Məhkəmə qərarları › İş №2(006)-2194/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2194/2021

10.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2194/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndələri X3 və (eyni zamanda vəkili) Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-ci ilin ortalarında Azərbaycan Tibb Universitetinin “Stomatologiya” fakültəsinin eyni adlı ixtisasını bitirərək həkim-mütəxəssis qismində təhsilini davam etdirmək üçün həmin ildə də adıçəkilən universitetin rezidenturasına ödənişsiz əsaslarla daxil olmuşdur. Ərizəçi rezidenturaya daxil olduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə onunla Resident qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.10.2014-cü il tarixli, 112 nömrəli əmri ilə təsdiq edilmiş '"Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” 760 №-li, 12 avqust 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinin müdiri X1 tərəfindən imzalanaraq nazirliyin möhürü ilə təsdiq edilmiş və həmin tarixdə də qüvvəyə minərək şərtləri tərəflər üçün məcburi xarakter daşımışdır. Həmin müqavilənin 1.1-ci bəndində “Bu müqavilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilmişdir. Müqavilənin 1.2-ci bəndində bu müqavilə üzrə rezidenturada mütəxəssis hazırlığının dövlət sifarişi əsasında həyata keçirilməsi təsbit edilmişdir. Müqavilənin 1.3cü və 1.4-cü bəndlərində müvafiq olaraq həkim-mütəxəssis hazırlığı aparılan ixtisasın adının “Stomatologiya”, ixtisas üzrə təhsil müddətinin 3 ( üç ) il olduğu göstərilib. Tərəflər arasında bağlanılmış 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilənin 3.1-ci bəndində Səhiyyə Nazirliyinin vəzifələri öz əksini tapmışdır. Müqavilənin 3.1.2-ci bəndində göstərilib ki, Rezident hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Ərizəçi, müqavilənin şərtlərinə müvafiq olaraq 01 sentyabr 2016-cı il tarixdən başlayaraq, 01 sentyabr 2019-cu il tarixədək 3 ( üç ) il müddətinə “Stomatologiya” ixtisası üzrə rezidenturada təhsil almışdır. Rezidentura təhsili müddətdə müqavilənin şərlərinə onun tərəfindən daima əməl edilmiş, rezident kimi o, müqavilənin 3.3-cü bəndindən irəli gələn vəzifələri tam şəkildə yerinə yetirərək ixtisas üzrə təhsil proqramını tam yerinə yetirmiş və hazırlıq keçdiyi Klinik bazanın müəssisədaxili intizam qaydalarına, müvafiq təhsil proqramı ilə tənzimlənən iş rejiminə və növbətçilik qaydalarına, həmçinin müqavilədən irəli gələn digər öhdəliklərə tam şəkildə riayət etmişdir. Onun istər 1-ci və 2ci kurs üzrə müvəffəqiyyət göstəriciləri, istərsə də yekun attestasiya nəticələri yüksək olmuşdur. Hətta yekun attestasiya imtahanlarından kəsiri olmadan keçən bir neçə rezidentdən biri olmuşdur. Ərizəçi 2019-cu ilin sentyabrında həkim-mütəxəssis hazırlığı üzrə 3 illik təhsil müddətini başa vurduqdan sonra Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə, müvafiq qurumlarına dəfələrlə müraciət edərək onunla adıçəkilən nazirlik arasında bağlanmış 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin 3.1.2-ci bəndindən irəli gələn vəzifələrin, yəni rezident olaraq onu Nazirliyin tabeliyində olan tibb müəssisələrindən birində işlə təmin edilməsi barədə xahiş etmişdir. Əvvəlcə Nazirliyin səlahiyyətli nümayəndələri ərizəçini həkim-mütəxəssis kimi işlə təmin edəcəklərini bildirsələr də, sonradan fikirlərini dəyişərək onu işlə təmin etməkdən əsassız olaraq imtina etmişlər. Ərizəçinin Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrindən birində işlə təmin edilməsi üçün təyinat verilməsi barədə sözügedən nazirliyin müvafiq səlahiyyətli şəxslərinə, həmçinin bilavasitə səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı çoxsaylı məktublarına, həmçinin həmin məktublara verilmiş cavablardan nazirliyin apellyasiya şurasına verdiyi şikayətlərə adıçəkilən nazirlik adından eyni şəxs-həmin nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdiri Saidə Rüstəmzadənin 27.12.2019-cu il tarixli məktubunda cavab olaraq bildirilmişdir ki, rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişində qeyd olunan təyinat yerinin dəyişdirilməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.4 və 2.5-ci bəndlərinə əsasən həkim-mütəxəssislərin təyinatı nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla və vakansiyaların seçimi zamanı həkimmütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilərək aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verilmişdir ”. Həmin qərar qəbul edilərkən keçirilən komissiyanın iclasına iddiaçı dəvət edilməyib, eyni zamanda Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarı ərizəçiyə təqdim edilməmiş və yaxud poçt vasitəsilə göndərilməmişdir. Baxmayaraq ki, ərizəçi bir neçə dəfə həmin qərarın surətinin ona təqdim edilməsini xahiş edib, lakin ona yuxarıda qeyd edilən şəkildə cavablar verilmişdir. Bundan əlavə, həmin cavabda göstərilir ki, guya ki, ərizəçi təyinat yerinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edib. Halbuki, iddiaçı cavabdehə ünvanladığı bütün məktublarda onun müqavilə şərtlərinə uyğun olaraq işlə təmin edilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı heç bir halda təyinat yerinin dəyişdirilməsi barədə müraciət etməmiş, çünki onun hər hansı bir təyinat yeri olmamışdır. Göstərilənlərə əsasən İddiaçı həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı qarşı «müqavilənin ləğv edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və ‘‘Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra təbdbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisası mövcud deyildir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində İddiaçı işlə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə bağlanılarkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 nömrəli fərmanının mövcud olmadığına görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və “TƏBİB'” qurumu da yaradılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndələri X6 və (eyni zamanda vəkili) Vəkil ilkin iddianı müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 12 avqust 2016-cı il tarixli, 750 nömrəli “rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlanılır. Həmin müqavilənin 3.1.2-ci bəndində göstərilmişdir ki, rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Nazirliyin vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 27.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyanın 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.04.2021-ci il tarixli məktubundan görünür ki, rezidentlərin təyinatı respublikada dövlət səhiyyə müəssisələri üzrə mövcud vakant vəzifələr üzrə aparılır. 2019-cu ildə stomatologiya ixtisası üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi məsələsinə 10 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi komissiyasının iclasında baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin böyük əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası bir neçə ixtisas üzrə mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Eləcə də həmin Məcəllənin 1131 -ci maddəsinə əsasən işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi müqavilə şərtinin icrası Səhiyyə Nazirliyinin cavabdeh olmadığı haldan irəli gəlmişdir. Bu səbəbdən 10 dekabr 2019-cu il tarixində keçirilən komissiyanın iclasına stomatologiya ixtisası üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər dəvət olunmamış və onlara azad təyinat verildiyi şifahi olaraq bildirilmişdir. Eyni zamanda, İddiaçı işlə təmin edilməsi mümkün olmamışdır. Respublikanın tibb müəssisələrində çalışan həkim- mütəxəssislərin əməyin ödəniş dərəcələrinin diapozonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.06.2017-ci il tarixlinin 8 nömrəli qərarı ilə tənzimlənir. Diapozon mütəxəssislərin stajından və ixtisasından asılı olaraq dəyişir. Məhkəmə həm ilkin, həm də ki qarşılıqlı iddia ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü müddəasına əsasən “Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir”. Həmin Qaydalara əlavədə rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə “stomatologiya” ixtisasının sətri 060933 və həmin ixtisas üzrə təhsilin müddəti 3 il müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədə göstərilən şərtlərlə razılaşaraq İddiaçı ilə həmin müqaviləni bağlamışdır. Tərəflər arasında bağlanılmış 12.08.2016-cı il tarixli, 760 saylı müqavilənin 3.1.2-ci bəndinə əsasən hazırlığı uğurla başa vurmasından sonra rezidenti həkim-mütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsi Səhiyyə Nazirliyinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13.10.2014-cü il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.8-ci bəndinə əsasən Komissiya həkim – mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Məhkəmə ilkin iddia tələbinin “dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “şəraitin əhəmiyyətli dərəcədə dəyilməsi ilə bağlı” verdiyi izahatla əlaqədar qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad etməklə müqavilənin digər tərəfin ziyanına ləğv edilməsi barədə iddiası əsaslı hesab oluna bilməz. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.02.2021ci il tarixli iş yerinə göndərişlərin surətlərindən görünür ki, Nazirlik rezidenturanı stomatologiya ixtisası üzrə bitirmiş bəzi rezidentlərinə iş təyinatını vermişdir. Məhkəmə iclasında cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsi digər şəxslərə təyinat verildiyi halda bunun İddiaçı tətbiq edilməməsinin səbəbini izah edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməssi vəzifəsi cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməli, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsi cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilsin. İlkin iddia ərizəsi qalan hissədə təmi edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar