Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2309/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin iddiaçıya münasibətdə hissəsinin ləğv edilməsi və işə bərpa tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin iddiaçıya münasibətdə hissəsinin ləğv edilməsi və işə bərpa tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 ildir ki, xxxx sistemində işləyir, 1994-cü ildən X2 mühasib kimi əmək fəaliyyətinə başlamış, 2001-ci ilin may ayından Bakı Elektrik Şəbəkəsində uçotcu, 2003-cü ildən mühasib kimi işləmişdir. Daha sonra sosial məzuniyyətə çıxmışdır. Sosial məzuniyyətdən 2006-cı ildə qayıtmışdır. Həmin vaxt “xxxx” sistemində struktur dəyişikliyi olmuşdur. Odur ki, 2006-cı ildən Nizami Rayon Elektrik Təchizatı və Satışı İdarəsində texniki-operator, 2008-ci ildən mütəxəssis işləmişdir. 2011-ci ilin fevral ayından hal-hazıra kimi Sabunçu Rayon Elektrik Təchizatı və Satışı İdarəsində mütəxəssis işləyirdi. 2021-ci ilin yanvar ayında iddiaçıya məlum oldu ki, “xxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixli, k/20-06073 N-li əmr imzalanıb və həmin əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmədən işdən azad olunmuş, onun işlədiyi mütəxəssis ştatına sosial məzuniyyətdə olan Məmməd-zadə Arzu Eldar qızı təyin olunub, iddiaçını isə onun sosial məzuniyyət müddətində həmin ştata işə təyin edilmişdir. “xxxx” ASC sistemində aparılan struktur dəyişikliyi nəticəsində Sabunçu RETSİ-də iddiaçının mütəxəssis işlədiyi Müştəri Xidmətləri Bölməsi ilə X1 birləşdirilmiş, Mühasibatlıq və Xidmətlər Sektoru yaradılmışdır. Müştəri Xidmətləri Bölməsində müdir, mütəxəssis (iddiaçının işlədiyi ştat), texniki-operator (X5) və əlavə yenə texniki-operator (Məmmədzadə Arzu Eldar qızı) ştatları var idi. Yeni sektor yaradılanda bölmənin iki texniki-operatoru ixtisara düşmüş, iddiaçının işlədiyi xidmətlər üzrə mütəxəssis ştatı isə yeni sektora verilmişdir. Lakin, iddiaçının işlədiyi mütəxəssis vəzifəsi yeni sektora verilsə də, iddiaçı işindən heç bir başqa əmr olmadan azad edilmişdir. İddiaçının yerinə ştatı ləğv edilmiş X4 təyin edilmiş, o, sosial məzuniyyətdə olduğundan iddiaçını sosial məzuniyyət müddətində onun yerinə təyin ediblər. Halbuki, hal-hazıra kimi fasiləsiz olaraq bu vəzifəni və iş yükünü iddiaçı icra edir. İddiaçını vəzifədən azad edib həmin vəzifəyə sosial məzuniyyət müddətinə təyin edirlər. Cavabdeh iddiaçını əmək qanunvericiliyində nəzərdə tutulmayan əsasla, həmçinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etmədən vəzifəsindən azad edib, həmin vəzifəyə sosial məzuniyyət müddətində təyin edib. Bu əmək qanunvericiliyinə uyğun deyil. Göstərilənlərə əsasən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, k/20-06073 nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının Sabunçu RETSİ-də mütəxəssis vəzifəsinə işə bərpa edilməyinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri cənab V.Əhmədova ünvanladığı ərizədən görünür ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ-nin Mühasibatlıq və Xidmətlər sektorunun mütəxəssisi vəzifəsinə keçirilməyinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, R/20-06073 saylı əmrindən görünür ki, Bakı üzrə RETSİ və ETSİ-lərin tərkibində olan Mühasibatlıq İnformasiya və Müştəri Xidmətləri bölməsinin ləğvi ilə əlaqədar adları qeyd olunan işçilərin xx.xx.2020-ci il tarixdən müvafiq X7 şöbələrinin Mühasibatlıq və Xidmətlər sektoruna qeyd olunan vəzifələrə təyin edilmələri və əmək haqlarının ştat cədvəlinə uyğun olaraq müəyyən edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, İddiaçı “xidmətlər üzrə mütəxəssis” vəzifəsinə (sosial məzuniyyət müddətinə) təyin edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" ASC-də xidmətlər üzrə mütəxəssis vəzifəsində işləmiş, o, xx.xx.2020-ci il tarixdə öz vəzifəsindən azad edilərək, həmin vəzifəyə sosial məzuniyyətdə olan işçinin yerinə təyin edilmişdir. İddiaçı həmin əmrin ona aid hissəsinin qanunsuz sayaraq ona aid hissədə ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi İddiaçı əvvəlki vəzifəsindən azad olunması barədə işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı əmr ilə rəsmiləşdirilməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı heç bir əmr olmadan işdən azad edilməsi və yenidən eyni vəzifəyə, lakin sosial məzuniyyətdə olan işçinin yerinə təyin edilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, k/20-06073 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilməli, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ-də xidmətlər üzrə mütəxəssis vəzifəsinə (əvvəlki vəzifəsinə) işə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, k/20-06073 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilsin, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ-də xidmətlər üzrə mütəxəssis vəzifəsinə (əvvəlki vəzifəsinə) işə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2309/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2309/2021
29.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver