Məhkəmə qərarları › İş №2(006)-2323/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2323/2025

13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2323/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqlədirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də aylıq 250 manat əməkhaqqı müqabilində vaxtamuzd olaraq, müddətsiz əmək müqaviləsi bağlanılmışdır. 2024-cü ilin sentyabr ayından iş yeri bağlanıldığı üçün iş dayanmışdır. Bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi əmək müqaviləsinə xitam verilməmişdir. Halhazırda başqa bir işə qəbul olmaq istəyir. Lakin cavabdehlə aralarında bağlanan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməməsi səbəbindən o, yeni işlə əlaqədar əmək müqaviləsi bağlaya bilmir. O, cavabdehin hüquqi ünvanına, yəni ünvan 1 edərək əmək müqaviləsinə xitam verilməsini tələb etmək istəmişdir. Lakin həmin ünvanda heç kim olmamış, yəni ünvan cavabdehə aid deyilmi. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək həmin əmək müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Lakin X1 Xidməti Bakı şəhər İdarəsidən onlar tərəfindən həmin əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı bildirilmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin rəsmi ünvanına pretenziya məktubu ünvanlamışdır. Lakin cavabdeh həmin ünvanda olmadığı üçün məktub özünı geri qayıtmışdır. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf gəlmədiyi üçün mediasiya təşkilatında mübahisə öz həllini tapmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı usta vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli pretenziya məkubu ilə İddiaçı tərəfindən "xxxx" MMC-dən aylıq 250 manat əməkhaqqı müqabilində vaxtamuzd və müddətsiz olaraq bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi tələb edilərək, əks təqdirdə yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00113 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş mediasiya sessiyasında yalnız İddiaçı iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. Göründüyü kimi, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar