Məhkəmə qərarları › İş №2(006)-2264/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2264/2021

19.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2264/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdehs» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdehs» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixli 76 saylı əmrin ləğv edilməsi, onun «Cavabdehs» MMC-yə sürücü vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən «Cavabdehss» MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 76 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək, həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğu rəhbərlik tərəfindən iddia edilərək işdən azad edilmişdir. Hesab edir ki, sözügedən əmr əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əmək müqaviləsinin ləğvinə dair qərar edilir. Ancaq əmək kitabçasına diqqət yetirdikdə orada Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndinə əsasən işdən azad edildiyi qeyd edilməmişdir. Həmin Məcəlləyə diqqət yetirdikdə orada əmək vəzifələrinin kobud şəkildə pozulması halları qeyd edilmiş və bu halların heç biri onun işlədiyi müddətdə baş verməmişdir. Ancaq əsassız yazılmış bu əmr onun hüquqlarını bir vətəndaş kimi pozur. Belə ki, sözügedən əmr onun işgüzar nüfuzunu ləkələyir və bunun nəticəsi olaraq isə gələcəkdə müraciət edəcəyi iş yerlərində olan işə götürənlər onu işlə təmin etməkdən imtina edəcəkdirlər. Bir daha qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin bəndlərində kifayət qədər ağır pozuntular qeyd edilib və bu halların heç biri işlədiyi dövrdə baş verməmişdir. Bu hallardan biri baş versə idi, işdə olan dosyesində hər hansı bir izahatı və barəsində hər hansı bir cəza tədbirinin görülməsinə dair sübut mövcud olardı. Hər zaman işlədiyi Cəmiyyətdə işgüzarlığı və nizam-intizamı ilə seçilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, işdən kənarlaşdırılmasının səbəbi istifadəsinə verilmiş avtomobilin bəzi ehtiyat hissələrinin istismar dövrünü başa vuraraq sıradan çıxması olmuşdur. Həmin avtomobilin ehtiyat hissəsi və təmir xərcləri onun əmək haqqından tutulmuşdur. Bununla əlaqədar müəssisənin direktoruna öz haqlı iradını bildirdikdə aralarındakı münasibətlər kəskinləşmişdir. Bildirmək istəyir ki, istifadəsinə verilmiş avtomobil onun şəxsi işləri üçün deyil, Cəmiyyətin işləri üçün tərəfindən idarə olunmuşdur. Əvvəldən isə aralarında belə bir razılıq və ya müqavilə tərtib edilməmişdir ki, həmin avtomobilin amortizasiya nəticəsində köhnələrək sıradan çıxmış ehtiyat hissələri onun hesabına təmir ediləcəkdir. Bu hal, hesab edir ki, qanunsuzdur. Bundan əlavə, işəgötürən tərəfindən ölkə başçısının sahibkarlara verdiyi göstərişə məhəl qoyulmayaraq, heç bir nöqsanı olmadan pandemiya dövründə qanunsuz əmrə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbini pozduğu iddia edilərək işdən azad edilmişdir. Hansı ki, həmin maddənin hansı bəndinin tələbini pozduğu qeyd edilməmişdir. Elə buradan da, həmin əmrin qanunsuz və qərəzli olduğu açıq-aydın nəzərə çarpır. Sadəcə olaraq işə götürən onu öz ərizəsi ilə işdən çıxmağı təklif etdikdə və tərəfindən imtina aldıqdan sonra ona qərəzli münasibət bəsləmiş və nəticədə sözügedən qeyri-qanuni əmrə əsasən işdən azad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ******* saylı əmək kitabçasından (xx.xx.2019-cu il tarixdə doldurulmuş) görünür ki, İddiaçı «Cavabdehs» MMC-nin xx.xx.2020-ci il tarixli 06 saylı əmrinə əsasən həmin MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı işə qəbul edilərkən, onunla 12/2020 saylı əmək müqaviləsi bağlanmış, sonralardan əmək müqaviləsinə əlavələr edilmiş, iddiaçı daxili intizam qaydaları ilə tanış olmuş, həmin qaydalarla tanış olması ilə bağlı müvafiq qrafanı imzalamışdır. Bundan başqa, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmçinin, tərəflər arasında konfidensial məlumatları təşkil edən kommersiya sirrinin yayalmaması haqqında müqavilə bağlanmışdır. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, əmək haqqından tutulan 1 % məbləğ qarşılığında X1 verdiyi üstünlüklər, yardımlar, mükafatlar və sairdən istifadə etmək istəmir və xahiş edir ki, həmkarlar ittifaqı təşkilatındakı üzvlüyü ləğv edilsin. Həmkarlar ittifaqının xx xxxxxx 2020-ci il tarixli iclas protokolundan görünür ki, iddiaçının və digər üzvlərin ərizələri nəzərə alınaraq, onların həmkarlar ittifaqındakı üzvlüyü ləğv edilmiş, cavabdehin X1 fəaliyyəti dayandırılmışdır. Müxtəlif tarixli raportlardan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə iş yerini tərk edərək, davamiyyət kartını qeydiyyata salmağı unutmuş, xx.xx.2020-ci il tarixdə isə iş yerini vaxtından əvvəl tərk etmiş və buna görə də kartını qeydiyyata salmamışdır. xx.xx.2020-ci il tarixdə isə heç bir səbəb olmadan işə gəlməmişdir. Mövsümi olaraq bağlamaların çox olması səbəbindən, bağlamaların müştərilərə təhvil verilməsində gecikmələr yaranmışdır ki, bu da öz növbəsində müştərilərin haqlı narazılığına səbəb olmuşdur. İddiaçı 22, 23, 24 və xx xxxxxx 2020-ci il tarixlərdə heç bir səbəb olmadan və məlumat vermədən iş yerini vaxtından əvvəl tərk etmişdir. Qeyd olunmuşdur ki, şirkət daxili davamiyyət və nizam intizam qaydalarının mütəmadi olaraq 1 şəxs tərəfindən pozulması digər əməkdaşların işə yanaşmasına mənfi təsir göstərir. xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, iddiaçı xx xxxxxx 2021-ci il tarixdə yenə də işə gəlməmişdir. Onunla telefon əlaqəsi yaradılmağa çalışılsa da, telefona cavab verməmişdir. Qeydiyyatda olduğu ev ünvanına müraciət etdikdə, qapını açan olmamışdır. İşəgötürənin xx xxxxxx 2021-ci il tarixli 76 saylı əmrindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, həmin tarixdən işdən azad edilmişdir (Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanmış, işçi üzürlü səbəblər olmadan müxtəlif tarixlərdə işə gəlməmiş, bu hal mütəmadi xarakter daşımış, nəhayət işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Cavabdehs» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdehs» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar