Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2352/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı A.S.A. oğlunun cavabdeh *** notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı A.S.A. oğlu cavabdeh *** notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X1 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnovka-2 bağ sahəsindəki 992 saylı bağ sahəsinə cavabdeh tərəfindən onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddiaçı iddia ərizəsində notariat ofisinə yazılı formada müraciət edilməklə şəhadətnamənin verilməsini tələb etdiyini, lakin 54 saylı Notariat ofisinin şəhadətnamənin verilməsindən imtina etdiyini qeyd etməsinə baxmayaraq bu barədə müvafiq sənədi, başqa sözlə iddiaçı məsələnin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədi iddia ərizəsi əlavə etməmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ının 2-ci maddəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. “Notariat Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Həmin Qərardan hakim İ.Nəcəfovun 26 iyul 2021-ci il tarixli xüsusi rəyində göstərilmişdir ki, Mülki Məcəllənin “Vərəsəlik şəhadətnaməsi anlayışı” adlanan 1321-ci maddəsinin birinci bəndinə əsasən, “vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsini tələb edə bilər”. Notarius və ya notariat orqanları tərəfindən vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilmədiyi halda maraqlı şəxs məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, A.S.A. oğlu şəhadətnamənin verilməsi ilə bağlı ilk öncə notariat ofisinə müraciət etməklə, müraciəti müsbət nəticələnmədiyi halda müvafiq qərardan məhkəməyə şikayət verməli olduğu halda, o şəhadətnamənin verilməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki-prosessual qanunvericiliyə əsasən tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-in 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Hazırkı iddia ərizəsindən görünür ki, A.S.A. oğlu *** Notariat Ofisini cavabdeh qismində göstərərək, cavabdeh tərəfindən şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarılmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş 25.04.23-cü il tarixli qəbz № 23084-dən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə 100 manat ödənilmişdir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində ona geri qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: A.S.A. oğlunun cavabdeh *** notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin alınması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. A.S.A. oğluna izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsinə görə A.S.A. oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, 25.04.23-cü il tarixli qəbz № 23084) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən A.S.A. oğluna qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-2352/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2352/2023
01.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver