Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2269/2025 28.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə ilə bağlı məhkəmə əlyazma ekspertizasının aparılması, vəsiyyətçi X3 barəsində hüquqi əhəmiyyəti olan faktın tanınması və vəsiyyətnamə ilə yeganə varis Nümayəndə vərəsəlik hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə ilə bağlı məhkəmə əlyazma ekspertizasının aparılması, vəsiyyətçi X3 barəsində hüquqi əhəmiyyəti olan faktın tanınması və vəsiyyətnamə ilə yeganə varis Nümayəndə vərəsəlik hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. Vəsiyyət edən X2 vəsiyyətinə məhkəmə-xətt ekspertizası təyin edilməsi və atasının vəsiyyətnaməsinin həqiqiliyinin hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi;
2. Ekspertizanın nəticələrinə əsasən məhkəmə qərarının icra edilməsinin notariat orqanına və X2 vərəsələrinə həvalə edilməsi;
3. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulmasına yol verdiyinə, habelə maraq, qərəzliliyə və vərəsəlik işini müstəsna olaraq X1 maraqlarına uyğun apardığına görə notarius E.Q.Qurbanovun vərəsəlik işinin aparılmasından kənarlaşdırılması;
4. Nümayəndə vərəsəlikdən imtina etməsinin etibarsız hesab edilməsi;
5. Nümayəndə vəsiyyətini yerinə yetirmək üçün qanunvericiliyin bütün normaları nəzərə alınmaqla vərəsəlik işinin icrasının ilkin vəziyyətə qaytarılması xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi zamanı iddiaçı tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. Bu pozuntu iddia ərizəsinin prosessual qanunvericiliklə müəyyən forma və məzmununa dair tələblərə riayət edilməməsi barədədir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə qeyd edir ki, yol verilmiş prosessual pozuntu ondan ibarətdir ki, Ərizəçi özünü iddiaçı, Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunu cavabdeh qismində qeyd edib, müraciətini isə iddia ərizəsi formasında tərtib edib, sonda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Halbuki, işə xüsusi icraat qaydasında baxıldığı zaman tərəflər ərizəçi və maraqlı şəxs qismində qeyd edilməli, müraciət isə ərizə formasında tərtib edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Bundan başqa, verilmiş iddia ərizəsinə baxış keçirdikdə Ərizəçi bir neçə tələblə müraciət etdiyi müəyyən olunur. Bu tələblərdən ikisi ekspertizanın təyini və onun nəticəsi üzrə müəyyən hərəkətlərin icrası ilə bağlı olsa da, məhkəmənin qənaətinə görə həmin məsələlərə ayrıca tələb kimi deyil, işdə tərəf olan şəxsin sübutları müstəqil şəkildə əldə etmək imkanı olmadığı halda artıq başlanmış və davam etməkdə olan məhkəmə icraatı çərçivəsində məhkəməyə vəsatətlə müraciət etmək hüququnu ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Digər bir tələb vərəsəlikdən imtina edilməsinin etibarsız hesab edilməsi və vəsiyyətin yerinə yetirilməsi üçün qanunvericiliyin bütün normaları nəzərə alınmaqla vərəsəlik işinin icrasının ilkin vəziyyətə qaytarılması barədədir. Lakin qeyd edilməlidir ki, sözügedən tələbə xüsusi icraat qaydasında deyil, mahiyyət etibarı ilə iddia icraatı qaydasında baxılması nəzərdə tutulduğu üçün Ərizəçi bu tələbə xüsusi icraat qaydasında baxılmalı olmasını qeyd etməklə daha bir prosessual pozuntuya yol vermişdir. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Ərizəçi diqqətinə çatdırır ki, iddia ərizəsində qeyd etdiyi məsələlərə məhz iddia icraatı qaydasında baxılmalı olması nəzərə alınaraq, iddiaçıya özünün yaşayış yeri üzrə deyil, cavabdeh qismində cəlb etdiyi, yəni ünvan 1 ünvanı üzrə məhkəməyə müraciət etlməli idi. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışa görə isə ünvan 2 ünvanı Binəqədi rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi iddia ərizəsi prosessual qanunvericiliyin tələblərə uyğun verilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, qərardadda qeyd edilənlər nəzərə alınmaqla, sonuncuya aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 149.2.4-1, 152.1.1, 152.1.61 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİM:
İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin məhkəmə əlyazma ekspertizasının aparılması, vəsiyyətçi X3 barəsində hüquqi əhəmiyyət faktın tanınması və vəsiyyəti ilə yeganə varis Nümayəndə vərəsəlik hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev