Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2281/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh" mobil telefon satış mağazasına qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" mobil telefon satış mağazasına qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 avqust 2019-cu il tarixdə iddiaçı Cavabdeh mobil telefonlarının satışı mağazasından 1499 (bir min dörd yüz doxsan doqquz) manata “Samsung Galaxy S10 SM-G973 Prism Black” markalı mobil telefon (smartfon) almışdır. Cavabdeh mağazası həmin telefonları 1 (bir) illik zəmanət (qarantiya) ilə satırdı və cavabdeh tərəfindən iddiaçının telefonuna da müvafiq 1 (bir) illik zəmanət (qarantiya) verildi, iddiaçıya ticarət çekinin və zəmanət talonunun surətləri təqdim edildi. İddiaçı aldığı həmin mobil telefondan təyinatına uyğun, adi qaydada istifadə etmiş, telefon aparatı ilə ehtiyatlı davranmış, əlindən yerə salmamış, hər hansı kənar təsirlərə, zərbəyə məruz qoymamış, qısası telefondan təlimatına uyğun istifadə etmişdir. Telefonun həm korpusunda, həm də ekranında iddiaçının istifadə etdiyi bütün müddət ərzində həmişə mühafizə üzlükləri olmuşdur. İddiaçının telefondan istifadə etməyə başladığı heç bir ay tamam olmamış, 2019-cu ilin sentyabr ayında telefonun funksiyalarını işə salan düymələrdən biri heç bir zərbə, kənar təsir olmadan yerindən düşdü. 2019-cu ilin oktyabr ayında isə telefonun funksiyalarını işə salan düymələrdən ikincisi də heç bir zərbə, kənar təsir olmadan yerindən düşdü. Bundan əlavə, telefonun korpusunda, kamerasının altında heç bir səbəb olmadan cızıq əmələ gəldi. İddiaçı telefonda onun təqsiri olmadan yaranmış həmin problemlərlə əlaqədar 26 noyabr 2019-cu tarixdə yaşadığı Qusar rayonunun Cağar Qışlaq kəndindən Bakı şəhəri, Azadlıq prospekt 28 ünvanında yerləşən Cavabdeh mağazasına getdi və telefonunda yaranmış problemləri bildirdi. Cavabdeh mağazası iddiaçıya bildirdi ki, bu məsələ həmin mağazanın servis mərkəzində araşdırılmalıdır və onu servis mərkəzinə göndərdi. İddiaçı Cavabdeh mağazasının servis mərkəzinə getdi. Cavabdeh mağazasının servis mərkəzində iddiaçının telefonuna baxıb həqiqətən də telefonun funksiyalarını işə salan düymələrdən ikisinin yerindən düşdüyünü, telefonun kamerasının altında korpusun süzüldüyünü, korpusda xırda cızıqların olduğunu aşkar etdilər, həmin aşkar olunmuş problemləri onlar müvafiq akta qeyd etməklə, aktın bir surətini iddiaçıya verməklə mobil telefonu ondan qəbul etdilər. Servis mərkəzi iddiaçıya bildirdi ki, 3 gün ərzində onlar telefonu yoxlayacaqlar, telefonda yaranmış problemlərin iddiaçı tərəfindən yarandığını və ya telefonun özündə olan nöqsanlar olmasını araşdırıb ona cavab verəcəklər. İddiaçı telefonu təhvil verib yaşadığı Qusar rayonunun Cağar Qışlaq kəndinə qayıtdı. Təxminən 3-4 gündən bir iddiaçı Cavabdeh mağazasının servis mərkəzinə zəng etdi, oradan bildirdilər ki, hələ telefona baxmamışlar. İddiaçı üç günlük fasilələrlə yenə də bir neçə dəfə Cavabdeh mağazasının servis mərkəzinə zəng etdi, hər dəfə bildirdilər ki, hələ telefona baxmamışlar. İddiaçı məcbur olub ikinci dəfə Qusar rayonunun Cağar Qışlaq kəndindən Bakı şəhərinə Cavabdeh mağazasının servis mərkəzinə gəldi. Gördü ki, telefonunu yenə də yoxlamayıblar. İddiaçı məsələdən şikayət etmək üçün Cavabdeh mağazasının servis mərkəzinin müdiriyyətinə müraciət etmək istədi və onun Cavabdeh mağazasının servis mərkəzinin müdiriyyəti ilə görüşməyinə icazə verməsini xahiş etdi. Lakin servis mərkəzindən iddiaçıya bildirdilər ki, müdir yoxdur, iclasdadır, sabah olacaq. İddiaçının Bakıda qalacaq yeri olmadığı üçün Qusara qayıdıb ertəsi günü, artıq 3-cü dəfə təzədən Bakı şəhərinə cavabdeh “MG Muslc Qallery” mağazasının servis mərkəzinə getdi. Lakin servis mərkəzindən yenə iddiaçıya dedilər ki, müdir hələ də qayıtmayıb və bu gün olmayacaq. İddiaçı çarəsiz qalıb Qusara qayıtdı. Təxminən 2019cu ilin dekabr ayının sonlarında iddiaçıya Cavabdeh mağazasının satış mərkəzindən zəng edib bildirdilər ki, telefona baxmışlar və aşkar etmişlər ki, telefon guya iddiaçıda olanda zərbəyə düşmüş, telefonda yaranmış, yuxarıda qeyd olunmuş problemlər də iddiaçının təqsirindən yaranmışdır və buna görə də telefonun təmiri üçün 20 manat pul ödəməlidir ki, servis həmin problemləri aradan qaldırsın. İddiaçı artıq 4-cü dəfə Bakı şəhərinə Cavabdeh mağazasının servis mərkəzinə getdi. Gördü ki, onlar telefonu təmir etmiş, telefonun düşmüş düymələrini yerinə qoymuşlar. Həm də gördü ki, telefonun ekranı da cızılmışdır, halbuki iddiaçı təhvil verəndə telefonun ekranı salamat idi və bu aktdan da aydın görünür. Bu məsələdən ötrü iddiaçının servis işçiləri ilə mübahisəsi oldu və iddiaçı telefonu onlardan geri götürmədi. Cavabdeh mağazasının və həmin mağazanın servis mərkəzinin işçiləri tərəfindən uzun bir müddət ərzində incidilmiş və ona xeyli miqdarda mənəvi zərər dəymişdir. İlkin olaraq, telefonda iddiaçının təqsiri olmadan yaranmış problemlərdən ötrü Cavabdeh mağazasına müraciət etdiyində iddiaçı telefonunun başqa nöqsansız telefonla dəyişdirilməsini istəyirdi. Lakin Cavabdeh mağazasının iddiaçıya qarşı sərgilədiyi yuxarıda qeyd edilmiş davranışı artıq iddiaçı tərəfindən həmin mağazaya olan marağının itməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh mağazasından alınmış “Samsung Galaxy S10 SM-G973 Prism Black” markalı mobil telefona (smartfona) görə ödənilmiş 1499 (bir min dörd yüz doxsan doqquz) manat pulun, Cavabdeh mağazasının və həmin mağazanın servis mərkəzinin işçilərinin təqsiri üzündən iddiaçının dörd dəfə Qusar rayonunun Cağar Qışlaq kəndindən Bakı şəhərinə gəlib-getməyi ilə əlaqədar ödənilmiş 240 (iki yüz qırx) manat yol xərcinin, Cavabdeh mağazası tərəfindən iddiaçıya vurulmuş 1000 (bir min) manat mənəvi zərərin və iddia qaldırmaqla əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi olaraq 2769 (iki min yeddi yüz altmış doqquz) manat pulun Cavabdeh mağazasından alınıb iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" mobil telefon satış mağazasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Cavabdeh" mobil telefon satış mağazası tərəfindən verilmiş 20.08.2019-cu il tarixli çekdən görünür ki, “Samsung Galaxy S10 SM-G973 Prism Black” markalı mobil telefona (smartfona) görə 1499 (bir min dörd yüz doxsan doqquz) manat pul ödənilmişdir. İş materiallarında olan “Cavabdeh" mobil telefon satış mağazası tərəfindən verilmiş 26.11.2019-cu il tarixli qəbul aktından görünür ki, İddiaçı “Samsung Galaxy S10 SM-G973 Prism Black” markalı mobil telefonda yaranmış qüsurlara görə (düymələrdə problem, əzik, kamera olan hissədə üzlük süzülüb, korpusda xırda cızıqlar) telefonu mağazaya təhvil vermişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı cavabdehin əsl cavabdeh qismində “xxxxxxx” MMC ilə əvəz edilməsi İddiaçı təklif olunmuş, lakin o, buna razılığının olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Göründüyü kimi iddiaçının cavabdeh kimi göstərdiyi “Cavabdeh" mobil telefon satış mağazası Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışa əsasən “xxxxxxx” MMC adı ilə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" mobil telefon satış mağazasına qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" mobil telefon satış mağazasına qarşı "pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2281/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2281/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver