Məhkəmə qərarları › İş №2(006)-2286/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2286/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2286/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sanina (Sanin) Sona Rahib qızına, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının olmaması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Sanina (Sanin) Sona Rahib qızına, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı «yaşayış sahəsindən istifadə hüquqlarının olmaması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Sanina (Sanin) Sona Rahib qızı onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Onun təklifi ilə qeydiyyatdan çıxmırlar, bunun əvəzində ondan pul istəyirlər. Lakin bu günə qədər cavabdehlər onu sabah-sabah deyərək aldadırlar. Cavabdeh3 “Unibank”dan kreditini ödəmir və Bankdan hər gün ona zəng edib, narahat edirlər. Cavabdehlərin kirayəçi kimi yaşamalarına o, etiraz etmir. Lakin onun mənzilində onun adına olan evdə qeydiyyatda qalmaları, onların adına gələn poçt, su, zibil, kanalizasiya pulu və s. ödənişlərin onun tərəfindən edilməsi ona, əmlakın tam paylı sahibi olaraq maneçilik törədir, onun hüquqlarını pozur. Belə ki, onun qerinə adambaşına hesablanan kommunal xərcləri ödəməli olur. Onların poçt göndərişləri isə ona gəlir ki, bu da onu narahat edir. Onların dediyinə görə öz istəkləri ilə başqa cür qeydiyyatdan çıxmağa cəhd etmişlər, lakin bunu edə bilməmişlər. Göstərilənlərə əsasən, cavabdehlər Sanina (Sanin) Sona Rahib qızının, Cavabdeh2, Cavabdeh3 və X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının olmamasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı daşınmaz əmlaka onun ½ pay ilə mülkiyyət hüququna malik olduğunu nəzərə alaraq onu da mülki işə iddiaçı kimi cəlb olunmasını xahiş etmiş və məhkəmə tərəfindən İddiaçı2 mülki iş üzrə iddiaçı kimi işə cəlb olunmuşdur. Sonradan iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia tələbləri dəqiqləşdirilərək, cavabdehlər Sanina (Sanin) Sona Rahib qızının, Cavabdeh2, Cavabdeh3 və X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının olmamasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanına istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini məhkəməyə bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Sanina (Sanin) Sona Rahib qızı və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki yerləşən 176 saylı evinin 1/2 hissəsi İddiaçı1 adına, 1/2 hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır. İşdə olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı arayışına əsasən X7, Cavabdeh2 Ruslan oğlu, Cavabdeh3, Sanina (Sanin) Sona Rahib qızı ünvan 1-da pasport qeydiyyatındadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sanin soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sanin soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat“ haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 1 saylı ünvanda qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki işin hallarının araşdırılması zamanı tərəflər arasında ailə münasibətlərinin mövcud olduğunu göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buradan aydın olur ki, cavabdehlərin mənzildə qeydiyyatı formal xarakter daşımışdır, belə ki, onlar həmin mənzildə yaşamamışlar və iddiaçı ilə ailə (qohumluq) münasibətləri mövcud olmamışdır. Odur ki, cavabdehlərin yaşayış sahəsində olan qeydiyyatları formal xarakter daşıması səbəbindən cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquqlarını yaratmamışdır. Məhkəmə bunu da qeyd etməyi zəruri sayır ki, şəxsin analoji hallarla mənzilə qeydiyyata düşməsi onun həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması aparıldığı dövrdə cavabdehlər tərəfindən iddiaçılarının göstərdiklər bütün faktlar etiraf edilmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsinə etiraz edilməmişlər. Yuxarıda qeyd olunanları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Sanina (Sanin) Sona Rahib qızı, Cavabdeh2, Cavabdeh3 və X7 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 saylı evindən istifadə hüquqları olmayan şəxslər hesab olunmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sanina (Sanin) Sona Rahib qızı, Cavabdeh2, Cavabdeh3 və X7 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 176 saylı evindən istifadə hüquqları olmayan şəxslər hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar