Məhkəmə qərarları › İş №2(006)-2382/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2382/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2382/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borc tələbi»nə dair ərizə (kiçik iddia) ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə İddiaçı ASC-nin nümayəndəsi Faiq Kazımov tərəfindən imzalansa da, iş materiallarına Faiq Kazımovun imzalama səlahiyyətini müəyyən edən İddiaçı ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən imzalanmış xx xxx 2017-ci il tarixli, № 261 saylı və xx xxxxxx 2015-ci il tarixli, № 28 saylı əmrlərin lazımi qaydada təsdiq olunmamış ksero surətləri əlavə edilmişdir. Həmçinin ərizə İddiaçı ASC-yə məxsus blankda tərtib edilməmiş və möhürlənməmişdir. Belə olan halda ərizəni imzalayan fiziki şəxsin həqiqətən də İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi olmasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələblərinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2003-cü il tarixli № 935 saylı Fərmanının “sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər”ini müəyyən edən 3-cü bölməsinin 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin Fərmanın 32-ci bəndinin tələblərinə görə əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-in tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «İddiaçı ASC-nin Cavabdeh qarşı «borc tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar