Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-234/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilmə” tələbinə dair; Müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X5 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “miras əmlakdan paylarının müəyyən edilərək həmin hissələrə uyğun payların qeydə alınmasının cavabdehə həvalə edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 MTK tərəfindən kooperativin üzvlüyünə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 aprel 2021-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə X1 arasında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı- Masazır Şossesi ünvanında yerləşən, "xxxx" MTK-ya məxsus olan yaşayış binasının 1-ci girişin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı, 15 saylı mənzilin "Payçı"-ya verilməsi barədə müqavilə bağlanmışdır. Mənzilin dəyəri 56.129 manat müəyyən edilmişdir. İlkin olaraq xx.xx.2021-ci il tarixdə 16900 manat ödəniş edilmişdir və tərtib edilmiş aylıq ödəniş cədvəli üzrə hər ay 1090 manat ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, bu mənzili faktiki olaraq özü alıb və ilkin ödəniş kimi ödənilmiş vəsait tərəfindən ödənilmişdir. Həmçinin aylıq ödəniş cədvəli üzrə də hər ay 1090 manat xx.xx.2021-ci il tarixdən başlayaraq tərəfindən ödənilmişdir və cədvəldə təhvil verdi qrafasında olan imzalar ona məxsusdur. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğlunun vəfat etməsinə baxmayaraq, həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində aylıq ödənişlər həyata keçirilmiş, mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Kooperativin üzvü olan oğlunun vəfatı ilə bağlı olaraq o, "xxxx" Kooperativinə ərizə ilə müraciət edərək kooperativin üzvlüyünə qəbul edilməyini xahiş etmiş, lakin heç bir tədbir görülməmişdir. Verilmiş cavabda mənzilin onun adına keçirilməsi üçün məhkəmə qərarının şirkətə təqdim edilməsinin zəruri olduğu göstərilmişdir. İşin faktiki hallarından da görünür ki, oğlunun sağlığında da bu mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Yalnız müqavilə oğlu tərəfindən imzalanmışdır. Həmçinin kommunal xərclər də onun tərəfindən ödənilmişdir və ödənilir. Cavabdeh tərəfindən bu amillər nəzərə alınmaqla o, kooperativə üzv qəbul edilməli idi və onun kooperativə üzv qəbul edilməyini mümkünsüz edən hallar mövcud deyildir. Lakin kooperativ üzvü öldüyündən bu hüququn həyata keçirilməsi mümkünsüzdür və gələcəkdə mənzilin üzərində hüquqların qeydiyyata alınması üçün onun kooperativə üzv qəbul edilməyi vacibdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X10 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “miras əmlakdan paylarının müəyyən edilərək həmin hissələrə uyğun payların qeydə alınmasının cavabdehə həvalə edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X3 miras qalmış əmlakların - Cavabdeh1 MTK ilə mərhum həyat yoldaşı X9 arasında Abşeron rayonu Saray qəsəbəsi Novxanı- Masazır şossesi ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus olan yaşayış binasının 1-ci girişin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 15 saylı mənzilin 5/8 hissəsinə onun, 1/8 hissəsinə oğlu X5, 1/8 hissəsinə İddiaçı və 1/8 hissəsinə Cavabdeh2 paylarının müəyyən edilərək, həmin əmlak üzərində pay hüquqlarının MTK-da qeydə alınmasının Cavabdeh1 MTK-ya həvalə edilməsi, onun oğlu X10 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinə Cavabdeh2 və Cavabdeh1 MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilmə” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh1 MTK ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə görə MTK-nın sədri Abşeron rayonu Saray qəsəbəsi Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus olan yaşayış binasının 1-ci girişin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 15 saylı mənzili payçıya verməyi öhdəsinə götürmüş, payçı isə öz növbəsində müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəniş cədvəlinə əsasən ödəmək, qalan hissəsini 36 ay müddətinə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Payçının bu müqavilədə nəzərdə tutulan 15 saylı mənzilə görə hissə-hissə ödədiyi məbləğ onun ümumi məbləğinə aid edilmişdir. Bu müqavilə ödəniş cədvəli olmadan etibarsız sayılır. Mənzilin ümumi sahəsi 81.84 kv.metrdir. Mənzilin yan divarları (çöl divarlar bütöv, qonşuya düşən hissəsinin isə yarısı) və daxildəki arakəsmələr ümumi sahəyə aiddir. - Ödəniş cədvəlinə görə müqavilə ilə təhvil verilməli olan mənzilin ümumi dəyəri 56129 manat olmaqla, ilkin ödəniş olaraq 16900 manat, qalan məbləğin isə hissə-hissə aylıq 1090 manat ödəniş şəklində xx.xx.2024-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 523531 saylı nikah haqqında şəhadətnamənin surətinə görə X9 ilə X4 arasında nikah xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1349 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. - AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə görə X9 ilə X2 birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X10 adlı övladları dünyaya gəlmişlər. - AZ-İİ seriyalı 385495 saylı ölüm haqqında şəhadətnaməyə görə X9 bədən səthinin 80-89% sahəsinin termiki yanığı səbəbilə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 34 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna görə vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə vəfat etmiş ünvan 3i ünvanında qeydiyyatda olmuş (Bakı şəhəri Sadıqcan küçəsi Göz xəstəxanasında yaşamış) xx.xx.1993-cü il təvəllüdlü X6 adına vərəsəlik işi açılmışdır. Bununla bağlı müraciət etmiş vərəsələr – anası İddiaçı; - X8 və X7r. - Bakı şəhəri 34 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 miras qoyan X3 miras qalmış əmlakdan ona çatası payını İddiaçı bağışlamışdır. - Cavabdeh1 MTK-nın xx.xx.2024-cü il tarixdə verdiyi maliyyə arayışına görə X9 ilə Cavabdeh1 MTK arasında xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu Saray qəsəbəsi Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış kompleksində 1-ci girişin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 81.94 kv.metr olan 15 saylı mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda payçının MTK-ya mənzil üzrə borcu yoxdur. - Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı məktubuna görə X6 Cavabdeh1 MTK-da adına olan mənzilin İddiaçı adına keçirilməsi üçün müvafiq məhkəmə qərarının şirkətə təqdim edilməsinin zəruri olduğu bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünən odur ki, X9 ilə Cavabdeh1 MTK arasında 08 aprel 2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında MTK Abşeron rayonu Saray qəsəbəsi Novxanı-Masazır şossesi ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus olan yaşayış binasının 1-ci girişin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı 15 saylı mənzili payçıya verməyi, payçı isə müqavilənin bağlandığı andan aldığı mənzilin dəyərini ödəniş cədvəlinə əsasən ödəmək, qalan hissəsini 36 ay müddətinə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilə ilə X9 MTK-da payçı olaraq üzvlüyə qəbul edilmişdir. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyi ərəfədə S.Cəfərov vəfat etmiş, lakin bundan sonrakı dövrdə ödənişlər eynilə həyata keçirilmişdir ki, MTK təqdim etdiyi arayışla mənzilin ümumi dəyərinin tam şəkildə ödənildiyini bildirmişdir. Yəni mənzilin dəyərinin ödənildiyi mübahisə yaradan məsələ deyil. Hazırki iddia tələbi ilə müraciət edən mərhum X6 anası İddiaçıdır. İddiaçının bildirdiyinə görə baxmayaraq ki, müqavilə oğlu ilə bağlanıb, mənzilin ümumi dəyəri onun tərəfindən ödənilib. Lakin MTK onu üzvlüyə qəbul etmir. İddiaçının MTK-nın üzvlüyünə qəbul edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. - 109-cu maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. - 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. - 109-3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. - 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. - 111.3.3-cü maddəsinə əsasən kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 6.0.9-cu maddəsinə əsasən mənzil qanunvericiliyi mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri ilə bağlı münasibətləri tənzimləyir. - 109-cu maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.... - 110-cu maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyadan olan vətəndaşların Azərbaycan Respublikasının dövlət orqanları və ya bələdiyyələrin dəstəyi ilə təşkil edilən mənzil-tikinti kooperativlərinə üzv olmaqda üstünlük hüququ vardır. Qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənzil-tikinti kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti kooperativindən çıxmaq hüququ vardır. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir. Qeyd edilməlidir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarına görə mənzil-tikinti kooperativi dedikdə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi başa düşülür. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər qanunvericiliklə xüsusi olaraq tənzimlənir. Qeyd edilməlidir ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki, bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır. Hazırda iddiaçı məhkəmə qərarı əsasında kooperativin üzvlüyünə qəbul edilməsini xahiş etsə də, göründüyü kimi, qanunvericiliyin tələblərinə əməl etməmiş və üzvlüyə qəbul edilməsi məsələsinə kooperativin üzvlərinin ümumi yığıncağında baxılmalı olmasını nəzərə almamışdır. İşdə olan məktubla bağlı isə qeyd edilməlidir ki, həmin məktubla mənzilin məhkəmə qərarı olmadan iddiaçının adına keçirilməsinin mümkün olmadığı bildirilmiş, lakin İddiaçı müraciəti əsasında ümumi yığıncağın təşkil olunması, bu məsələnin ümumi yığıncağın müzakirəsinə çıxarılması, ümumi yığıncağın qərarı əsasında iddiaçının üzvlüyə qəbul edilməsinin mümkünlüyü məsələsinə baxıldığı işdə olan sənədlərin məcmusu ilə müəyyən olunmur. Belə olduğu təqdirdə iddiaçını mənzil tikinti kooperativinin üzvlüyünə qəbul etmək bilavasitə kooperativin müstəsna səlahiyyətinə aid olduğu üçün hazırki məqamda iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə icraata qəbulundan imtina edilməli, iddiaçıya məsələ ilə bağlı kooperativə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. - 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan əlavə məhkəmə mülki qanunvericiliyin mülki hüququn subyektləri kimi kooperativ üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verməsini və kooperativ üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququnun mövcud olmasını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı üzvlüyə qəbul edilməsi ilə əlaqədar kooperativə müraciət edərək, ümumi yığıncağın çağırılmasını tələb etmək, bu hüququ həyata keçirilmədiyi təqdirdə, ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın keçirilməsinin nəticəsinə dair qərarın məhkəmə qaydasında mübahisə etmək kimi hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilmə” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-234/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-234/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver