Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-226/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 6.240 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 17.01.2019cu il tarixində əmək müqaviləsi (müddətsiz) bağlanmışdır. Həmin əmək müqaviləsi 01.09.2019-cu il tarixində “Əmək haqqının artırılması ilə əlaqədar olaraq” 17.01.2019-cu il tarixli o nömrəli əmək müqaviləsinin dəyişiklik edilməsi ilə bağlı razılaşma əsasında yenilənmişdir. Cavabdeh iddiaçını Qarabağ müharibəsi ilə əlaqədar olaraq 12.10.2020-ci il tarixindən 25.01.2021-ci il tarixinə qədər Qarabağın müharibənin olduğu ərazisinə ezam etmişdir. İddiaçı ümumillikdə 104 gün ezamiyyətdə olmağına baxmayaraq cavabdeh tərəfindən qanunla müəyyən edilmiş ezamiyyət xərcləri iddiaçıya ödənilmədən qanunsuz şəkildə 25.01.2021-ci il tarixində işdən azad edilmişdir. İddiaçı № Fox-K2/004 saylı 14 oktyabr 2020-ci il tarixli əmrinin məzmunundan görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarxli qismən Səfərbərlik haqqında qərarı və Səfərbərlik və Hərbi xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciəti nəzərə alınaraq aidiyyatı üzrə bölgəyə ezam edilmişdir. İddiaçı ezamiyyətdə olduğu müddətdə fəxri fərmanla təltif edilmişdir. Qoşma hissəsində təqdim edilən 12.01.2021-ci il tarixli N saylı Hərbi hissə tərəfindən verilmiş Arayışın məzmunundan görünür ki, iddiaçı 14.10.2020-ci il tarixindən cavabdeh tərəfindən ezam edilmiş və ümumillikdə 104 gün müddətində ezamiyyətdə olmuşdur. Cavabdeh dəfələrlə iddiaçıya ezamiyyət xərclərinin ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. İddiaçı tərəfindən ezamiyyət xərclərinin alınması zəruridir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 10.530 manat maddi ziyanın (ezamiyyə xərci), 10.000 manat mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 20.530 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. O, hər hansı hərbi hissə tərəfindən deyil, işlədiyi şirkət tərəfindən ezam olunmuşdur. Əgər o, hər hansı hərbi hissə tərəfindən ezam olunsa idi, ona ezamiyyə xərcləri ilə bağlı pul vəsaiti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilərdi. Lakin o, 10.12.2020-ci il tarixdən 12.01.2021-ci il tarixədək ezamiyyətdə olmuş və N nömrəli hərbi hissədə Cavabdeh MMC-yə məxsus avtomobilin sürücüsü kimi işləmişdir. Onun xəsarət alması nəticəsində xəstəxanada qaldığı günlərin xərci də cavabdeh şirkət tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də sürücü işləmişdir və şirkət tərəfindən vətən müharibəsində iştirak üçün ezam edilməmişdir. Aşağıdakı əsaslara və dəlillərə görə iddia tələbinin rədd edilməlidir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin əmri ilə 14.10.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Yəni, onu hərbi hissəyə cavabdeh yox, dövlət qurumu ezam etmiş və bütün xərclərini ödəmişdir. Bu N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayevin iddiaçıya verdiyi arayışda da öz təsdiqini tapır; vətən Müharibəsi dövründə döyüş bölgəsində avtomobilə ehtiyac yaranmış, ilk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi Yasamal RPİ-yə müraciət etmiş, sonuncu da kömək üçün "xxxx" MMC-yə müraciət etmişdir. Şirkət tərəfindən bir ədəd avtomobilin verilməsi qərara alınmış və avtomobilin hara göndərilməsi soruşulmuşdur. İdarədən əvvəlcə bildirmişlər ki, avtomobil N saylı hərbi hissəyə gedəcək, lakin sonradan qərarlarını dəyişmişlər və gözləməklərini istəmişlər. Şirkət tərəfindən avtomobilin sürülərək hərbi hissəyə aparıb təhvil verib qayıtması üçün qeyri-müəyyən müddətə İddiaçı ezamiyyə vəsiqəsi verilmişdir. Avtomobilin N saylı hərbi hissəyə aparılması qərarlaşdıqdan sonra cavabdeh tərəfindən əmr verilmiş və İddiaçı N nömərli hərbi hissəyə göndərilmişdir. Lakin iddiaçı öz istəyi ilə döyüşlərdə iştirak etmək və avtomobili idarə etmək arzusunu bildirdiyindən idarə tərəfindən əmr verilmiş və iddiaçı hərbi əməliyyatlarda iştirak etmişdir. Cavabdeh isə onun hərbi əməliyyatlarda iştirakını, Vətən müharibəsində iştirakını nəzərə alıb onun aylıq əmək haqqını ona ödəmişdir, hətta Vətən müharibəsindən sonra bir neçə ay işə çıxmamağına baxmayaraq yenə də əmək haqqı ödənilmişdir, cavabdehin hər hansı işçisini müharibə vaxtı döyüşlərdə iştiraka ezam etmək səlahiyyəti yoxdur. Eyni zamanda ezamiyyət şirkətin fəaliyyəti ilə bağlı olmalıdır lakin belə bir ezam məqsədi yoxdur. Ezam vəsiqəsinin verilməsini isə idarə onlardan xahiş etdi, çünki avtomobilin ümumi hərbi maşınların kortejində döyüş bölgəsinə getməsi üçün avtomobil mülkiyyətçisinin ezam kağızı olması tələb edilirdi. Verilmiş ezam vəsiqəsi yalnız avtomobilin təyinat nöqtəsinə çatdırılması məqsədi daşımışdır. Cavabdehi iddiaçının nəinki orta aylıq əmək haqqını, hətta tam məbləğdə aylıq maaşını saxlamış və ona ödəmişdir; işçi ezam olunarkən hüquqi şəxsin müəyyən etdiyi vaxtda ezam olunan yerə getməli və geri qayıtmalıdır. İşin hallarından görünür ki, ezamiyyə vəsiqəsi olsa da işçi 10 noyabr 2020-ci il tarixdə vətən müharibəsi bitdikdən sonra geri qayıtmamışdır. 25 yanvar 2021-ci il tarixdə tərxis olunmuşdur. Yəni o, döyüş bölgəsinə idarənin əmri ilə ezam olunmuş, daha sonra geri çağrılmışdır. Onun ezamiyyəti ilə bağlı hər hansı qərar qəbul etmək imkanı şirkətdə olmamışdır. Amma buna baxmayaraq, iddiaçıya işdən ərizəsi ilə çıxanadək aylıq maaşı tam həcmdə ödənilmişdir; ezam olunmuş şəxsin xərcləri ödənilməsi məsələsi də sübut edir ki, cavabdeh ona ezam xərclərini ödəməli deyildir. Belə ki, müharibə vaxtı onun bütün təminatlarını AR Müdafiə Nazirliyi ödəmişdir. Yəni o, digər hərbi qulluqçular, əsgərlər kimi hərbi formada olmuş, hərbi düzülüşlərə qatılmış və vətən müharibəsində iştirak etmişdir. Şirkət isə onun aylıq maaşını saxlamış, bundan əlavə aylıq ödənişləri həyat yoldaşına vermişdir. Əgər həqiqətən də şirkət onu ezam etmişdirsə, onda müharibədən sonra niyə iddiaçı işə qayıtmırdı, Qubada hərbi hissədə saxlanılmışdı və hərbi təlimlərdə iştiraka cəlb olunmuşdu. AR Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarında qeyd olunur ki, “Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir”. İddiaçı döyüş əməliyyatlarında iştirakı şirkət üçün ezam sayıla bilməz və xarakterinə görə ezamla bağlı münasibətlər deyildir. İddiaçının müharibədə iştirakı ezamiyyə ilə bağlı münasibətlərə heç bir aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış 17.10.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı əsas iş yeri kimi sürücü vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı 220 manat məbləğində müəyyən edilmişdir. 17.01.2019-cu il tarixli 10 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 01.09.2019-cu il tarixli razılaşmadan görünür ki, işəgötürən - "xxxx" MMC 01.09.2019-cu il tarixdən başlayaraq işçiyə - İddiaçı hər ay 260 manat əmək haqqı ödəyir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı həqiqətən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin əmri ilə Silahlı Qüvvələrə dəstək məqsədilə 14.10.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə ezam olunmuşdur və hal hazırda N nömrəli hərbi hissədə ezamiyyətdədir. "xxxx" MMC-nin 14.10.2020-ci il tarixli, FOX-K2/004 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Qismən Səfərbərlik haqqında qərarı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciətini nəzərə alaraq cəmiyyətin sürücüsü İddiaçı idarə etdiyi 99JR151 dövlət qeydiyyat nişanlı “X4 Fe” xüsusi təyinat modelli nəqliyyat vasitəsi ilə birlikdə 15.10.2020-ci il tarixindən etibarən ölkədəki hərbi vəziyyəti nəzərə alaraq qeyri-müəyyən müddətə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci bəndinin “g” yarımbəndinə əsasən əmək haqqının hesablanmasının təmin edilməsi əmr edilmişdir. "xxxx" MMC-nin 003/2020 nömrəli, 14.10.2020-ci il tarixli ezamiyyə vəsiqəsinin surətindən görünür ki, İddiaçı (sürücü) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin əmri ilə Silahlı Qüvvələrə dəstək qeyri-müəyyən gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam edilmişdir. 15.10.2020-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin mülki sürücü İddiaçı xidməti vəzifələrini yerinə yetrimək məqsədi ilə 15 oktyabr 2020-ci il tarixdən hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilməsi əmr edilmişdir. 25.01.2021-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti vəzifələrini yerinə yetirmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xüsusi təyinatlı yol istismarının mülkisi İddiaçı 25 yanvar 2021-ci il tarixdən getmiş hesab edilməsi əmr edilmişdir. Gəncə rayonu Nizami RHK tərəfindən 11.10.1994-cü il tarixdə verilmiş НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 18.10.2020-ci il tarixdən 25.01.2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış 01.02.2021-ci il tarixli, 997 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də 18.10.2020-ci il tarixdən 25.01.2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü kimi Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış 05.04.2021-ci il tarixli, 2696 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də 15.10.2020-ci il tarixdən 25.01.2021-ci il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 28.07.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Seyidov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə "xxxx" MMC-yə məxsus avtomobilin sürücüsü kimi işləmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarəsi vasitəsi ilə deyil, işlədiyi "xxxx" MMC tərəfindən göndərilmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməmiş və heç bir təminata qoyulmamışdır. Ona görə də N nömrəli hərbi hissədə İddiaçı hər hansı pul vəsaiti ödənilməmişdir. Bundan əlavə, İddiaçı N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu müddətdə ona ödəniləcək ezamiyyə xərclərinin və digər formada pul vəsaitlərinin Müdafiə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ödənilməsi mümkün deyildir və belə bir ödənişlərin aparılması Azərbaycan Respublikasında mövcud olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.02.2022-ci il tarixli, 9/9000 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən 14.10.2020-ci il tarixdən 25.01.2020-ci il tarixədək olan ezamiyyə xərclərinin məbləği 10,530,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Bu Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. İşin materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 17.10.2019-cu il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, 20.04.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İddiaçı MMC-də işlədiyi dövrdə işəgötürənin 14.10.2020-ci il tarixli, FOX- K2/004 saylı əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciətinə əsasən idarə etdiyi “X4 Fe” xüsusi təyinat modelli, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə 15.10.2020-ci il tarixindən etibarən qeyri-müəyyən müddətə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam edilmişdir. Hazırda iddiaçı ezamiyyətdə olduğu dövr üçün ona ezamiyyə xərclərinin ödənilmədiyinə istinad edərək məhkəmədən müvafiq ödənişlərin həyata keçirilməsini xahiş edir. Cavabdeh isə etirazın dəlilləri kimi iddiaçının hərbi hissəyə dövlət qurumu tərəfindən ezam edildiyini, bununla əlaqədar bütün xərclərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödənildiyini, onun uzun müddət ərzində hərbi hissədə qalması öz istəyi ilə bağlı olduğunu, bu müddət ərzində iddiaçının iş yerini və orta əmək haqqını saxladıqlarını, verilmiş ezam vərəqəsinin yalnız avtomobilin təyinat nöqtəsinə çatdırılması məqsədini daşıdığını göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 003/2020 nömrəli, 14.10.2020-ci il tarixli ezamiyyə vəsiqəsinin surətindən görünür ki, sürücü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qeyri-müəyyən müddətə (yolda olduğu vaxt nəzərə alınmadan) ezam edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 28.07.2021-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, İddiaçı Vətən müharibəsi zamanı N saylı hərbi hissədə "xxxx" MMC-yə məxsus avtomobilin sürücüsü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarəsi vasitəsi ilə deyil, işlədiyi "xxxx" MMC tərəfindən ezam edilmişdir. Bu səbəbdən də iddiaçı N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməmiş və heç bir təminata qoyulmamış, ona hərbi hissədə hər hansı pul vəsaiti ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçı hərbi hissəyə dövlət qurumu tərəfindən deyil, işəgötürən "xxxx" MMC tərəfindən ezam edilmiş, bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hər hansı ödəniş edilməmişdir. Məhkəmə həmçinin avtomobilin təyinat nöqtəsinə çatdırılması üçün ezam olunmuş hərbi hissədə İddiaçı öz istəyinə əsasən uzun müddət ərzində qalmasına, buna baxmayaraq onun iş yerinin və orta əmək haqqının saxlanmasına dair cavabdehin irəli sürdüyü dəlillərin mülahizə xarakter daşıdığını və iddianın rədd edilməsi üçün əsas olmadığını qeyd edir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 14.10.2020-ci il tarixli, FOX-K2/004 saylı əmrinə və 14.10.2020-ci il tarixli ezamiyyə vəsiqəsinə əsasən iddiaçının ezamiyyətə qeyrimüəyyən müddətə göndərildiyi, avtomobilin təyinat nöqtəsinə çatdırılması barədə hər hansı qeydin olmadığı müəyyən edilmişdir. Cavabdehin İddiaçı iş yerinin və orta əmək haqqının saxlanmasına dair dəlili ilə əlaqədar isə məhkəmə Əmək Məcəlləsinin tələblərinə əsaslanaraq qeyd etməyi zəruri sayır ki, işçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yerinin, vəzifəsinin (peşəsinin) saxlanılması və ona orta aylıq əmək haqqının ödənilməsindən ibarət təminatı vardır. İşçiyə bu təminatın verilməli olduğu hallara onun yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərilməsi da aid edilmişdir. Beləliklə məhkəmə cavabdehin etirazının bu dəlili ilə əlaqədar qeyd edir ki, işəgötürən tərəfindən müəyyən müddət ərzində işçinin iş yerinin saxlanılması və orta aylıq əmək haqqının ödənilməsi onun bu müddət ərzində ezamiyyətdə ola bilməməsi anlamına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “x” bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə iddiaçının məhz cavabdehin əmrinə əsasən 103 gün (15.10.2020- 24.01.2021) ərzində ezamiyyətdə olduğu halının müəyyən edildiyini və ezamiyyə xərcinin respublika tabeli şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-dən ezamiyyə xərci olaraq 6.695 (103x65) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, "xxxx" MMC-nin qanunsuz əməlləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 10.000 manat göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 200 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ezamiyyə xərci olaraq 6.695 manat və mənəvi zərər olaraq 200 manat, cəmi 6.895 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı məhkəmə xərclərini ödəməkdən azaddır. Beləliklə iddia qismən təmin edildiyindən, dövlət rüsumu və məhkəmə ekspertizasının tədqiqat dəyəri qətnamənin nəticə hissəsində göstərilən nisbətdə cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ezamiyyə xərci olaraq 6.695 manat, mənəvi zərər olaraq 200 manat, cəmi 6.895 (altı min səkkiz yüz doxsan beş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 manatın 10 manatı Cavabdeh MMC-dən tutularaq dövlət gəlirinə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 20 manatın 7 manatı Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-226/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-226/2022
05.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver