Məhkəmə qərarları › İş №2(006)-2195/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2195/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2195/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı «mirasın qəbulu müddətinin uzadılması və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı «mirasın qəbulu müddətinin uzadılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdehlər qismində Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 göstərilmiş, lakin ərizənin nəticə hissəsində onların hər birinə qarşı yönələn tələb qeyd edilməmişdir. İddiaçının tələblərinin mahiyyətindən görünür ki, o, miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılaraq uzadılmasını, vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılmasını, həmin şəhadətnamə əsasında edilmiş qeydiyyatın ləğv edilməsini, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və müqavilə əsasında edilmiş qeydiyyat ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçı tərəfindən bir neçə cavabdehə qarşı iddia qaldırılmasına baxmayaraq, onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2023-cü il tarixdə ərizəçi qismində «müvəqqəti təminat tədbiri»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mübahisələndirdiyi məsələ üzrə yekun məhkəmə qərarı qəbul edilənə kimi, Bakı şəhəri, X5 küçəsi, 38 ünvanında yerləşən fərdi evin üzərinə həbs qoyulması və həmin fərdi evdə hər hansı söküntü-tikinti işlərinin aparılmasının Cavabdeh3 və qeyrilərinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-100/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 38 ünvanında yerləşən evin özgəninkiləşdirilməsi və həmin evdə hər hansı söküntü-tikinti (təmir-bərpa) işlərinin aparılması Cavabdeh3 və digərlərinə qadağan edilmiş, tərəflərə qərardadın müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi izah olunmuş, müvəqqəti təminat tədbiri barədə qərardadın 06 may 2023-cü il tarixdən qüvvədən düşmüş hesab olunması, dərhal icra edilməsi, icrasının Nəsimi rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmış, qərardaddan şikayət verilmə müddəti göstərilmişdir. xx.xx.2023-cü il tarixində həmin qərardaddan maraqlı şəxs X3 vəkili-nümayəndəsi X7 tərəfindən verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Şikayətə AN-İ seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə edilmişdir. Həmin sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən miras əmlak hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 tərəfindən X2 və hazırda əmlak X3 mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh2 mübahisəli miras əmlakı digər Cavabdeh3 satmasına dair mülahizələr öz əksini tapsa da, iddiaçı həmin mülahizəsini təsdiq edən mötəbər sübutları (alqı-satqı müqaviləsi, dövlət reyestrindən çıxarış və s.) məhkəməyə təqdim etməmişdir. Lakin maraqlı şəxs tərəfindən təqdim edilmiş materiallar əsasında mənzilin X1 və hazırda onun mülkiyyətində olması müvafiq sənədlərlə öz təsdiqini tapmışdır. Deməli, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 mübahisəyə heç bir aidiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yol verilən nöqsanlar onun diqqətinə çatdırılmalı və aradan qaldırılmalıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin Cavabdeh3 satıldığını ehtimal edərək, onu cavabdeh qismində cəlb etməklə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, cavabdehlərdən yalnız Cavabdeh3 Nəsimi rayonu ərazisində qeydiyyatdadır. Bununla bağlı məhkəmə qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, digər cavabdehlər ünvan 3 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, mikrorayon 7, ev 116, Ticarət Mərkəzidir, Cavabdeh2 isə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadır. Əlavə olaraq qeyd edilir ki, X6 ünvan 5 ünvanında qeydiyyatdadır. Buna görə də iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin nəticə hissəsində cavabdehlərə qarşı yönəltdiyi tələblərlə əlaqədar olan nöqsanları aradan qaldırdıqdan sonra ərazi aidiyyəti üzrə düzgün məhkəməyə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 35.1-35.2-ci maddələrinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 114.1, 114.1.3-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı «mirasın qəbulu müddətinin uzadılması və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar