Məhkəmə qərarları › İş №2(006)-2249/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2249/2023

20.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2249/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı cavabdeh X1 Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı «işə pərba və.s» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı «işə pərba və.s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iş üzrə cavabdeh qismində xarici ölkənin Azərbaycan Respublikasında yerləşən diplomatik nümayəndəliyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 453-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir. Göründüyü kimi, hazırda cavabdeh Azərbaycan Respublikası ərazisində beynəlxalq müqavilələrdən irəli gələn, eləcə də yerli qanunvericiliyə əsasən mülki məhkəmə məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki tələb ilə əlaqədar Səfirliyin mənsub olduğu ölkənin müvafiq qurumlarına müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 Azərbaycan Respublikasındakı Səfirliyinə qarşı «işə pərba və.s» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsində göstərilən məsələ ilə bağlı Səfirliyin mənsub olduğu ölkənin müvafiq qurumlarına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar