələb edilmişdir. Əks təqdirdə qeyd edilən məbləğlər, həmçinin əldən çıxmış fayda 3000 manat həcmində mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. Bakı şəhəri 9 saylı notariat ofisində təsdiqlənmiş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 4 noyabr 2023-cü il tarixli D147 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin birinci tərəfi olan lizinq verən "xxxx" MMC satıcıdan əldə edəcəyi ünvan 1 mənzil 12 (Yeni qaydalarla: AZ1010 ünvan 2) ünvanında yerləşən daşınmaz əmlakı (lizinq obyektini) müqavilənin ikinci tərəfi olan lizinq alan Cavabdeh1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 44.300 manat, müddəti 24 ay müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 aprel 2024-cü il tarixli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış yoxlama nəticəsində Cavabdeh2 adından Cavabdeh3 adına etibarnamə rəsmiləşdirilməsi aşkar olunmamışdır. ********** nömrəli,xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 75 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı tərəf məhkəməyə müraciət edərək onun tərəfindən daşınmaz əmlakın alqısatqısında vasitəçilik xidmətləri göstərilməsini və hazırki iş üzrə cavabdehlərə də belə bir xidmətin göstərilməsinə baxmayaraq cavabdehlər tərəfindən xidmət haqqının ödənilməməsini bildirərək tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəflər arasında daşınmaz əmlakın alqı-satqı zamanı iddiaçı tərəfindən göstərilən xidmətlərə görə ona ödənilməli xidmət haqqının cavabdehlərdən tutulmasına dair tələbini özü-özlüyündə əsaslı hesab edir. Lakin, cavabdehlər tərəfindən iddiaya qarşı irəli sürülən dəlillərə məhkəmə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cavabdehlər bir neçə məqam irəli sürərək iddianın əsassız olduğunu bildirmişlər. İlkin olaraq məhkəmə tərəflərin arasında bağlanmış beh adı verilmiş müqavilənin əhəmiyyətsiz olması ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla bağlı beh müqaviləsi notariat qaydasında təsdiq tələb edən müqavilələr kateqoriyasına aiddir. Lakin, işin araşdırılmış hallarından aydın olur ki, həmin müqavilə özlüyündə qarışıq tipli müqavilə olmaqla, daha çox iddiaçının xidmət haqqının ödənilməsini təmin etməyə yönəlmiş müqavilə təsiri yaradır. Həqiqi beh müqaviləsi bağlanması halında tərəflər qismində yalnız əmlakın qanuni sahibi və alıcı şəxs tərəf kimi müəyyən edilməli olardı ki, bu müqavilədə göründüyü kimi şirkət də müqavilə tərəf kimi çıxış edir. Müqaviləyə yalnız formal tələblərdən çıxış edərək forma və məzmuna riayət edilməməsi əsası qiymət verilməsi hazırki halda mümkün deyil. Çünki, işin faktiki halları ilə iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aralarında olan razılaşmadan irəli gələrək Cavabdeh1 Cavabdeh3 beh adı ilə ödənilən pulun iddiaçı şirkətin xidmət haqqının ödənilməsini təmin etmək məqsədilə şirkətdə saxlanmasına razılıqlarını ifadə etmişlər. Həmçinin burdan irəli gələrək qeyd edilməlidir ki, tərəflər xidmət haqqının ödənilməsini də əmlakın satış qiymətinə uyğun olaraq razılaşdırmışlar. Digər iki dəlil, Cavabdeh3 anası, hazırki iş üzrə Cavabdeh2 mülkiyyətində olan mənzilin satılması ilə bağlı səlahiyyətinin olub-olmaması və mənzilin birbaşa Cavabdeh1 satılmaması, Cavabdeh1 mənzili lizinq şirkətindən əldə etməsi və bunun iddiaçı şirkət tərəfindən xidmət göstərilməməsi kimi qiymətləndirilməsinə gəldikdə isə məhkəmə vurğulayır ki, Cavabdeh3 anasının mülkiyyətində olan mənzili satmaqda səlahiyyətli olması üçün notariat qaydasında etibarnamənin olmamasına baxmayaraq Cavabdeh3 evin satılması üçün şirkətə müraciət etmiş, mənzilin satılması prosesində müştərilərlə, o cümlədən Cavabdeh1lə danışıqlarda iştirak etmişdir. Nəticədə mənzilin satışı, hətta lizinq şirkəti vasitəsilə olmasına baxmayaraq belə yenə də məhz Cavabdeh1 tərəfindən əldə edilmişdir. Cavabdeh1 həmin mənzili sırf mənzilin mülkiyyətçisi Cavabdeh2 birbaşa əldə edilməməsinə səbəb özünün də bildirdiyi kimi yalnız mənzilin dəyərini tam şəkildə ödəyə bilməməsi olmuşdur. Göründüyü kimi tərəflər arasında münasibətlər 20 oktyabr 2023-cü il tarixli müqavilə və şifahi danışıqlarla müəyyənləşdirilmişdir. Cavabdeh2 sonradan mənzilini lizinq şirkətinə satması və Cavabdeh1 isə lizinq şirkəti ilə artıq 4 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsi bağlaması ona dəlalət edir ki, dolayısı ilə olsa da, məhz hazırki iş üzrə iddiaçı şirkətə istər satıcı kimi Cavabdeh3, istərsə də alıcı kimi Cavabdeh1 müraciət edərək mənzilin alqı-satqısını həyəta keçirilməsində iddiaçı şirkətin xidmətlərindən yararlanmışlar. Sonradan Cavabdeh1 həmin mənzili birbaşa mülkiyyətçi olan Cavabdeh2 deyil, lizinq şirkətindən əldə etməsi məhz Cavabdeh1 maddi durumu ilə bağlı olmuşdur və bu hal heç də iddiaçı şirkətin tərəflərə göstərdiyi xidməti kölgə altına almamalıdır. Məhkəmə mövcud işgüzar münasibətlərdə mənzil alqı-satqısında bu tip vasitəçilik xidmətlərinin göstərilməsini, tərəflər arasında mövcud bazar münasibətlərində göstərilən vasitəçilik xidmətinin dəyərinin əmlakın dəyərinin müəyyən faizi nisbətində razılaşdırılmasının geniş vüsət aldığını nəzərə alır. Bu tip münasibətlərdə isə tərəflər daha çox şifahi razılaşdırılmalara əsasən hərəkət edirlər, hazırki halda da tərəflər arasında münasibətlər yalnız formal tələblərə cavab verməsə də, tərəflərin faktiki davranışları qanunazidd olmamışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında beh müqaviləsi və ona əlavə imzalanmış, Cavabdeh3 iddiaçıya göstərilən vasitəçilik xidmətlərinə görə 2.000 manat, Cavabdeh1 isə 1.000 manat ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh3 üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməməklə iddiaçıya 1.500 manat, Cavabdeh1 isə 1.000 manat borclu qalmışlar. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 1.500 manat, Cavabdeh1 1.000 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə 3.000 manat əldən çıxmış fayda şəklində ziyana məruz qalmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əldən çıxmış faydanın nədə ifadə edildiyini açıqlamamış, iddia tələbini qeyd edilən hissədə kifayət qədər əsaslandırmamışdır. Eləcə də, iş materiallarından göründüyü kimi, Cavabdeh2 iddiaçı qarşısında nə şəxsən özü, nə də nümayəndəsi vasitəsi ilə heç bir öhdəlik götürməmiş, müqavilə imzalamamışdır. Bu səbəbdən, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 1.500 (min beş yüz) manat, Cavabdeh1 1.000 (min) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 (qırx beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar