Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2364/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nin rəhbəri X9 dəfələrlə onunla olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etsə də, Cavabdeh MMC-nin rəhbəri X11 tərəfindən həmin müqaviləyə xitam verilməmişdir. Buna görə də iddiaçı məcburən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmiş, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsi və 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə istinad olunaraq, işəgötürən tərəfindən vəzifəsi icra edilmirsə və ya icra edilməsi mümkün deyilsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbinin irəli sürülməsi bildirilmişdir. İddiaçı mübahisə ilə əlaqədar Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən icra edilməlidir. Əgər onun işəgötürən tərəfindən icrası mümkün deyildirsə (direktor vəfat etdikdə və ya ölkə xaricində olduqda) və ya hansısa formada bundan boyun qaçırırsa, məhkəmə qətnaməsi əsasında əmək müqaviləsinə xitam verilməsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X8 Xidmətinə həvalə edilməsi mümkündür. Belə olan halda iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, məktubda qanunvericiliyin müvafiq normalarına istinad edilərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya məhkəməyə müraciət edilməli olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 Cavabdeh MMC-nin icraçı direktorudur. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnternet Vergi İdarəsi”nin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən əldə olunan məlumatlardan görünür ki, X11 Cavabdeh MMC-nin qanuni təmsilçisidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əsas iş yeri üzrə Cavabdeh MMC-də baş satış nümayəndəsi vəzifəsinə qəbul olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bununla yanaşı, həmin bildirişdən görünür ki, X2 əməyinin işəmuzd əsaslarla ödənilməsi müəyyən edilmiş və aylıq əmək haqqının məbləği 500 manat təşkil etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 370485 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 Əsədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixində dövlət sərhədindən çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə görə, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Sözügedən Məcəllənin 42-ci maddəsinin tələbinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Sözügedən Məcəllənin 69-cu maddəsinin 1-2-ci hissələri ilə müəyyən edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Talıbova (Əsədova) Elvina Adil qızı xx.xx.2017-ci il tarixdə əsas iş yeri üzrə Cavabdeh MMC-də baş satış nümayəndəsi vəzifəsinə qəbul olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində Cavabdeh MMC-nin icraçı direktoru X11 işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət olunmuş, lakin sözügedən orqan bununla bağlı işəgötürənə və ya məhkəməyə müraciət edilməsinin qanunvericiliyə uyğun və məqsədəmüvafiq olduğu barədə iddiaçıya məlumat vermişdir. Həmçinin, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla yanaşı, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti məhkəmənin sorğusuna cavab olaraq, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixində dövlət sərhədindən çıxışının qeydə alınmasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədilə iddia tələbi təmin edilməli və iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, işçinin ərizəsi əsasında işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda, bunu etməmiş, bununla da əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də işçinin əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Həmçinin, işəgötürən müəssisədə işçilərlə əmək müqavilələrini bağlamaq, dəyişdirmək və xitam vermək səlahiyyətinə malik olan icraçı direktor vəzifəsində işləyən X11 ölkə xaricində olduğundan, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi tələbi də tam əsaslıdır və təmin edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2364/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2364/2022
20.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver