Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2311/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müdiri X3 tərəfindən verilmiş 08.01.2021-ci il tarixli 02/21 saylı əmrin ləğv edilməsi; onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.07.2013-cü il tarixdə Cavabdeh MMC-də inzibati-təsərrüfat işləri üzrə menecer vəzifəsinə işə qəbul olunmuşdur. Uzun illər həmin vəzifədə işlədikdən sonra Cavabdeh MMC-nin müdiri X2 08.01.2021-ci il tarixli 02/21 saylı əmri ilə işdən azad olunmuşdur. O, həmin əmrlə razılaşmır. Hesab edir ki, həmin əmr haqsız olaraq tərtib edilmişdir və qanuna ziddir. Bildirir ki, o, uzun müddət Cavabdeh MMC-də inzibati-təsərrüfat işləri üzrə menecer vəzifəsində işlədikdən sonra, 2020-ci ilin noyabr ayında müdiriyyət tərəfindən onlardan noyabr və dekabr ayları üçün öz hesablarına məzuniyyət götürmələri (şirkətin maddi vəziyyətinin pis olduğu üçün), lakin işə gəlmələri tələb olunmuşdur. O da pandemiya dövrü olduğu üçün noyabr və dekabr ayları üçün öz hesabına məzuniyyət götürmüşdür. Noyabr ayının bütün iş günlərində işdə olmuşdur. Lakin əmək haqqı almamışdır. Dekabr ayında isə məzuniyyətdə olduğu üçün işə gəlməmişdir. Həmçinin diqqətə çatdırır ki, müdiriyyət noyabr ayından əlavə 3 ay idi ki, (avqust, sentyabr, oktyabr) ona əmək haqqını vermirdi. Hamının bildiyi kimi ümumdünya xarakteri daşıyan «COVİD-19» pandemiyası olduğu üçün istər iş yerində, istərsə də ictimaiyyətdə tibbi maska taxmaq və ara məsafəsi saxlamaq kimi vəzifələr dövlət rəhbərliyi tərəfindən vətəndaşların üzərinə qoyulmuşdur. Bu həm öz sağlamlıqları üçün, həm də digər şəxslərin sağlamlığı üçün vacib tədbirlərdir. 05.01.2021ci il tarixdə o, işə gəlmiş, işdə heç kimin tibbi maska taxmadığını görmüşdür. Buna da şərait yaradan müdir Ələkbərov Vaqif və X3 idi. Onun evdə xəstəsi olduğu üçün «COVİD- 19» infeksiyasından ehtiyat edir. Buna görə də, ilk başda müdiriyyət olmaqla, hər kəsdən maska taxmalarını tələb etmişdir. Lakin, heç kim onun sözünə məhəl qoymamış, əksinə ona təzyiq etməyə başlamışlar. O da məcbur qalıb növbəti əmək məzuniyyəti barədə ərizəni yazıb müdiriyyətə təhvil vermişdir. 05.01.2021-ci il tarixdə günün ikinci yarısında saat 13:00-da nahar fasiləsinə ayrılmışdır. 06.01.2021-ci il tarixdə işdən ona bildirmişlər ki, əmək məzuniyyəti barədə ərizənin tərtibində səhv var. Bununla bağlı təxminən səhər saat 11 radələrində işə gəlmişdir. Müdiriyyət ona ərizəsində müəyyən səhvlər olduğunu, yenidən yazmalı olduğunu bildirmiş və ona 4-5 dəfə ərizə yazdırmışdır, halbuki o, ərizənin düzgün tərtib olunması üçün ona nümunə verilməsini xahiş etmişdir. 06.01.2021-ci il tarixdə şirkətdə tibbi maska istifadə etməyən müdür Ələkbərov Vaqifə irad bildirəndə, ona «durak» deyərək təhqir etmişdir. Onu da diqqətə çatdırır ki, 5-8 yanvar tarixlərində pandemiya qaydalarına riayət olunmamışdır. 06.01.2021-ci il tarixdə təxminən saat 17:00da X3 yanında bir şəxslə gəlib sonuncunun vəkil olduğunu, şirkətdə çalışdığını bildirib və vəkillə birlikdə ondan öz arzusu ilə işdən azad olunması barədə ərizə yazmasını tələb etmişlər. O, ərizə yazmamışdır, çünki belə bir arzu onun istəyilə olmalıdır, qanunla, kənar şəxsin yox. İş vaxtı bitdiyi üçün o, ofisdən ayrılmışdır. 07.01.2021-ci il tarixdə işdə saat təxminən 11:00-da ondan, guya yanvar ayının 5, 6-sı işdə olmadığını, 7-si vəzifə səlahiyyətlərini yerinə yetirməməsi barədə M01/21 əmrlə bildirərək yazılı izahat tələb etmişlər. Bununla bağlı səhər saat 11:00-da iş günü bitmədən onun səlahiyyətlərini yerinə yetirməməsini necə müəyyən etdiklərini soruşduqda ona aid olan əmrin nüsxəsini alıb cırmışlar. Bu, rəhbərlik tərəfindən artıq açıq şəkildə hətta böhtanlara əl atmalarının sübutu idi. Bununla bağlı öz etirazını bildirərək, X4 Xidmətinə ərizə yazmış və 102 xidmətinə zəng vurmuşdur. Şikayəti ilə əlaqədar olaraq onu ərazi üzrə DİN 22-ci polis şöbəsinə dəvət etmişlər, lakin müdiriyyət ona işdən çıxmağa icazə verməmişdir. Bundan sonra böhtan və təzyiqlər artmış, iş telefonu söndürülmüş, internetdən noutbuku ayrılmış və blok qoyulmuşdur, şəxsi mobil telefonunun internet istifadəsi məhdudlaşdırılmışdır. Rəhbərliyə və İT menecerə bu haqda deyəndə hec bir normal cavab almamışdır. 08.11.2021-ci il tarixdə yenidən işə getmiş və saat 12 radələrində X1 yaxınlaşıb işdən azad olunma əmrini göstərib artıq işdən azad olunduğunu, tanış olub imza çəkərək əmri qəbul etməsini ondan tələb etmişdir. O da əmrlə tanış olmuş, lakin imza etməmişdir. Səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» və 72-ci maddəsinin «a» bəndində nə deyildiyini bilmirdi. Onu da qeyd edir ki, əmrin tarixi 06.11.2021-ci il idi. Sonra özünü vəkil kimi təqdim etmiş şəxs onu güclə ofisdən çıxartmağa çalışmış və bunu açıq şəkildə bildirmişdir, telefonunun kamerasını yandıranda çəkinmiş, amma yenə qolundan tutub çölə çıxartmağa cəht etmişdir. O, 102 xidmətinə zəng vurmuş və gəlmələrini tələb etmişdir. Polis gəldiyi zaman X3 təcili əmri 08.01.2121-ci il tarixə dəyişmişdir. Daha sonra polis şöbəsinə gedib izahat və ərizə vermişdir. Bu hadisələrdən görünür ki, müdiriyyət ona haqsızlıq edərək işdən çıxarmışdır. Beləliklə, tam qanunsuz və əsassız, yalan, böhtan, təxribat və təhqir edərək bir əmrlə onu işdən azad edərək, hüquqları pozulmuşdur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun əmək funksiyaları kommunal xidmətlərlə bağlı su, işıq və qaz pullarını ödəməkdir. Həmin şirkətdə qapıları açıb-bağlamaq onun əmək funksiyalarına aid deyil. Hətta pandemiya dövründə o, qapı dəstəklərini dezinfeksiyaedici məhlulla təmizləyirdi, baxmayaraq ki, bu, onun vəzifəsi deyildir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı 2010-cu il tarixdən bu şirkətdə işləyir. Şirkətin rəhbəri ona demişdir ki, Zaurla yola gedə bilmirlər. 08 yanvar 2021-ci il tarixdə Zaurun işdən çıxma barədə əmrini hazırlamışlar. İstəmirdilər ki, iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etsinlər. Buna görə də, Zaurla danışmışlar, demişlər ki, özü ərizəsini yazıb işdən çıxsın. İddiaçı isə 102 xidmətinə zəng edərək, polis çağırmışdır. Polis gəlmiş, izahat almış, sonra onlar polis bölməsinə getmişlər. Bu səbəbdən də, həmin gün Zaurun işdən çıxma barədə əmrini elektron reyestrə əlavə edə bilməmişlər. Əmək müfəttişliyi də bunu əsas gətirərək şirkət barəsində protokol tərtib etmişdir. 08 yanvar 2021-ci il tarixli əmr Zaur tərəfindən götürülmürdür. Onlar Zaura demişlər ki, imza etsin və əmri götürsün. Zaur nə əmri götürmürdü, nə də imza atmırdı. Ayın 8-i əmr hazırlananda texniki olaraq əmrin tarixi səhvə yol verilərək 6-sı qeyd olunmuşdur. Zaur da deyir ki, ona həmin əmri versinlər. Əmək Müfəttişliyi onlara bildirmişdir ki, onlar Zauru işdən azad edəndə son günün haqq-hesabını verməli idilər. Zaurun işdən azad edilməsi barədə əmr elektron reyestrə ona görə 11 yanvar 2021-ci il tarixdə əlavə edilmişdir ki, yanvar ayının 8-i onlar polis bölməsində olmuşlar, oradan axşam saat 7 radələrində geri qayıtmışlar. Bu zaman X3 baş mühasibə zəng etmişdir. Baş mühasib artıq işdə olmadığını və onların geri qaydacağını bilmədiyi üçün getdiyini bildirmişdir. Sonrakı günlər də həftə sonuna düşdüyü üçün yanvar ayının 8-i verilmiş əmri onlar elektron reyestrə yanvar ayının 11-i əlavə etmişlər. Əmək Məcəlləsinə görə Zaurun son iş günü yanvar ayının 8-dir. 11 yanvar 2021ci il tarixdə Zaura əmək kitabçası təqdim edilmişdir və əmək haqqı kartına son haqq-hesab köçürülmüşdür. Hesab edir ki, hüquqi baxımdan pozuntuları yoxdur. Onu da qeyd edir ki, şirkətin mühasibi səhv olaraq Zaurun son iş gününü ayın 11-i hesab edib, əlavə olaraq onun kartına 139 manat pul köçürmüşdür. Əmək Müfəttişliyi buna görə şirkət barəsində protokol tərtib edib. Bu protokolun yazılması o demək deyil ki, şəxs işdən azad edilə bilməz. O, işə gəlmirdi, əmək funksiyalarını yerinə yetirmirdi. O, bütün kollektivlə davranış qaydalarını kobud surətdə pozurdu. Aktlardan görünür ki, Zaur yanvar ayının 5 və 6-sı işdə olmamışdır. Zaur iki gün yarımçıq işdə olub, qalan günlərdə də işdə fiziki olsa da, ancaq mübahisələr edərək öz əmək funksiyalarını yerinə yetirməmiş və buna görə də şirkətin işləri iflic olmuşdur. Polis əməkdaşlarına zəng etdiyi üçün həmin gün polis bölməsində olduqlarına görə həmin gün də şirkətin işləri iflic olmuşdur. Maska taxılıbtaxılmamasını soruşmaq Zaurun səlahiyyətlərinə aid deyildir. İddiaçının təqdim etdiyi şəkillərdə 1 nəfər maskadan istifadə etmir, o da Ələkbərov Vaqifdir. Ələkbərov Vaqif həmin şəkil çəkilən zaman öz otağında tək olmuşdur. Əgər müdir maska taxmırsa, müdirlə mübahisə etməkdənsə, getsin bu barədə polisə müraciət etsin. Güman edir ki, müdir iddiaçıya «durak» deyib, amma şəxsən bunu eşitməmişdir. Düzdür aktlarda qeyd edilib ki, Zaur yanvar ayının 5-i saat 14:00-dan 18:00-a kimi, yanvar ayının 6-sı isə saat 9:30-dan 12:00-a kimi işdə olmamışdır, amma günün qalan vaxtlarını işdə olsa belə, ancaq işçilərlə mübahisələr aparmış və öz əmək funksiyalarını yerinə yetirməmişdir. Zaurun işinin şirkətdə nədən ibarət olmasını dəqiq bilmir, o, bu barədə sənəd təqdim edə bilər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 21.04.2003-cü ildən müxtəlif yerlərdə işləmiş, sonuncu iş yeri Cavabdeh MMC-dir. İddiaçı həmin MMC-də 01.07.2013-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. Cavabdeh MMC-nin 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmrinə əsasən İddiaçı 08.01.2021-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə əsasən inzibati təsərrüfat işləri üzrə menecer vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas olan sənədlərdə - İddiaçı 05 yanvar 2021-ci il tarixdə saat 13:00-dan etibarən iş gününün sonuna qədər və 06 yanvar tarixdə saat 09:30-dan 13:00-dək işdə olmaması, olduğu vaxtda isə vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməsi, 07 yanvar 2021-ci il tarixdə isə işə gəldikdə, yenə də vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməsi qeyd olunmuşdur. Cavabdeh şirkət tərəfindən bu barədə 05 yanvar 2021-ci il tarixli, 06 yanvar 2021-ci il tarixli və 08 yanvar 2021-ci il tarixli aktlar tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı 05 yanvar 2021-ci il tarixdə cavabdehə müraciət edərək, məzuniyyətə buraxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması aydın formada öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Lakin işin faktiki hallarından (təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından) göründüyü kimi, iddiaçı öz üzərinə düşən əmək funksiyalarını yerinə yetirmiş, aktların tərtib edildiyi tarixlərdə iş yerində olmuş, işin ahəngini pozmamışdır. İşəgötürən tərəfindən ona qarşı edilən haqsızlığa görə 102 xidmətinə, X4 Xidmətinə müraciət etmişdir. Bundan başqa, X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən cavabdehin direktoru Y.A.Brenneysenin barəsində 11 fevral 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, törədilmiş inzibati xətanın mahiyyəti (İXM-in 192.4cü maddəsi) göstərilmişdir. Belə ki, İddiaçı son haqq-hesabının ödənilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Həmin protokola istinad edilməklə, cavabdehin direktoru Y.A.Brenneysenin barəsində 01 mart 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, sonuncu İXM-in 192.4-cü maddəsinə əsasən 700 manat inzibati cərimə edilmişdir. Yuxarıda qeyd edilən qərardan Y.A.Brenneysen tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 3(006)-1041/2021 saylı qərarı ilə şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçının üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi, bütün iş günü işə gəlməməsi kimi hallar öz təsdiqini tapmamış, onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İş materiallarına əlavə olunmuş izahatlardan və ödəniş qəbzlərindən görünür ki, iddiaçı öz əmək funksiyalarını qüsursuz yerinə yetirmiş, cavabdehə aid kommunal və sair ödənişləri vaxtında ödəmiş, ofisi daim nəzarətdə saxlamış, ofisin damını, həyətini və yağış sularının axıdılması üçün boruları yarpaqlardan təmizləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrdən görünür ki, İddiaçı barəsində 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmr iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin «ç» bəndinə, həm də 72-ci maddəsinin «a» bəndinə istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin «a» bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin «ç» bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə işin araşdırılış halları üzrə bu nəticəyə gəlir ki, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, əmək vəzifələrini pozmamış, barəsində əmrin verilməsinə əsas kimi göstərilən aktlarda qeyd olunan vaxtlarda iş yerində olmuşdur. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı – Cavabdeh MMC-nin inzibati təsərrüfat işləri üzrə meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli və ona 08.01.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı – Cavabdeh MMC-nin inzibati təsərrüfat işləri üzrə meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin. İddiaçı 08.01.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2311/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2311/2021
17.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver