Məhkəmə qərarları › İş №2(006)-2365/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2365/2023

20.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2365/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı. Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrilərinə qarşı əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Tovuz Rayon Elektrik Şəbəkəsinə, X1rşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli k/22-0599 saylı əmrin etibarsız sayılmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrilərinə qarşı əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Tovuz Ərazi Elektrik Şəbəkəsi ilə aralarında bağlanmış 468 saylı X6 və izolyasiya xidmətinə usta vəzifəsinə təyin edilmişdir. 11 il fasiləsiz olaraq həmin vəzifədə işləyəndən sonra ixtisara düşmüşdür. xx.xx.2018-ci il tarixində müəssisənin K/8-016 saylı əmrinə əsasən, X5 Yarımstansiyalar üzrə 110/35/6 kv-luq Tovuz yarımstansiyasına növbətçi elektrik ustası vəzifəsinə yenidən təyin edilmişdir. İşlədiyi müddətdə heç vaxt hər hansı bir nöqsanı olmamışdır, hər zaman xidmətinə görə nümunəvi işçi olmuşdur. Həmişə iş yerinin qaydalarına əməl edərək, işinin öhdəsindən layiqincə gəlmişdir. Bunu bir yerdə işlədiyi yoldaşlar da təsdiq edə bilər. xx.xx.2022-ci il tarixində səhər saatlarında şəbəkənin Gəncə Dispetçer Xidmətindən Tağıyev və İlqar Kərimov adlı rəhbər şəxslər tərəfindən ona göstəriş gəlmişdir ki, yarımstansiyanın 110 kv-luq hissəsində əməliyyat olunmalıdır. O, da əmrə tabe olarag istismara yararsız olan naqillər üzərində əməliyyatı yerinə yetirməli olmuşdur. Həmin vaxt işığın verilişində 7-8 saniyəlik fasilə yaranmışdır. Qeyd etmişdir ki, işığın sönməsi onun günahı deyildir. Yarımstansiyada Bölmələrarası paralelləşmə olmadığı səbəbindən bu hadisə baş vermişdir. Əməliyyatı icra edən zaman Şəbəkənin yenicə təyin olunmuş rəisi Mehman Xəlilov ona zəng edərək bildirmişdir ki, dərhal əməliyyatı saxlasın. O isə həmin an bunu edə bilməzdi. Sonra şəbəkə rəisi onu yanına çağıraraq dərhal öz xahişi ilə ərizə yazaraq işdən çıxmasını tələb etmişdir. O, güya onu yeni vəzifəyə - yarımstansiyada paylayıcı usta vəzifəsinə təyin edəcəyinə vəd edərək ərizəni yazdırmışdır. O, da inanıb dediyi kimi etmişdir, yəni öz xahiş ilə işdən azad olunmasına dair ərizə yazmışdır. Beləliklə, Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, xx.xx.2022-ci il tarixli K/22-0599 saylı Əmrlə (öz xahişi ilə) əmək müsaviləsinə xitam verilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun yeni vəzifəyə təyin olunması boş vəddən başqa bir şeş deyildir. Hesab etmişdir ki, X8 X7 Şəbəkəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Eyni zamanda bir işçi olaraq onun hüquqları da pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, 11 il fasiləsiz olaraq yarımstansiyada elektrik ustası vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində hər hansı nöqsanı olmamışdır. Edilmiş təzyiqlər nəticəsində öz ərizəsi əsasında işdən azad olunmuşdur. Daha sonra onu başqa yarımstansiyada paylayıcı ustası vəzifəsinə təyin edəcəklərini bildirsələr də, bu günə kimi onu həmin vəzifəyə təyin etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələblərini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı öz arzusu ilə işdən azad olunması barədə ərizə təqdim etmiş və bunun əsasında işdən azad olunmuşdur. Onun iddia tələbində göstərdiyi dəlillərə dair sübut təqdim etməmişdir və odur ki, onların heç bir hüquqi əsası yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı adına xx.xx.1987-ci il tarixdə açılmış əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Qərb RETSİ-nin X5 YG Yarımstansiyalar üzrə 110/35/6 kv Günəşli y/st-na növbətçi elektrik montyoru təyin edilmiş, xx.xx.2018-ci il tarixdən Tovuz EŞ-nın YG yarımstansiyalar üzrə 110/35/6 kv-luq Tovuz yarımstansiyasına növbətçi elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başqa müəssisədə işə getdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/22-05951 saylı əmrin surətindən görünür ki, həmin əmr Qərb RETSİ-nin X5 YG Yarımstansiyalar üzrə növbətçi elektrik montyorunun əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2022xx.xx.2022-ci iş ilinə görə 14 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzinin və əmək haqqı) ödənilməsinin təmin edilməsi haqqında verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsinə əsas iddiaçının öz təşəbbüsü olmuş, o, işəgötürənə yazılı ərizə ilə müraciət etməklə “başqa müəssisədə işə getdiyinə görə” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bunun əsasında da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının işəgötürən tərəfindən ona qarşı təzyiqlər və hədə-qorxu edilməklə iradəsinin əleyhinə ərizə yazması dəlilləri işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsinə dair "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/22-05951 saylı əmrinin etibarsız sayılmaqla ləğv edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-in217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrilərinə qarşı əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar