Məhkəmə qərarları › İş №2(006)-2365/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2365/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2365/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İbadzadə Anar Qənimət oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair ərizə (kiçik iddia) ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə İddiaçı ASC-nin nümayəndəsi Faiq Kazımov tərəfindən imzalansa da, iş materiallarına Faiq Kazımovun imzalama səlahiyyətini müəyyən edən İddiaçı ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən imzalanmış xx xxx 2017-ci il tarixli № 261 saylı və xx xxxxxx 2015-ci il tarixli № 28 saylı əmrlərin lazımi qaydada təsdiq olunmamış ksero surətləri əlavə edilmişdir. Həmçinin ərizə İddiaçı ASC-yə məxsus blankda tərtib edilməmiş və möhürlənməmişdir. Belə olan halda ərizəni imzalayan fiziki şəxsin həqiqətən də İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi olmasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələblərinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2003-cü il tarixli № 935 saylı Fərmanının “sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər”ini müəyyən edən 3-cü bölməsinin 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin Fərmanın 32-ci bəndinin tələblərinə görə əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışında Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması göstərilsə də, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində olan «Şəxsiyyət vəsiqəsi məlumatları haqqında» elektron portalda Cavabdeh barəsində heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmaq, məhkəmə sənədlərinin ona çatdırılmasını təmin etməkdə çətinliklər yaranacaqdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-in tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar