Məhkəmə qərarları › İş №2(006)-2244/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2244/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2244/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə İddiaçı ilə cavabdeh ''FF- 2011" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 335 saylı xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzil Kooperativ "Payçı"ya mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini, Payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə mənzilin 1 kvadrat metrinin dəyəri 1.592 AZN olmaqla, cəmi dəyəri 430.000 (dörd yüz otuz min) AZN müəyyən edilmişdir (4-cü bənd). Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 3.1-ci bəndinin b hissəsinə görə müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın Müqavilənin 1.2-ci bəndində göstərilən mənzili Payçı-ya təhvil verməyi Kooperativ öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, yuxarıda qeyd edilən mənzilə görə də pay dəyəri tam ödənilmiş və mənzil İddiaçıya məxsusdur. Lakin göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışına əsasən iddiaçı tərəfindən sözügedən mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əsaslı səbəb göstərilmədən sözügedən mənzil hal-hazıradək ona təhvil verilməmişdir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur, hal-hazırda da pozulmaqda davam edir. Göstərilənlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 335 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m təşkil edən 4 otaqlı 28 saylı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul edərək, tələbin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. 4.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Cavabdeh və İddiaçı arasında bağlanan 21 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 335 saylı, 01 avqust 2012-ci il tarixli Sərəncamı əsasında Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh MTK-nın üzvlərinin vəsaitləri hesabına həyata keçirləcək və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir (bənd 1.1). Müqavilənin 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 1-ci blok 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270,0 kv.m təşkil edən 4 otaqlı 28 saylı mənzil “Kooperativ” Payçıya mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini, payçı isə həmin mənzili qəbul öz öhdəsinə götürürlər (bənd 1.2). 8.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 21 iyul 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən ticarət mərkəzi, ofis və yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin 1-ci blok 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270,0 kv.metr təşkil edən 4 otaqlı 28 saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzilin dəyəri 430000 manat payçı tərəfindən Cavabdeh MTK-nın xəzinəsinə tam ödənilmişdir və MTK-ya bu mənzilə görə heç bir borcu yoxdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının 335 saylı xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzili iddiaçıya (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, iddiaçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı hazırda müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini iddia edərək, müqavilə üzrə cavabdeh tərəfindən inşa olunan Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İddia tələbinin qanuni əsasını təşkil edən 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 12.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 13.Hazırki işdən göründüyü kimi, Kooperativ (“Podratçı”) Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzili payçı İddiaçı (“Sifarişçi) təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq, cavabdeh mənzilin tam şəkildə ona təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki, iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmiş, lakin binanın tikintisi üçün tikintiyə icazə barədə sərəncamın ləğv edildiyi, cinayət işinin açıldığı və davam etdiyinə görə binanın tikintisini başa çatdıra bilmədiklərini bildirmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. 14.Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, cavabdeh tərəfindən isə öhdəliyin pozulması müəyyən edildiyindən və eyni zamanda, cavabdeh tərəfindən iddia tələbi etiraf edildiyindən, iddia tələbi təmin edilməli və 21 iyul 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzilin təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. 15.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 16.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 17.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 21 iyul 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 270.0 kv.m. təşkil edən 4 otaqlı 28 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar