Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2376/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 766 manat 52 qəpik verdikləri bilet pulu, 10.000 manat deliktdən irəli gələn zərər, 30 manat dövlət rüsumu, ümumlikdə 10.696.52 manatın onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin 02 mart tarixinə onlar iki, İddiaçı1 və İddiaçı1 qızı İddiaçı2 ALDE-TUR şirkətindən Kiyev şəhərinə uçmaq üçün aviobilet almışdırlar. O, Ağayeva X1 Odesa şəhərində Universitetdə oxuduğu üçün ana-bala Ukraynaya gedirdilər. Onların biletinin qiyməti 383.26 manat təşkil edirdi. İki biletin qiyməti 766 manat 52 qəpik təşkil etmişdir. Onlar Bakı Hava Limanına gələndə onlara bildirdilər ki, panedmiya xəstəliyi ilə əlaqədar uçuşlar dayandırılıb və onların pulları qaytarılacaq. Üç ildən çoxdur o, İddiaçı1 müxtəlif idarə təşkilatlara müraciət edir ki, ALDE-TUR şirkəti onların pullarını qaytarsın. Əvvəl ALDE-TUR şirkəti deyirdi ki, pulumuzu qeytaracaqlar. Onları get-gələ salırdılar. Sonra isə bildirdilər ki, Ukraynada müharibə gedir və ona görə Ukrayna Avia şirkəti işləmədiyi üçün pullar verilmir. Ukraynada müharibə qurtarandan sonra pulların qaytarılması məsələsinə baxılacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842-ci maddəsinə əsasən cavabdeh onların Kiyev şəhərinə uçmaqlarını təmin etməli idi. Cavabdeh ALDE-TUR şirkəti bunu etməmişdir və bunu da Ukraynanın Avioşirkəti tərəfindən uçuşu təmin etməməsi səbəbini göstərir. Qeyd etməldirlər ki, onlar Ukrayna Avia şirkəti ilə müqavilə bağlamışlar. Onlar aviabilet alanda müqaviləni ALDE- TUR şirkəti ilə bağlamışlar. ALDE-TUR şirkəti bu gün də fəaliyyət göstərir, özü də çox müvəfəqiyyətlə işləyir. Onlar pullarını ALDE-TUR şirkətindən istəyirlər, ALDE-TUR şirkəti reqres qaydasında Ukrayna Avia şirkətinə müraciət edə bilər, bu onların işidir. Onlar Ukrayna şirkətindən bilet almamışdırlar. Biletləri Azərbaycanda fəaliyyət göstərən və Azərbaycanda hüququ şəxsi kimi geydyiyatdan keçən və özü də yuxarıda qeyd etdikləri kimi çox müvəffəqiyyətlə fəaliyyət göstərən şirkətlə müqavilə bağlamışdırlar. Müqaviləni icra etməlidirlər. Onlar 776 manat 52 qəpik pul vəsaiti ilə yanaşı cavabdeh onlara mülki hüquq pozuntularından (deliklərdən) əmələ gələn öhdəliklərini yerinə yetirmədiyi üçün dörd il onlarıget-gələ saldığı üçün onlara zərər vurmuşdur. Onlar bu zərərin dəyərini 10.000 manat dəyərləndirirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, pul onlarda deyil, aviadaşıyıcı şirkətindədir. Forsmajor hallar baş vermişdi, ilk öncə pandemiya, daha sonra isə Rusiya-Ukrayna müharibəsi. Xanım onların müştərisi olmayıb, sadəcə 2020-ci ildə yaxınlaşaraq bilət istəmişdi, şirkətdə bilet satmışdır. Onlar sadəcə komisyonçudurlar və biletdən 20-30 manat gəlirləri olur. Pandemiya bitdikdə AZAL pulları qaytardı, lakin daha sonra müharibə başladı. Bunları nəzərə almaqla, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSCnin İddiaçı1 ünvanladığı məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təkrarən ünvanladığınız 30 avqust 2023-cü il tarixli № 132/1-A-1301/2023 saylı məktubunuza cavab olaraq bildirmək istəyirlər ki, təqdim etdikləri onun və İddiaçı2 adına rəsmiləşdirilən aviabiletlərin "X4"na məxsus olduğundan aidiyyatı üzrə "X4"na müraciət etməklərini tövsiyə edirlər. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının İddiaçı1 ünvanladığı 17 avqust 2023-cü il tarixli məktubundan görünür ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Mülki iş materiallarında olan DİN Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qızları İddiaçı2 və özünə Kiyev şəhərinə getmək üçün xx.xx.2020-ci il tarixdə "Aide Tur" şirkətindən 766 manat 46 qəpik ödəməklə bilet alması, lakin pandemiya ilə bağlı uçuşların təxirə salınması, biletlərin pulunun qaytarılmaması və tədbir görülməsi barədə Nəsimi rayon Prokurorluğuna etdiyi müraciətininə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində baxılmışdır. Bildiririk ki, qeyd olunan xüsusatlarla bağlı müvafiq qanunvericiliyə əsasən "Aide Tur" şirkəti barədə məhkəməyə müraciət etməkləri məqsədə müvafiqdir. Mülki iş materiallarında olan şikayətlərdən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının Prezidentin Administrasiyasına və Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə şikayətlərlə və həmçinin "xxxx" Şirkətinə müraciətlər etmişdir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı1 məxsus 566 ********** saylı və İddiaçı2 məxsus 566 ********** saylı biletlərin hər birinin qiymətləri 383.26 manat təşkil edir. Mülki iş materiallarında olan "xxxx" Şirkətinin X4na müraciətindən görünür ki, "xxxx" Şirkəti aviaşirkətin pul vəsaitlərinin nə vaxt tam geri qaytarılacağı barədə məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Mülki iş materiallarında olan "xxxx" Şirkətinin elektron müraciətinə cavabdan görünür ki, Ukraynada hərbi vəziyyətin uzadılması ilə əlaqədar aviaşirkətin fəaliyyəti xx.xx.2022-ci il tarixinə qədər dayandırılıb, əməkdaşlar işləmir. Bütün geri qaytarma əməliyyatları Ukraynada müharibə bitdikdən sonra növbə ilə BSP vasitəsi ilə həyata keçiriləcək. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ALDE-TUR şirkətindən Kiyev şəhərinə uçmaq üçün aviobilet almışdırlar. Lakin, onlar Bakı Hava Limanına gədəndə onlara bildirmişdirlər ki, pandemiya xəstəliyi ilə əlaqədar uçuşlar dayandırılıb və onların pulları qaytarılacaqdır. Daha sonra iddiaçı ALDE-TUR şirkətinə müraciət edərək, ümumi dəyəri 766.46 manat olan aviabiletlərin pulunun geri qaytarılmasına yardım edilməsini xahiş etmişdir. Bununla bağlı "xxxx" Şirkəti X4na müraciət edərək, aviaşirkətin pul vəsaitlərinin nə vaxt tam geri qaytarılacağı barədə məlumat verilməsini xahiş etmişdirlər. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Ukraynada hərbi vəziyyətin uzadılması ilə əlaqədar aviaşirkətin fəaliyyəti xx.xx.2022-ci il tarixinə qədər dayandırılıb, əməkdaşlar işləmir. Bütün geri qaytarma əməliyyatları Ukraynada müharibə bitdikdən sonra növbə ilə BSP vasitəsi ilə həyata keçiriləcəkdir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırda iddiaçılar tərəfindən ödənilmiş 776,52 qəpik məbləğində pul vəsaiti "xxxx" Şirkətində deyil, aviadaşıyıcı şirkətindədir. İş materiallarına da əlavə edilmiş sənədlərdən görünür ki, biletlər "X4"na məxsusdur və şirkət hər biletdən cüzi miqdarda gəlir götürür. İddiaçılar bilet alındıqdan sonra ilk öncə pandemiya, daha sonra isə Rusiya-Ukrayna müharibəsi başlamışdır. "xxxx" Şirkətinin müraciətlərinə cavablardan da görünür ki, Ukraynada hərbi vəziyyətin uzadılması ilə əlaqədar aviaşirkətin fəaliyyəti dayandırılıb, əməkdaşlar işləmir. Bütün geri qaytarma əməliyyatları Ukraynada müharibə bitdikdən sonra növbə ilə BSP vasitəsi ilə həyata keçiriləcəkdir. Bu halda iddiaçının maddi tələblə cavabdeh "xxxx" Şirkətindən pul tələb etməsi əsassız olmuşdur. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2376/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2376/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver