Məhkəmə qərarları › İş №2(006)-2235/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2235/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2235/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1991-ci il tarixli, 80 saylı nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü ildə Kəlbəcər rayon Zar kəndində anadan olmuş, 1993-cü il tarixdə məlum Qarabağ hadisələri ilə bağlı Kəlbəcər rayonundan məcburi köçkün düşənədək Zar kəndində yaşamışdır. xx.xx.1991-ci ildə Kəlbəcər rayon Zar icra nümayəndəliyində X2 ilə rəsmi nikaha daxil olub ər-arvad kimi yaşamışdır. 2023-cü ilin mart ayında Mingəçevir “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edərkən, adına 2 nikah olduğunu, nikahlardan birinin Füzuli rayon qeydiyyat şöbəsində qeydə alındığını bildirdilər. Qeyd etdiyi kimi Kəlbəcər rayon Zar kəndində anadan olub, yalnız orada nikaha daxil olub, 1993-cü ilədək də orada yaşamışdır. Daha sonralar Bakı şəhərində təhsili ilə bağlı yaşamış, Füzuli rayonuna heç vaxt getməmişdir. Qeyd olunan nikah akt qeydi rəsmiləşəndə iştirak etməmiş və həmin şəxsi tanımır. Füzuli rayon qeydiyyat şöbəsində qeydə alınmış 24 aprel 1991-ci il tarixli, 80 saylı nikah haqqında akt qeydinin ləğvi ilə bağlı Mingəçevir şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, ona müvafiq akt qeydinin etibarsız sayılması şöbə tərəfindən mümkün olmadığı, bununla bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Odur ki, artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə yazılı izahat təqdim edərək, bildirmişdir ki, 1991-ci ildə Bakı şəhərində tələbə həyatı yaşadığı zaman, keçmiş SSRİ qanunlarına əsasən Bakı şəhərində işləyib daimi yaşaması üçün mütləq pasport qeydiyyatına düşmək və nigaha daxil olmaq tələbləri ilə qarşılaşmışdır. Bu səbəbdən də həmin vaxt qonşuluqda yaşayan İddiaçı ilə formal nikaha daxil olmuşdur. Bundan sonra 1994-cü ildə, hazırda arvadı olan X3 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cari ilin mart ayına qədər 1991-ci il tarixdə bağlanmış formal nigahdan heç bir xəbəri olmamış, heç bir vaxt bubunla bağlı ona qeydiyat şöbəsi və ya pasport qeydiyyat şöbəsi tərəfindən heç bir məlumat verilməmişdir. Həmin formal nigahın bağlanması barədə şəhadətnamə belə onda olmamışdır. Bu səbəbdən də xx.xx.1991-ci ildə 80 saylı aktla onunla İddiaçı arasında bağlanmış formal nigahın pozulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.1991-ci il tarixli V-ЖГ seriyalı 349868 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 9 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvad “Kamalova” soyadında qalmışdır. Mingəçevir şəhər qeydiyyat şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 16-5/8-15-19/23 saylı məktubundan görünür ki, iddiaçının adına xx.xx.1991-ci il tarixli, 80 saylı Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən, xx.xx.1991-ci il tarixli, 9 saylı Kəlbəcər rayon Zar icra nümayəndəliyi tərəfindən nikah haqqında akt qeydləri tərtib olunmuşdur. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-799/2023 saylı cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı ilə Cavabdeh nikahı xx.xx.1991-ci ildə Füzuli rayon qeydiyyat şöbəsində, X2 ilə İddiaçı nikahı xx.xx.1991 -ci ildə Kəlbəcər rayonu Zar icra nümayəndiliyində qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhərində işləyib daimi yaşaması üçün cavabdeh iddiaçı ilə xx.xx.1991-ci il tarixdə formal nikaha daxil olmuş və Füzuli rayon qeydiyyat şöbəsində nikah qeydi aparılmışdır. Lakin iddiaçı, X2 ilə xx.xx.1991-ci il tarixdə, cavabdeh iisə X3 ilə xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuşlar. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasındakı nikah formal olmaqla ailə qurmaq niyyəti olmadan yalnız görünüş (cavabdehin Bakı şəhərində işləyib daimi yaşaması) üçün bağlanmış nikahdır ki, bu halda həmin nikah saxta nikah olmaqla uydurma əqddir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasındakı nikah əhəmiyyətsiz əqd olduğundan etibarsız sayılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1991-ci il tarixli, 80 saylı nikah etibarsız sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1991-ci il tarixli, 80 saylı nikah etibarsız sayılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar