Məhkəmə qərarları › İş №2(006)-2262/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2262/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2262/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1954cü il tarixində Ermənistan, Axta rayonu, Arkivan kəndində doğulması, adının Qəndaf, soyadının Allahverdiyeva, atasının X5, anasının isə X2, atasının milliyətinin “azərbaycanlı”, anasının milliyətinin “azərbaycanlı” yazılmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan, Axta rayonu, Arkivan kəndində doğulmuş və ona həmin tarixdə Ermənistan SSR-nin Axta rayonu VVAQ idarəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi Ermənistan- Azərbaycan münaqişəsi ilə əlaqədar 1988-ci ilin yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmaqla Ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin siyahısındadır. Ərizəçi qaçqın düşdükdən sonra özünə aid olan bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməni gətirsə də, qaçqınlıq həyatı yaşaması və yaşayış yerini bir neçə dəfə dəyişməsi səbəbindən həmin şəhadətnaməni itirmişdir. Ərizəçi hazırda arxivə müraciət edə bilmir, yaranmış vəziyyətlə əlaqədar (Ermənistana gedə bilmədiyi üçün) “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəsə də, həmin qurumdan ona “doğum haqqında şəhadətnamə” təqdim olunmadığı üçün ərizənin təmini mümkün olmadığı bildirilmişdir. Hamıya bəlli olan fakt bundan ibarətdir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməmişdir. Əks təqdirdə ərizəçi doğum akt qeydinin Azərbaycan Respublikasında bərpasına ehtiyac qalmazdı. Məhz bu səbəbdən iki ölkə arasında diplomatik münasibətlərin olmaması səbəbindən ərizəçinin doğum akt qeydinin Azərbaycan Respublikasında bərpasına zərurət yaranıb. Ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmasını onu görə şahidlər də təsdiq edə bilərlər. Ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də əsaslı sənədlər olmadığı üçün həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, ərizəçinin xx.xx.1954-cü il tarixində Ermənistan, Axta rayonu, Arkivan kəndində doğulması, adının Qəndaf, soyadının Allahverdiyeva, atasının X5, anasının isə X2, atasının milliyətinin “azərbaycanlı”, anasının milliyətinin “azərbaycanlı” yazılmaqla doğum faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Həmçinin, ərizəçi tərəfindən bacı və qardaşlarının doğum haqqında şəhadətnamələri iş materiallarına əlavə edilmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X8 olması, buna uyğun olaraq ona doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, şöbə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, maraqlı şəxs tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində anadan olmuşdur. X1, anaları X4r. Onların valideynlərinin milliyyətcə azərbaycanlı olduğunu bildirmişdir. X10 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində anadan olmuşdur. X1, anaları X4r. Onların valideynlərinin milliyyətcə azərbaycanlı olduğunu bildirmişdir. Mülki işin materiallarında olan: Ermənistan Respublikası, Axta rayonu, Arkivan kənd soveti tərəfindən verilmiş doğum haqqında AP seriyalı 490764 nömrəli şəhadətnamədən görünür ki, X12 12 iyun 1948-ci il tarixdə Ermənistan SSR, Axta rayonu, Arkivan kəndində doğulmuş, atası X5, anası X4r. Ermənistan Respublikası, Axta rayonu, Arkivan kənd soveti tərəfindən verilmiş doğum haqqında İ-ЗЖ seriyalı 921435 nömrəli şəhadətnamədən görünür ki, X6 4 fevral 1957-ci il tarixdə Ermənistan SSR, Axta rayonu, Arkivan kəndində doğulmuş, atası X5, anası X4r. Ölüm haqqında AZ-İ seriyalı 011377 nömrəli şəhadətnamədən görünür ki, X3 xx.xx.1998ci il tarixdə ölmüşdür. Ölüm haqqında AZ-İ seriyalı 238008 nömrəli şəhadətnamədən görünür ki, X7 xx.xx.2007ci il tarixdə ölmüşdür. Ölüm haqqında AZ-İ seriyalı 303923 nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2008ci il tarixdə ölmüşdür. Ölüm haqqında AZ-İİ seriyalı 074657 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2020ci il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulmuşdur. ASAN1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 16580535 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.1948-ci il tarixdə Ermənistan, Razdan rayonunda doğulmuşdur. AA3507326 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sorğu əsasında məhkəməyə daxil olmuş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-12201/2024 nömrəli məktuba əlavə edilmiş xx.xx.1954-cü il tarixdə Ermənistanda anadan olmuş Ərizəçi xx.xx.1990-cı il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş XXİV-JQ 512525 nömrəli keçmiş SSRİ nümunəli pasporta dair 1 nömrəli ərizə formasının surətindən (Forma-1) görünür ki, göstərilən tarixdə Ermənistan SSR, Axta rayonu, Arkivan kəndində anadan olmuşdur. X1, anaları X4r. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-660/2024 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən Ərizəçi haqqında hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun, xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X8 olması, buna uyğun olaraq ona doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 və X10 Ərizəçi onların bacısı, atalarının X5, analarının isə X8 olduqlarını bildirdilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 1.6-cı bəndində isə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarının: 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir çox sənədləşmə işlərinin həll edilməsi üçün lazımdır. Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X8 olması faktı öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1954cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X8 olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməli və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1954-cü il tarixində Ermənistan Respublikası, Axta rayonu, Arkivan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X8 olması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar